Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:29

Livanda Hizbullahın rabitə vasitələri partlamaqda davam edir


Beyrutda xəstəxana
Beyrutda xəstəxana

Livanda ABŞ və bir sıra başqa ölkələrin terrorçu kimi tanıdıqları Hizbullah təşkilatının minlərlə peyceri partladıqdan bir gün sonra ölkənin müxtəlif yerlərində səyyar rabitə vasitələrinin partlayışları davam edib.

Bu barədə məlumatı yerli və xarici agentliklər yayıblar.

Reuters agentliyinin mənbələrə istinadla verdiyi xəbərdə deyilir ki, bu dəfə Hizbullah üzvlərinə məxsus portativ rasiyalar partlamağa başlayıb.

Agentliyin mənbələri xəbər verirlər ki, bu rasiyalar sentyabrın 17-də kütləvi partlayan peycerlərlə eyni vaxtda alınıb.

Partlayışlar Livanın paytaxtı Beyrutda, habelə ölkənin cənubunda baş verib.

Sky News Arabia xəbər verir ki, Hizbullah təşkilatından parlament üzvü Əli Əmmarın dünən partlayış zamanı həlak olmuş oğlunun dəfni zamanı da partlayışlar baş verib.

Eyni zamanda ehtimalən partlayışlar nəticəsində yanmış avtomobilləri görüntüləyən videolar yayılıb.

Livan mediası azı 9 nəfərin həlak olduğunu xəbər verir. Daha 300 nəfərin yaralandığı bildirilir.

Sentyabrın 17-də Livanda Hizbullah təşkilatı üzvlərinin daxili şifrəli məlumatları ötürmək üçün istifadə etdikləri peycerlər kütləvi şəkildə partlamışdı.

Partlayışlar nəticəsində 12 nəfərin həlak olduğu xəbər verilirdi. Onların arasında istər Hizbullah üzvləri, istərsə də 8 yaşlı uşaq da daxil mülkilər də var. Ümumilikdə 3 minədək xəsarət alanın olduğu bildirilirdi.

ABŞ-da və dünyanın bir sıra ölkələrində terrorçu hesab edilən təşkilat Livanda leqal fəaliyyət göstərir, parlamentdə və hökumətdə təmsil olunub.

İsrail bu hadisəyə Hizbullahdan cavab gözləyir

İsrail bu partlayışlar üçün məsuliyyəti öz üzərinə götürməyib. Amma mənbələrə istinad edən bir çox medialar hücumun məhz İsrailin xüsusi xidmətləri tərəfindən təşkil edildiyini yazır.

İsrailin təhlükəsizlik xidmətləri istisna etmirlər ki, Hizbullah tezliklə bu partlayışlara cavab verə bilər. Ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib. Hizbullah artıq bu hücum üçün qisas alacağını bəyan edib.

İsrailin müdafiə naziri Yoav Qallant sentyabrın 18-də axşam deyib ki, ölkənin apardığı müharibə “yeni fazaya” qədəm qoyur və onun ağırlıq mərkəzi Qəzza zolağından Livanla sərhədə keçir.

İsrail və Hizbullah daim bir-birlərini raket zərbələrinə tuturlar, lakin hazırda bu bölgədə heç bir genişmiqyaslı əməliyyat keçirilmir.

İsrailin baş naziri Binyamin Netanyahu Livandakı hadisələri şərh etmədən deyib ki, İsrailin şimal rayonlarından raket atəşlərinə görə təxliyə edilmiş əhali tezliklə öz evlərinə qayda biləcək.

Kodlanmış məlumat

Sentyabrın 18-də Reuters Livan təhlükəsizlik xidmətindəki yüksək rütbəli rəsmiyə istinadla yazır ki, İsrailin Mossad kəşfiyyat təşkilati Hizbullah tərəfindən bir neçə ay bundan əvvəl alınmış 5 min peycerə partlayıcı yerləşdirib.

Reuters-in mənbəyi bunu da bildirib ki, bu əməliyyata bir neçə ay hazırlıq görülüb və peycerlər “istehsalat mərhələsində” modifikasiyaya məruz qalıb. Mənbənin sözlərinə görə bu zaman peycerlərə məsafədən müəyyən koda cavab verən partlayıcı cihazlar qoyulub.

Agentliyin müsahibi bildirib ki, bunu “istənilən üsulla aşkar etmək çox çətindir”.

Mənbənin sözlərinə görə 3 min peycer, onlara kodlanmış məlumat göndəriləndə partlayıb. Bu səbəbdən partlayışlar eyni zamanda baş verib.

BMT-nin baş katibi Antonio Quterriş partlayışlarla bağlı narahatlığını ifadə edib.

Onun sözlərinə görə bu hadisənin Hizbullah və İsrail arasında yeni eskalasiyaya çevrilməsinin qarşısı alınmalıdır.

BMT-nin İnsan Haqları Komissarlığında belə bir məqamdan narahatlıq bildirilib ki, partlayışın qurbanları arasında mülki şəxslər də var.

XS
SM
MD
LG