Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:51

Hindistan Zelenskinin Modini tənqid etməsi ilə bağlı Ukraynaya etiraz edib


Vladimir Putin və Narendra Modi
Vladimir Putin və Narendra Modi

Hindistan mediasının verdiyi xəbərlərdə deyilir ki, Ukraynanın bu ölkədəki səfiri Aleksandr Polişşuk prezident Volodimir Zelenskinin baş nazir Narendra Modini tənqid etməsinə görə Xarici İşlər Nazirliyinə dəvət olunub.

Zelenski Hindistan baş nazirinin iyulun 8-9-da Moskvaya səfərini və orada prezident Vladimir Putinlə görüşünü “böyük məyusluq” və “sülh səylərinə dağıdıcı zərbə” adlandırmışdı:

"Dünyanın ən böyük demokratiyası liderinin Moskvada dünyada tanınmış cani ilə görüşünü seyr etmək kədərlidir”.

Xəbər verilir ki, bu arada Hindistan mədəniyyət üzrə Ukrayna işçi qrupu ilə birgə iclasını təxirə salıb.

Modi Putinə bir “dost” kimi demişdi ki...

Putin və Modinin görüşündən bir neçə saat əvvəl Rusiyanın Ukraynaya ağır raket zərbələri nəticəsində Kiyevdəki “Oxmatdet” uşaq xəstəxanasına ciddi ziyan dəymişdi. Yaralıların arasında bir neçə uşaq da vardı. Ümumiyyətlə isə həmin gün Kiyevə raket zərbələrindən 4-ü uşaqlar olmaqla 30 nəfər həlak olmuşdu.

Modi Moskva görüşü zamanı Putinə demişdi ki, müharibə problemlərin həlli ola bilməz. O Ukrayna müharibəsinin adını çəkməsə, sözlərindən məhz həmin müharibəni nəzərdə tutduğu aşkar idi.

Modinin sözlərinə görə, o Rusiya prezidentinə bir “dost” kimi demişdi ki, “gələcək nəsillərin işıqlı gələcəyi üçün” sülh zəruridir.

Hindistan baş naziri söhbət zamanı Moskvanı dialoqa çağırmışdı.

Modinin “nikbinliyi” və “maraqlı ideyalar”

Modi habelə qeyd edirdi ki, Putinlə 4 və ya 5 saat davam edən söhbət zamanı onlar Ukrayna mövzusunu açıq müzakirə ediblər və nəticədə “çox maraqlı ideyalar” ortaya çıxıb.

Modi bu “ideyaların” nədən ibarət olduğunu xırdalamayıb, amma vurğulayıb ki, o Putinlə söhbət zamanı “nikbinlik” hiss edib.

Putin bu yaxınlarda Ukraynada sülhə dair ultimatum-təkliflərini bir daha bəyan etmişdi.

O demişdi ki, Ukrayna özünün dörd vilayətini Rusiyaya güzəştə getməli və NATO üzvlüyü istəyindən əl çəkməlidir.

Ukrayna tərəfi isə dəfələrlə bildirib ki, sülh danışıqlarına Rusiya qoşunlarının Ukraynanın bütün ərazilərindən çıxarılmasından sonra başlaya bilər.

Hindistan bir qayda olaraq Ukrayna müharibəsinə görə Rusiyanı tənqid etməkdən çəkinir.

Hindistan Moskva ilə iqtisadi-ticari əlaqələrini inkişaf etdirir və hazırda Rusiya neftinin ən böyük alıcısıdır.

XS
SM
MD
LG