Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:51

Xanımının qətlində suçlanan hakim: '14-yaşlı oğlumu 8 saat dindiriblər...'


Fəqan Əhmədov
Fəqan Əhmədov

Sabunçu rayon Məhkəməsinin hakimi, həyat yoldaşını qətlə yetirməkdə suçlanan Fəqan Əhmədov məhkəmə qarşısına çıxarılıb. Onun işinə vaxtilə məhkəmə-iclas katibi işlədiyi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

"Bədbəxt hadisədir"

Avqustun 26-da məhkəmədə ifadə verən Əhmədov qəsdən adam öldürmə ittihamı üzrə özünü təqsirli bilməyib. Deyib ki, ov tüfənginin qoruyucusu bağlı olmalıydı, lakin açıq qalıb. Ehtiyatsızlıqdan tüfəngdən açılan güllə həyat yoldaşı Pərvanə Əhmədovaya dəyib.

Zərərçəkmişin hüquqi varisi qismində dindirilən Süleyman Quliyev kürəkənindən şikayətçi olmadığını bildirib. O, bundan öncə Baş prokurora məktubunda da yazıb ki, qızının üç övladı qalıb. Uşaqların böyüyünün 14, kiçiyinin isə üç yaşı var.

"Mənim 71 yaşım var. Həyat yoldaşımın da səhhətində problemlər var. Fəqan Əhmədovun anası da yaşlı adamdır. Bizim o üç uşağı böyüdüb, boya-başa çatdırmaq imkanımız yoxdur. Bu, qızımın ailəsində baş vermiş bədbəxt hadisədir. Xahiş edirəm, uşaqların vəziyyətini nəzərə alasınız", – zərərçəkənin sözləridir.

"Bir ay oğlumu psixoloq yanına aparıblar"

Şahid qismində tanınan və istintaqda dindirilən şəxslərdən yalnız təqsirləndirilən hakimin 14-yaşlı oğlu olayın şahidi olub. Amma Əhmədov oğlunun məhkəmədə dindirilməsinə etiraz edib: "Onun cəmi 14 yaşı var. Baş Prokurorluqda onu səkkiz saat dayanmadan üç müstəntiq dindirib. Bundan sonra bir ay oğlumu psixoloq yanına aparıblar, müalicə alıb. Bu hadisə onda travma yaradıb. Uşağın təkrar burada dindirilib travma almasını istəmirəm".

Vəkillər də əlavə edib ki, yaxın qohumların bir-birinə qarşı ifadə verməmək hüququ Konstitusiyada da əksini tapıb. Məhkəmə qərara alıb ki, uşağın dindirilməsi məsələsi hələlik saxlanılsın.

Hakimin bağ qonşusu olan, hadisənin baş verdiyi evin yaxınlığında yaşayan Əliəşrəf Hüseynov deyir ki, həmin gün axşam saatlarında birlikdə kabab yeyib, spirtli içki qəbul ediblər: "Axşam bizdən saat 9-a qalmış getdi, sərxoş deyildi. Hadisə barədə səhər xəbər tutdum, çünki saat 10-dan yatmışdım...".

Məhkəmə araşdırmaları davam edir.

Xatırlatma

Hadisə mayın 30-da gecə saat 23:30 radələrində Ləhiş bağlarında baş verib. 1976-cı il təvəllüdlü Fəqan Əhmədov 10 ildir ki, hakimdir. O, 2011-2016-cı illərdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim işləyib. 2016-cı ildə isə Sabunçu rayon Məhkəməsinə hakim təyin edilib. Hakimlikdən öncə isə o, uzun illər Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin köməkçisi və məhkəmə-iclas katibi işləyib.

2015-ci ilin noyabrında Nardaranda ilahiyyatçı Taleh Bağırov və tərəfdarlarının həbsi ilə nəticələnən polis əməliyyatından sonra xeyli yerli sakin də saxlanmışdı. Onların bir çoxu qanunsuz silah saxlama və s. ittihamlarla 5-6 ilə qədər azadlıqdan məhrum edilmişdi. Lakin həmin şəxslər təqsirsiz olduqlarını və barələrindəki hökmlərin ədalətsiz, əsassız olduğunu iddia edirdilər. O hökmlərin bir neçəsində Əhmədovun imzası vardı.

XS
SM
MD
LG