Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:46

Pənah Hüseyn deyir 7 qohumu həbs edilə bilər


Pənah Hüseyn
Pənah Hüseyn

►"Bu mənim siyasi fəaliyyətimlə bağlıdır"

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn deyir ki, Sabirabad rayonunda 7 yaxın qohumunun həbs edilməsi gözlənilir.

Bunu Azadlıq Radiosuna Pənah Hüseynin özü deyib.

Söhbət onun qardaşı Adil Hüseynovdan, qardaşı oğlu Vasif Hüseynovdan, əmisi oğlanları Mənsur, Qaşqay, İxtiyar, Xalid və Sərxoş Hüseynovlardan gedir.

Pənah Hüseyn bildirir ki, il yarım əvvəl onun doğulduğu Sabirabad rayonunun Qaraqaşlı kəndində məişət zəminində məhəlli dava düşüb. İndi bu qohumları həmin hadisəyə görə, xuliqanlıqda ittiham edilirlər.

Noyabrın 23-də Lerik rayon Məhkəməsi bu işə baxıb. Noyabrın 30-da hökm oxunacağı gözlənilir.

Pənah Hüseyn deyir ki, il yarım əvvəl baş vermiş hadisə əslində unudulub getmişdi.

Onun fikrincə, sonradan

bu işin yenidən gündəliyə gətirilməsi və materialların Lerik rayon Məhkəməsinə göndərilməsi sifarişdən xəbər verir:

“Şahidləri dinləmədən, heç bir vəsatəti təmin etmədən, hətta ittiham tərəfinin sübutları olmadan məhkəmə prosesi təyin edilib. Noyabrın 30-a məhkəmə prosesi təyin edilib və ittihamçının cəza istəyəcəyi gözlənilir. Belə bir dramatik vəziyyətin seçkidən xeyli sonra, qəfildən yaradılması bizim üçün də gözlənilməzdir.”.

P.Hüseyn deyir ki, seçki vaxtı da qohumlarına qarşı xülqanlıq maddələri ilə ittihamlar irəli sürülmüşdü. Ancaq bu məsələ o məsələdən deyil:

“Ancaq bu qohumlarım seçkidə də fəal olublar. Bu işin birdən-birə gündəliyə gəlməsi və sürətlə yekunlaşdırılması heç də tasadüf deyil. Mən 100 faiz əminəm ki, bu mənim siyasi fəaliyyətimlə bağlıdır. Mən inanmıram ki, bu ölkənin birinci şəxsinin sifarişidir. Çünki buna səbəb yoxdur. Ancaq mən bu sifarişi yerli təşəbbüs də saymıram”.

Bununla belə Pənah Hüseyn bir sıra versiyalarını da dilə gətirib:

“Ola bilər ki, bu, ölkədəki real menzərədən doğan bir məsələ olsun. Yəni başqa siyasətçilərin, üzdə olan jurnalistlərin də qohumlarına təzyiqlər var”.

Pənah Hüseyn bu məsələdə hakimiyyətdaxili qruplaşmaların elementlərinin təsirinin ola biləcəyini də tam istisina etmir.

Xalq Partiyasının sədri qeyd edir ki, o, baş verənlərə görə, siyasətini dəyişmək fikrində deyil.

Pənah Hüseyn 63 saylı Birinci Sabirabad Seçki dairəsindən namizədliyini vermişdi.

Bu dairədə lider namizəd Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin aparat rəhbəri Elçin Quliyevdir.

Pənah Hüseyn seçkilərdə ciddi qanun pozuntularına yol verildiyini idda edirdi. Onun MSK-ya göndərdiyi şikayətlərə görə, dairədəki bir çox məntəqələrdə seçkidə iştirak edən seçicilərin sayı ilə protokollarda əks edilən rəqəmələr üst-üstə düşmür. MSK şikayətə baxarkən bu dairənin 13 saylı məntəqəsində nəticələri ləğv etsə də, digər məntəqələrin nəticələrinə toxunmadı. Nəticədə bu dairədən qalib kimi yenə də Elçin Quliyev qaldı.

MSK seçkilərin ədalətli keçdiyini bəyan edib. Azərbaycan hökuməti isə ölkədə sifarişli həbslərin olmadığını bildirir.

XS
SM
MD
LG