Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:32

HƏMAS-ın yeni lideri Yəhya Sinvar kimdir?


Yəhya Sinvar 2021-ci ildə Qəzzada keçirilən mitinqdə
Yəhya Sinvar 2021-ci ildə Qəzzada keçirilən mitinqdə

ABŞ və Avropa İttifaqı tərəfindən terrorçu təşkilat kimi tanınan HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə bu il iyulun 31-də Tehranda qətlə yetirildikdən sonra onun yerinə təyin olunmuş Yəhya Sinvarın da İranla sıx əlaqələrə malik olduğu deyilir.

Avqustun 6-dan əvvəl bu vəzifəyə namizəd kimi HƏMAS-ın keçmiş siyasi büro başçısı Xaled Meşaalın və mərhum Haniyəyə yaxın şəxs sayılan Xəlil əl-Həyyanın adları çəkilirdi.

AzadlıqRadiosunun təhlilçisi Kian Şərifi yazır ki, İran faktorunu nəzərə almayan ekspertləri 2017-ci ildən HƏMAS-ın Qəzza üzrə rəhbəri sayılan Sinvarın təyinatı təəccübləndirib.

Bunu Tel Əvivdə mənzillənmiş Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun eksperti Yohanan Tzoreff də etiraf edib:

"Fələstin məsələləri ilə məşğul olan biz ekspertlərdən heç birimiz düşünmürdük ki, Haniyəni Sinvar əvəzləyə bilər. Halbuki Sinvarın yeni lider təyin olmasının əsas səbəbi Tehrandır”.

Xaled Meşaal (solda) və İsmayıl Haniyə
Xaled Meşaal (solda) və İsmayıl Haniyə

Tzoreff deyir ki, Meşaalın 2011-ci ildə Ərəb baharı zamanı Suriya prezidenti və İranın müttəfiqi Bəşər əl-Əsədi tənqid etməsi onu İranın siyasi liderliyinin gözündən salıb.

Ekspertin fikrincə Meşaalın hakimiyyətə qayıtması Fələstin qruplaşmasının İranla münasibətlərini gərginləşdirə bilərdi.

Lakin bəzi məlumatlara görə Sinvar hazırda Qəzzada gizlənir və 2023-cü ilin oktyabrından, təşkilatın İsrailə basqınından bəri gözə dəymir. Həmin basqının məhz Sinvar tərəfindən planlaşdırıldığı düşünülür.

“Xan Yunis qəssabı”

Belçikada mənzillənmiş Beynəlxalq Böhran Qrupu Yaxın Şərq və Şimali Afrika proqramının direktoru Yost Hilterman (Joost Hiltermann) düşünür ki, Sinvarın təyinatı ilə HƏMAS-ın İranla münasibətlərində daha böyük yaxınlaşma baş verməyəcək.

Tərəfdarları arasında həm də Əbu İbrahim kimi tanınan 61 yaşlı Sinvar Qəzzada Xan Yunis qaçqın düşərgəsində doğulub.

Onun valideynləri də Haniyənin ailəsi kimi 1948-ci ildə İsrail dövlətinin bünövrəsini qoymuş Ərəb-İsrail müharibəsinə görə Aşkelon şəhərini tərk etməli olublar. Fələstinlilər bu müharibəni indiyədək “nəkba” – fəlakət adlandırırlar.

Sinvar HƏMAS-a, təşkilat 1987-ci ildə yaradılandan az sonra qoşulub və qrupun zəhmli təhlükəsizlik xidməti əl-Məcdi yaradıb.

Bu xidmətin əsas vəzifəsi təşkilatın daxilində İsrail casuslarını aşkar etməkdir. Sinvar həm də bu səbəbdən zorakı reputasiyası ilə tanınıb və “Xan Yunis qəssabı” ayamasını qazanıb.

İsrail həbsxanalarının yetişdirdiyi lider

Sinvar İsrail qüvvələri tərəfindən həbs olunaraq müxtəlif ittihamlarla çoxsaylı ömürlük həbs cəzalarına məhkum edilib. O iki İsrail əsgərinin qətlinə görə 20 ildən çox həbsxanada olub.

Hiltermanın sözlərinə görə Sinvarı da, bir çox keçmiş Fələstin məhbusları kimi İsrail həbsxanaları bərkidib.

Haniyə və Sinvar Tehranda ayətüllah Əli Xameneyinin qəbulunda. 2012-ci il
Haniyə və Sinvar Tehranda ayətüllah Əli Xameneyinin qəbulunda. 2012-ci il

Ekspert əlavə edir ki, o, həbsxanadaykən ivrit dilini öyrənib və bu ona İsrail liderlərinin düşüncə tərzindən baş çıxarmaq qabiliyyəti verib.

Hələ həbsxanada ikən Sinvar iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətil təşkil edib və məhbus fələstinlilərin liderinə çevrilib.

Hilterman deyir ki, Sinvarı HƏMAS liderliyinə bir növ İsrail həbsxanaları hazırlayıb.

Sinvar 2011-ci ildə məhbus mübadiləsi nəticəsində həbsxanadan azad olunub. O vaxt 1000 fələstinli məhbusu bir İsrail əsgərinə dəyişmişdilər.

Həbsdən azad olunduqdan az sonra Sinvar Haniyə ilə birlikdə Tehrana səfər edib və İranın ali rəhbəri ayətüllah Əli Xameneyi ilə görüşüb.

Sinvar Haniyənin xələfi elan edilən gün, avqustun 6-da Xameneyinin X platforması hesabında dərc olunmuş postda məhz həmin görüşün videosu yerləşdirilib.

İsrailin “ölmüş adam” adlandırdığı Sinvar haradadır?

Ənənəvi olaraq HƏMAS siyasi bürosunun rəhbəri xaricdə yaşayır ki, İran və Livan kimi yerlərə səfərlər edə bilsin.

Lakin bu yaxınlarda ABŞ dövlət katibi Antoni Blinken zarafatla demişdi ki, Sinvar Qəzzada 10 mərtəbə yerin dərinliyində basdırılıb və müharibəyə görə Qəzzanı tərk edə bilmir.

Tzoreff bu qənaətdədir ki, HƏMAS Sinvarı lider elan etməklə həm İrsailə, həm də ərəb ölkələrinə “təşkilatın çökmədityinə” dair güclü mesaj göndərmiş olur.

Hilterman isə deyir ki, Sinvarın özü də Qəzzanı tərk etməyə can atmır, çünki bu sektordakı fələstinlilər ona “gəminin kapitanı” kimi baxırlar.

Sinvar 7 oktyabr basqınından sonra İsrailin diqqət mərkəzindədir və İsrail ordusunun sözçüsü, kontr-admiral Daniel Haqari onu “ölmüş adam” adlandırıb.

Bu isə o deməkdir ki, Sinvarın ləğv edilməsi İsrail ordusu üçün əsas prioritet olaraq qalır.

Məhz bu səbəbdən İsrail ordusunun general-leytenantı Herzi Halevi elə avqustun 7-də bəyan edib ki, ordu Sinvarı hədəfləyəcək və HƏMAS öz siyasi bürosuna yenidən başçı axtarmalı olacaq.

XS
SM
MD
LG