Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:53

H.Əliyevin heykəlinə 'Stalin' yazan gənc haqqında hökm dəyişdi


Elbəyi Kərimli
Elbəyi Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü, Mərkəzi Bankın önündəki parkda Heydər Əliyevin heykəlinə "Stalin" yazandan dərhal sonra narkotik ittihamı ilə tutulan Elbəyi Kərimli haqqında hökm dəyişib.

Bakı Ağır Cinayətlər Məhkəməsi ona Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik saxlama) maddəsi ilə 6 il həbs cəzası kəsmişdi. İyunun 6-da apellyasiya məhkəməsi ittihamdan satış məqsədini çıxarıb və CM-in 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldəetmə, saxlama) maddəsinə tövsif edib. Cəzasını da 5 ilə endirib.

E.Kərimlinin 21 yaşı var. Ona verilən əvvəlki ittiham maddəsində 5 ildən 12 ilədək cəza nəzərdə tutulurdusa, CM-in 234.1-1-ci maddəsinin sanksiyası 3 ildən 8 ilədəkdir.

İyunun 6-da Bakı Apellyasiya Məhkəməsində qərardan öncə E.Kərimlinin özü və vəkili çıxış edərək narkotik ittihamının saxta olduğunu vurğulayıblar.

Siyasi baxışlarına, tənqidlərinə görə cəzalandırıldığını bildirən E.Kərimli cibinə narkotikin polis bölməsində qoyulduğunu söyləyib.

Nemət Kərimli
Nemət Kərimli

Yeni hökmdən kassasiya şikayəti veriləcək

Müvəkkilinin təqsirsiz olduğunu deyən vəkil Nemət Kərimli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğvini, E.Kərimliyə bəraət verilməsini istəyib.

Prokuror buna qarşı çıxaraq deyib ki, ittiham da, kəsilən cəza da əsaslıdır və dəyişməməlidir.

Anar İbrahimovun sədrlik etdiyi hakimlər kollegiyası hökmü dəyişərək ittihamı nisbətən yüngülləşdirib və cəzanı 6 ildən 5-ə endirib.

Vəkil N.Kərimli AzadlıqRadiosuna bildirib ki, yeni hökm də onları qane etmir. Bu üzdən Ali Məhkəməyə kassasiya şikayəti veriləcək: "Biz bəraət istəyirik, axı bu adam, ümumiyyətlə, o cinayəti törətməyib, narkotikin ona aidiyyəti yoxdur".

Xatırlatma

E.Kərimli 2023-cü ilin avqustundan həbsdədir. Onu Nəsimi rayonu, 22-ci polis bölməsinin əməkdaşları saxlayıblar.

Cinayət işinin materiallarında iddia olunur ki, E.Kərimlinin narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olması haqda informasiya aldıqlarından əməliyyat keçirərək onu saxlayıblar. Polis bölməsində də üstündən narkotik çıxıb.

E.Kərimli bunun yalan olduğunu, Heydər Əliyevin heykəlini yazandan dərhal sonra onu saxlayaraq 22-ci polis bölməsinə apardıqlarını söyləyir: "Heydər Əliyevin heykəlinin arxasına "Stalin" yazdığıma görə bu gün buradayam. Polis bölməsində dedilər ki, "ya narkotik, ya da silah – birini seçməlisən, yoxsa vətənə xəyanət ittihamı ilə içəri gedərsən. Hərbi obyektlərin şəkillərini telefonuna yükləyərik, ittiham verərik ki, hərbi sirri Ermənistana, İrana ötürdüyünə görə tutulmusan". Eşitdiklərimdən boğazım qurudu. Dedilər ki, elə eləmə ki Qiyas kimi evindən 1 kilo çıxaraq...".

Hazırda xeyli ictimai-siyasi fəal, dini inanclı şəxs narkotik ittihamı ilə həbsdədir. Onlar bu ittihamı qəbul etmir, hökumətin ünvanına tənqidlərinə, siyasi baxışlarına görə şərlənərək cəzalandırıldıqlarını deyirlər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti bu ittihamları yalanlayaraq onların konkret faktlar əsasında həbs olunduqlarını bəyan edib.

2016-cı ilin mayında iki gənc fəal – Qiyas İbrahimov və Bayram Məmmədov mərhum prezident Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək!" yazandan sonra narkotik ittihamı ilə həbs olunmuş, onların hər birinə 10 il həbs cəzası kəsilmişdi. Bu gənclər 2019-cu ildə əfv sərəncamı ilə azadlığa buraxıldılar. "Amnesty International" onları "vicdan məhbusu" elan etmişdi.

XS
SM
MD
LG