Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:25

Bu ləzzətli quşun nə Türkiyə, nə də Hindistana dəxli var


Ronald Reagan Şükran günündə, 23 noyabr 1982-ci il
Ronald Reagan Şükran günündə, 23 noyabr 1982-ci il

Bu günlər ABŞ-da, Britaniya, Kanada, Avstraliya və başqa ingilisdilli ölkələrdə ən çox deyilən və eşidilən sözlərdən biri də “Türkiyədir”, daha doğrusu “Turkey” sözüdür. Əslində söz kiçik hərflə yazılır, çünki eyni cür yazılmasına və səslənməsinə baxmayaraq Türkiyə yox, hindtoyuğu və ya hinduşka mənasını verir.

Novruz bayramının plovları əskik olmadığı kimi, Xristian dünyasının Milad süfrəsi də hinduşkasız ötüşmür.

Milad bayramı ənənələrinin qədimliyinə baxmayaraq hindtoyuğu onun nisbətən cavan komponentidir.

İngiltərə dilçisi Mark Forsyth özünün “The Etymologicon” (ingilis dilinin sözləri arasındakı əlaqəni araşdıran dilçilik sahəsi) kitabında yazır ki, avropalılar hinduşkanı ilk dəfə “Amerika qitəsinin maqnoliya meşəliklərində” görüblər.

Bəzi məlumatlara görə, avropalılar Amerikaya gələndə yerli azteklər (hindular – bunu yadda saxlayın) hinduşkanı artıq əhliləşdirmişdilər və o ev quşu sayılırdı.

Dilçi yazır ki, ümumiyyətlə, heyvan adlarındakı dolaşıqlıqlar kifayət qədər geniş yayılmış fenomendir. Məsələn Guinea pig – (dəqiq tərcüməsi - Qvineya donuzu) kimi tanınan heyvanın nəinki Qvineyaya, heç donuza da dəxli yoxdur.

"Qvineya donuzunun" nə Qvineya, nə də donuza dəxli var
"Qvineya donuzunun" nə Qvineya, nə də donuza dəxli var

Bu heyvan siçan və siçovullar kimi gəmiricilər dəstəsinə aiddir və vətəni Cənubi Amerikadakı Quyanadır. Amma səhv mükəmməl səhvdir, beləki, müasir Azərbaycan dilində də onu (rus dilinin köməyi ilə) Dəniz donuzcuğu kimi rəsmiləşdiriblər.

Eyni yanlış başqa bir heyvanın da adında əksini tapıb. Bu ingiliscə Helmeted Guinea fowl və ya latınca Numidea meleagris quşudur. İngilcə adında “dəbilqə” sözü var. Quşun baş hissəsində doğrudan da papağı xatırladan ət çıxıntısı görünür. Onun da vətəni Qvineya yox, Madaqaskardır.

Forsyth yazır ki, bütün eybəcərliyinə baxmayaraq, bu quşun əti çox dadlıdır və ən önəmlisi, o hindtoyuğuna çox bənzəyir. Avropaya bu quşları Madaqaskardan gətiriblər. Onları satan tacirlər isə əsasən türklər idi. Hər halda bu tacirlərin ovaxtkı Osmanlı imperiyasından olduqları bəllidir.

Hindtoyuğuna çox bənzəyən başqa quş
Hindtoyuğuna çox bənzəyən başqa quş

Lakin Forsyth dərhal əlavə edir ki, Milad süfrələrini bəzəyən bu quş deyil, başqa quşdur, hərçənd onun latınca adı həmin bu “dəbilqəli” quşun adına bənzəyir: Meleagris Gallopavo. Məhz bu quş bu gün tanıdğımız hindtoyuğudur. İspan konkiskadorları Amerika qitəsinin maqnoliya meşələrində də məhz onu görüblər.

Forsyth-ın kitabında deyilir ki, ispanlar bu quşu ilk dəfə Avropaya gətirəndə, adamlar mat qalmışdılar. Bu quş da türklərin Madaqaskardan gətirib satdıqları quşlara bənzəyirdi. Ona görə ingilisdilli xalqlar əllərini yelləyib buna da “turkey” dedilər.

Kitabda qeyd olunur ki, bu quşu Türkiyədə əlbəttə “turkey” yox, “hindi” kimin tanıyırlar, hərçənd quşun Hindistanla da heç bir bağlılığı yoxdur. Hinduşkanın bir çox başqa dillərdəki adında da “hind” elementi var.

Fransızca hindtoyuğu “coq d’inde” və ya “dinde” kimi səslənir, yəni “hind xoruzu”. Polyaklar bu quşu indyk, basklar indioliar, ermənilər (hndikahav – hind cücəsi) adlandırırlar.

Kəlküttə xoruzu?

Maraqlıdır ki, Şimali Avropada bu quşun adındakı səhv bir az da “dəqiqləşdirilib” və ya dərinləşdirlib.

Bu xalqlar nədənsə quşun Hindistanın Kəlküttə şəhərindən gəldiyinə inanırlar. Hollandlar ona “kalkoen”, isveçlilər “kalkon”, finlər “kalkkuna”, litvalılar “kalakutas”, norveçlilər, danimarkalılar və estonlar isə “kalkun” deyirlər.

Lakin başqa yerlərə baxanda yanlışlıq bir az da baş alıb gedir. Portuqaliyalılar hinduşkaya “peru” deyirlər, çünki onu ilk dəfə ispanlar Perudan gətirəndə görüblər.

Di gəl Malayziyada bu quşun adı birdən-birə dönüb Avropaya qayıdır. Malaylar hinduşkaya “ayam belanda” – “holland cücəsi” deyirlər. Hinduşkanı buralarda ilk dəfə holland müstəmkələkəçilərin tanıtdığı şübhə doğurmur. Bunları Quartz jurnalı yazır.

Elə buradaca oxuyuruq ki, İngilis dilinin Oksford Lüğətinə (Oxford English Dictionary) “turkey” sözü ilk dəfə 1541-ci ildə daxil edilib. O vaxtlar onu yalnız Tüdor sülaləsinin kral və şahzadələri özlərinə rəva görə bilərdilər.

Daha sonra məqalədə qeyd olunur ki, 1940-ciı illərin ortalarınadək Amerikada yeyilən hindtoyuqlarını həyət-bacada saxlayardılar.

Lakin İkinci Dünya Müharibəsindən sonra ABŞ Kənd Təsərrüfatı Nazirliyi onların ferma təsərrüfatlarında yetişdirilməsinə başlayıb. Burada seleksiya və cütləşdirmə yolu ilə alınan hindtoyuğu növləri Amerikanın yerli hindularının hindtoyuqlarından xeyli böyük idi.

Kolumbun səhvi

Ən maraqlısı isə budur ki, amerikalılar qulaqlarının dibindəki hindulara fikir vermədən bu Milad təamını “turkey” adlandırmaqda davam edirdilər.

Halbuki ən böyük səhv quşlardan yox, elə o hindulardan, daha doğrusu Hindistan hesab elədiyi Amerikaya 1492-1503 gəlib çıxan italyan səyyahı Xristofor Kolumbdan başlanmışdı. Təbii ki, yerli əhalinin Hindistan və hindlilərlə heç bir əlaqəsi yox idi.

Hindular və avropalılar Şükran günündə
Hindular və avropalılar Şükran günündə

Belə çıxır ki, azərbaycanlıların da hindtoyuğu və ya hinduşka dedikləri bu quşun adında səhv də olsa müəyyən bir məntiq var.

Quşun Azərbaycana ilk dəfə ruslar tərəfindən gətirildiyini düşünmək olar, çünki azərbaycanlılar rusların özlərinin “indeyka” və ya “indyuk” adlandırdıqları bu quşun adı üçün onun rusca əzizləmə “indyuşka” versiyasından istifadə edirlər. Bu quş da parovoz, paroxod, samovar və çay kimi Rusiyadan idxal olunub.

Doğrudur Rusiyanın özünə də hindtoyuğu ilk dəfə Avropadan, rus saytlarının yazdığına görə böyük bir ehtimalla Almaniyadan gəlib.

Aqrarnıy sektor” saytı yazır ki, Almaniyanın Arnştadt şəhərində 1560-cı ildə bir toyda 150 hinduşkanın yeyildiyi məlumdur. İngilislərin Milad masasında bu quş ilk dəfə 1585-ci ildə peyda olub.

Necə olursa olsun, hinduşka Rusiyada ilk dəfə 1774-cü ildə G.N. Teplovun “Quş həyəti” kitabında sənədləşdirilib.

Lakin rus mənbələrinin verdiyi məlumata görə hindtoyuğu təsərrüfatları Rusiyada yalnız 19-20-ci əsrlərdə təşəkkül tapıb.

Ruslar ilk hinduşka yetişdirmə fermalarını Şimali Qafqazda yalnız 1930-cu illərdə yaradıblar.

Bu quşun Azərbaycana ilk dəfə Rusiyadan gətirilməsini onun nisbətən az yayılmış başqa bir adı da göstərir: Həştərxan toyuğu.

Amma güman etmək olar ki, həştərxan toyuğu ilə hindtoyuğu başqa-başqa quşlardır.

Ehtimal ki, burada söhbət məqalənin əvvəlindəki iki quşdan gedir: Numidea meleagris və Meleagris Gallopavo-dan gedir.

Siyasi quş

Hər şey prezident amnistiyasından asılıdır
Hər şey prezident amnistiyasından asılıdır

Axırda bunu da qeyd etmək yerinə düşər ki, hindtoyuğu ümumiyyətlə dünyanın ən “siyasi quşlarından” biridir.

Amerika Birləşmiş Ştatlarında prezidentlər Şükran günündə (Amerikada noyabrın dördüncü cümə axşamı günü) onlara hədiyyə edilən hindtoyuğuna adətən həyat bəxş edərək onu azadlığa buraxırlar.

Ona görə adətən yazmaq lazım gəlir ki, məsələn tarixi sənədlərə görə prezident Eisenhower ona bağışlanan quşları yeyərmiş. Amma, məsələn Nixon və Reagan-ın daha mərhəmətli olduqları məlumdur. Prezident Kennedy qətlə yetirilməzdən dörd gün əvvəl Ağ Evin qarşısında hindtoyuğuna qıymamışdı.

Bunlar oktyabr ayında olur. Amma bir ay sonra, dekabrın 25-də - Milad günü hinduskanı heç prezident də amnistiya edə bilməz.

XS
SM
MD
LG