Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:02

Hikmət Hacıyev Bakının Vaşinqtondan incikliyinin detallarını Londonda açıqlayıb


Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev
Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev

Ağ Ev Azərbaycan və Ermənistan arasında vasitəçilik rolu oynamaq istəyirsə, “Co Bayden administrasiyasının üzvləri fərqli münasibət nümayiş etdirməlidirlər”.

ABŞ-ın Newsweek həftəlik məcmuəsi yazır ki, bunu Londonda keçirdiyi brifinqdə Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev deyib.

O bildirib ki, Amerikanın bu məsələdəki “birtərəfli” mövqeyi Bakının narahatlığına səbəb olub.

Məqalədə deyilir ki, Azərbaycan Cənubi Qafqazda Qərb, Rusiya, İran və Çin arasında rəqabətin əsas döyüş meydanına çevrilib. Bu da vurğulanır ki, neft və qazla zəngin bu ölkə Qərbin əsas enerji partnyorlarından biri olsa da, bu ölkədəki insan haqlarının vəziyyəti və Bakının Moskva ilə sıx yaxınlığı narahatlığa səbəb olub.

Hikmət Hacıyev sözü gedən brifinqdə deyib ki, Bakı Birləşmiş Ştatların icra hakimiyyətindən "fərqli münasibət" görmək istəyir.

Newsweek yazır ki, Ağ Evə email-lə bu barədə sorğu göndərib.

"Qərəzli münasibət" iddiası

Məqalədə qeyd olunur ki, Əliyev administrasiyası Vaşinqtonu Ermənistanın xeyrinə “qərəzli münasibətdə” ittiham edib və Azərbaycan rəsmiləri ABŞ-da keçirilən sülh danışıqlardan imtina ediblər.

Bu da xatrıladılır ki, Bakı noyabrda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayenin (James O'Brien) Senat dinləməsi zamanı dedikləri ilə bağlı etiraz etmişdi.

Bu dinləmədə Azərbaycanın 19-20 sentyabrda Qarabağda keçirdiyi hərbi əməliyyat pislənmiş və O'Brayen demişdi ki, Bakı və Yerevan arasında sülh sənədi imzalananadək ABŞ-ın Azərbaycana münasibəti "əvvəlki kimi" olmayacaq.

Diplomat Azərbaycana, lazım gələrsə, mümkün təzyiqlərdən, ABŞ-ın Bakıya təhlükəsizlik yardımı göstərməsini qadağan edən 907-ci düzəlişin son onilliklərdə ilk dəfə olaraq dondurulmamasına baxılmasından danışmışdı.

907-ci düzəliş söhbəti

Londonda keçirdiyi brifinqdə Hacıyev deyib ki, O'Brayenin müdaxiləsi “heç də faydalı olmayıb”.

Bu da qeyd olunur ki, O'Brayen noyabrda Bakıda prezident İlham Əliyevlə görüşdən sonra söhbəti “pozitiv və konstruktiv” adlandırmışdı.

Bununla belə Hikmət Hacıyev 907-ci düzəlişi “ABŞ Konqresinin tarixində ən ədalətsiz qərar” adlandırıb:

"Azərbaycanın xaricdən heç bir yardıma və ya dəstəyə ehtiyacı yoxdur. Azərbaycan özünü təmin edən bir ölkədir. Lakin burada psixoloji və siyasi aspekt çox mühümdür, çünki bu Azərbaycanla ədalətsiz davranış idi”.

Hacıyev deyib ki, belə davranış Vaşinqtonun ədalətli vasitəçi olmasına imkan vermir:

"Elə ki, bu aradan qaldlrıldı, bizim heç bir problemimiz olmayacaq və biz Vaşinqton platformasında sülh müzakirələrini davam etdirə biləcəyik”.

Hacıyev brifinqdə bunu da deyib ki, Rusiya tərəfinə 19-20 sentyabr əməliyyatına 10 dəqiqə qalmış xəbərdarlıq edilib və buna görə də əməliyyatın Moskva ilə koordinasiyada keçirilməsinə dair iddialar tamamilə əsassızdır.

Hacıyev qeyd edib ki, Rusiyanın buna heç bir reaksiya göstərməməsi Bakını təəccübləndirməyib, çünki “legitimlik Azərbaycanın tərəfində olub”.

“Vasitəçilər arasında vasitəçilik”

Prezident müşaviri qeyd edib ki, Azərbaycan-Ermənistan danışıqlarında daha bir irəliləyişin proqnozunu vermək çətindir, amma indi sülh müqaviləsinin qarşısında heç bir ciddi maneə qalmır:

"Burada söhbət nüvə fizikasından və ya raket elmindən getmir. Biz beynəlxalq qanunun çox təməl prinsiplərindən bəhs edirik. Azərbaycan özünün tam suverenliyini və ərazi bütövlüyünü bərpa edib. Biz indi regionumuzda tamamilə yeni reallıqla üzləşmişik. İndi Azərbaycanın strategiyası sülhü qazanmaqdır. Amma sülhün əldə olunması üçün tanqo rəqsində olduğu kimi hər iki tərəfdən hərəkət tələb edir”.

Hacıyev Bakının daha çox regional həllərə üstünlük verdiyini deyib, amma əlavə edib ki, Bakı Vaşinqtonda, Moskvada və ya Brüsseldə keçirilə biləcək sülh danışıqlarını da istisma etmir:

"Sülhün toxumları regionda, Bakıda və Yerevandadır. Bizim başqa partnyorlarımız bizə irəliləməkdə kömək edə bilərlər. Amma biz bəzən görürük ki, vasitəçilərimiz arasında vasitəçilik etməyə çalışırıq”.

Hikmət Hacıyev Azərbaycanın Naxçıvana dəhlizi hərbi yolla açmağa hazırlaşdığına dair iddiaları rədd edib:

“Azərbaycanın heç bir hərbi məqsədləri qalmayıb və bizim üçün qarşıdurma bitib. Azərbaycan layiq olduğunu əldə edib”.

Xatırlatma

Lakin Hikmət Hacıyevin bu son açıqlamalarına baxmayaraq Bakı, Yerevandan fərqli olaraq növbəti sülh danışıqlarının ABŞ-da keçirilməsinə dair Vaşinqtonun təklifinə hələ də cavab verməyib.

Bundan əvvəl, oktyabrda Azərbaycan rəhbərliyi Brüssel platformasında görüşdən də imtina etmişdi.

Belə bir şəraitdə Ermənistan rəsmiləri Azərbaycanı sülhdə maraqlı olmamaqda, danışıqları uzatmaqda və təcavüzə hazırlaşmaqda ittiham edirlər.

***

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG