Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:30

Britaniyalı polkovnik: 'Putin və generalları hansısa qələbəyə boş ümid bəsləyirlər'


Ukrayna
Ukrayna

Britaniya ordusunun polkovniki, hərbi analitik Hamiş Stiven de Bretton-Qordon (Hamish Stephen de Bretton-Gordon ) əvvəllər NATO və Böyük Britaniyanın kimyəvi, bioloji, radioloji və nüvə reaksiya qoşunlarına komandanlıq edib.

De Bretton-Qordon AzadlıqRadiosunun gürcü xidmətinə müsahibəsində Rusiya prezidenti Vladimir Putinin nüvə təhdidlərinin “əks nəticə verib-verməməsi” haqda danışıb. Ukrayna müharibəsi başa çatdıqdan sonra Rusiyanın “əhəmiyyətinin azalmasının” qaçılmaz olduğunu da qeyd edib.

De Bretton-Qordon müsahibəsində deyib: "Açığı, “Rusiyanın qələbəsi”nin necə görünəcəyini bilmirəm. Putin keçən ilin fevralında başlatdığı “xüsusi hərbi əməliyyat”ı NATO-nun genişlənməsinin, NATO-nun şərqə doğru irəliləməsinin qarşısını almaq və Ukraynanı Rusiyaya qaytarmaq niyyətilə izah edirdi. Əgər Putin hələ də buna nail olmağa çalışırsa, deməli, onun qələbə şansı yoxdur. NATO-nun genişlənməsini önləmək üçün atdığı bütün addımlar əks effekt verdi. Təkcə iki həftə əvvələ baxsaq görərik ki, Avropanın ən güclü ordusuna sahib Finlandiya NATO-ya qoşuldu..., NATO-nu Ukraynaya dəstək üçün səfərbər etdi.

...Putinin ordusu məhv edilib, onun bərpası illərlə çəkəcək. 2 min tank itirdiyi deyilir. Gerçək itki sayını əldə etmək çətindir. Britaniya hökuməti və mənim inandığım ABŞ hökuməti 220 mindən çox ölü və ya yaralı olduğunu deyir. Bu, çox böyük rəqəmdir.

Bəzi şərhçilər düşünürlər ki, bəlkə ukraynalılar danışıqlar masası arxasına keçib, Krımla bağlı danışıqlar aparsınlar. Mən qətiyyən belə düşünmürəm. Məncə, Ukrayna Prezidenti Volodimir Zelenski özü üçün zəfərin nə olduğunu çox aydın şəkildə ifadə edib – Rusiya qoşunlarını 2014-cü ilə qədərki sərhədlərə çəkməlidir. Ona görə də hesab edirəm ki, Putin və onun generalları hansısa qələbə qazanacaqlarına boş yerə ümid edirlər".

Putinin nüvə təhdidləri nəticəsiz qaldı...

De Bretton-Qordon Putinin nüvə təhdidlərinin əks nəticə verdiyini deyir, çünki münaqişənin lap əvvəlində başlayan hədələyici nüvə hücumunun ideyası NATO-nu kənarda saxlamaq idi: “Açığı, bu baş vermədi, tam əksi oldu. Onun taktiki nüvə silahlarından istifadə edəcəyinə də inanmıram... Əslində, hazırda məni ən çox narahat edən məsələ Ukraynadakı atom elektrik stansiyalarıdır. Onlar hücuma məruz qala, 1986-cı ildə Çernobılda gördüyümüzdən daha pis nüvə qəzası və bütün Avropada çirklənmə təhlükəsi yarada bilər.

...Ümumiyyətlə, Putinin təhdidləri Avropadan çox Rusiyadakı izləyicilərə fokuslanb. O, Rusiyadan kənarda qanqster, tiran kimi görünür".

Müharibənin uzadılması...

Müharibənin uzanmasının Putinin xeyrinə olduğunu deyən De Bretton-Qordon əlavə edib: "Gələn il ABŞ-da, Böyük Britaniyada, həmçinin digər Qərb ölkələrində seçkilər var və siyasətçilər öz ölkələrində yenidən seçilməkdə daha çox maraqlıdırlar. Əgər 12 aydan sonra müharibə hələ də davam etsə və heç bir irəliləyiş olmasa, bəzi ölkələrin tərəddüd etməyə başlayacağını görə bilərik. Bəlkə də Putinin ümidi elə budur.

...Başqa bir müşahidəmi də bölüşmək istəyirəm. Rusiyada analarının ayağa qalxmaması məni çox təəccübləndirir. Mənə elə gəlir ki, hərbiyə yollanan gənclərin əksəriyyəti Moskva və Sankt-Peterburqdakı elit təbəqədən deyil. Yəqin ki, şərqdə insanların sosial media ilə daha az əlaqə saxladıqları ucqar bölgələrdəndirlər...”

AzadlıqRadiosunun müsahibi əlavə edir ki, etnik azlıqlar müharibədə “top yemi” kimi istifadə olunur, Moskva Uzaq Şərqdən olan, ölkədə səsi daha az çıxan, aşağı təhsilli adamların hesabına müharibəni uzadır.

Özünü müasir Birinci Pyotr kimi görür

“Oxuyub öyrəndiklərimizdən belə çıxır ki, Putin özünü, Rusiyanın təsirini Avropanın qalan hissəsinə yaya bilən müasir Böyük Pyotr kimi görür. Və əlbəttə ki, İkinci Dünya Müharibəsində Stalinin Rusiyanı dəmir yumruqla necə idarə etdiyinə fokuslanıb. Belə görünür ki, ətrafındakı insanlar da oxşar mövqe və düşüncəyə malikdirlər...

...İndi Putinin 70 yaşı var – xəstədir, ya yox, kim bilir– amma o, həyatının sonuncu hissəsini yaşayır və yəqin ki, böyük rus liderləri kimi nəyəsə nail olmaq istəyir. Və hal-hazırda səhv yoldadır. O, [Adolf] Hitler kimi hərəkət edir və sonu da ona oxşaya bilər”, – De Bretton-Qordon sözlərinə əlavə edir.

De Bretton-Gordon Rusiyada dissidentlərin təmizlənməsi prosesisinin getdiyini deyir:

“Bütün hallarda işlər Putinin uyğun gördüyü formada davam edir. Əminəm ki, Rusiyada geniş narazılıq yaransa, insanlar kütləvi şəkildə cəbhəyə getməkdən imtina etməyə başlasa, o zaman genişmiqyaslı təmizləmə ola bilər. Altı-doqquz ay əvvəl əsas hərbi çağırış vaxtı çoxlu sayda gəncin Rusiyanı sürətlə tərk etdiyini gördük. İndi bu vəziyyətin başa çatdığı görünür.

...Əvvəldə də qeyd etdiyim ki, müharibə bitəndən sonra, Rusiyanın əhəmiyyəti azalacaq. Bunu ona görə deyirəm ki, iqtisadi baxımdan, yanacaqdan başqa heç nə ilə xüsusi maraq oyatmırlar. Dünya onun qazını və neftini istəyə bilərdi, amma biz artıq bundan imtina edirik. Əslində, bir tərəfdən də düşünürəm ki, Ukraynanın Rusiyaya qalib gəlməsi üçün çox resurs sərf olunur. Britaniya və digər ölkələr Ukraynaya o qədər diqqət ayırıblar ki, dünyada nələrin baş verdiyini hiss etməyiblər. Əminəm ki, Çin haqqında bir neçə saat danışa bilərik”.

XS
SM
MD
LG