Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:33

'Pullar mənimsənilməyib, istiqaməti dəyişilib' - Hesablama Palatasının hesabatında nə var, nə yox…


COVID-19 testi - nə qiyməti, nə də nəticəsi vətəndaşı razı salır....
Gözlə

No media source currently available

0:00 0:05:42 0:00

COVID-19 testi - nə qiyməti, nə də nəticəsi vətəndaşı razı salır.... (Arxiv)

COVID-19-la mübarizəyə ayrılmış vəsaitin müəyyən hissəsi digər məqsədlərə yönəldilib.

Bu haqda aprelin 25-də Milli Məclisdə Hesablama Palatasının illik hesabatının müzakirəsi zamanı məlum olub.

2022-ci ilə aid hesabata görə, ölkədə büdcə vəsaitlərinin təyinatından kənar xərclənməsi halları var: "İlin sonunda xəzinə hesablarında qalan vəsaitin büdcəyə qaytarılmaması üçün üçtərəfli müqavilə bağlanmaqla banklarda açılan akkreditiv hesablara yönəldilməsini, büdcə vəsaitinin bank hesablarında istifadəsiz saxlanılmasını… qeyd edə bilərik".

Hesabata görə, ümumilikdə 16 qurumda 36.7 milyon manatlıq səmərəsiz xərc aşkar edilib.

Hesabat müzakirələrdən sonra qəbul edilib.

Koronavirusun təsirləri ilə mübarizəyə milyardlar…

Koronavirusla mübarizəyə dövlət büdcəsindən 2020-ci ildə 1 milyard 985.6 milyon, 2021-də 261 milyon, 2022-ci ildə isə 350 milyon manat ayrılıb.

A.Hüseynov
A.Hüseynov

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov "Turan"a açıqlamasında Hesablama Palatasının 2022-ci ildə fəaliyyətini müsbət qiymətləndirib: "Qurumun apardığı yoxlamaların hər birində təyinatdan kənarlaşmalar müəyyən edilib. O cümlədən COVID-19-la mübarizə üçün ayrılmış vəsaitlə bağlı. Bu vəsait mənimsənilməyib, sadəcə olaraq istiqaməti dəyişilib. Hesablama Palatasının düzgün mövqeyi da ondan ibarətdir ki, büdcə vəsaiti hansı məqsədlər üçün nəzərdə tutulubsa, o məqsədlərə də xərclənməlidir".

R.Həsənov
R.Həsənov

"…Siyasi aspektləri var"

İqtisadçı Rəşad Həsənov isə AzadlıqRadiosuna bildirib ki, hesabatda əks olunan pozuntular kifayət qədər geniş yayılıb: "Çox təəssüf ki, Azərbaycan təcrübəsində dövlət vəsaitlərinə kənar nəzarətin təmin edilməsinin özünün də siyasi aspektləri var. Biz bunu dəfələrlə müxtəlif halların təhlili və nəticələrin ortaya çıxması zamanı müşahidə edirik".

O hesab edir ki, təcrübəyə görə, ciddi auditlər şəxsin vəzifədən kənarlaşdırılması, siyasi nüfuzunu itirməsi və yaxud da hər hansı qurumun ləğvindən sonra baş verir.

N.Bəydəmirli
N.Bəydəmirli

"Qohumbazlıq, yerlibazlıq, korrupsiya…"

İqtisadçı Nazim Bəydəmirli xatırladır ki, "Büdcə sistemi haqqında" Qanuna görə, özbaşına xərc maddələrinin dəyişdirilməsi qadağandır: "Bunun üçün Maliyyə Nazirliyinin müvafiq qərarı olmalıdır. Büdcə təşkilatı Maliyyə Nazirliyinə müraciət etməlidir ki, müəyyən xərclərin maddələrini dəyişmək istəyir. Amma bununla belə qorunan maddələr var ki, - məsələn, əmək haqları və ona bərabər tutulan maddələr, - onlara toxunmaq olmaz".

Onun belə yoxlamalara münasibəti mənfidir: "Adətən Azərbaycanda Hesablama Palatası kimsə işdən çıxarıldıqdan sonra və ya kiminsə işdən çıxarılması ərəfəsində belə yoxlamaları aparır. Təcrübə də onu göstərir ki, yoxlama müddətində vəsaitlər "dövlət büdcəsinə bərpa" adı ilə, guya, qaytarılır və şəxslər məsuliyyətdən yayındırılır".

Müdafiə Nazirliyi əsgər yeməyinə ayrılan pulları necə xərcləyib?
Gözlə

No media source currently available

0:00 0:05:26 0:00

Bəydəmirlinin fikrincə, dövlət büdcəsi, əsasən də onun xərclər hissəsi normal tərtib edilmir: "Çünki ilin yekununda əksən kapitalyönümlü maddələrin silinməsi prosesi gedir. Azərbaycanda büdcə nizam-intizamı yoxdur, çünki yoxlayıcı və icraedici orqanlar adətən bir birinin qanunsuzluqlarını ört-basdır etməklə məşğuldurlar. Azərbaycanda idarəetmə qohumbazlıq, yerlibazlıq, korrupsiya və rüşvətxorluq üzərində qurulmuş bir sistemdir".

Yazıda səslənən fikirlərə Hesablama Palatasının özündən ayrıca münasibət almaq mümkün olmayıb. Amma hesabatda bildirilir ki, 2022-ci ildə altı nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.

XS
SM
MD
LG