Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:41

Human Rights Watch Azərbaycan nümayəndə heyəti ilə bağlı AŞPA-ya çağırış edib


Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətinin assambleyaya qayıtmasından əvvəl yerinə yetirməli olduğu aydın kriteriyalar hazırlamalı və həyata keçirməlidir.

Bu barədə Human Rights Watch insan haqları təşkilatının və daha 10 insan haqları qrupunun 25 sentyabr tarixli bəyanatında deyilir.

Bəyanatda deyilir ki, bu tədbir AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin bərpa edilməsi üçün 2025-ci il yanvar səsverməsindən əvvəl görülməlidir.

Bəyanatda bu da qeyd olunur ki, Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təzələnməməsinə dair 2024-cü il yanvar qərarından sonra Bakı insan haqları müdafiəçilərinin, hüquqşünasların, müstəqil jurnalistlərin, müxalifət siyasətçilərinin, vətəndaş cəmiyyəti fəallarının və alimlərin üzərinə aramsız hücumlarını daha da intensivləşdirib.

Bəyanatda deyilir ki, ölkədə onlarca fəal və media nümayəndəsi qaçaqmalçılıq, dələduzluq, saxta pulların hazırlanması və narkotik maddələrin saxlanması kimi qondarma ittihamlarla həbs edilib.

Bəyanat müəllifləri qeyd edirlər ki, polisdə saxlananlarla pis rəftar və onlara işgəncələr verilməsi geniş yayılmaqda davam edib.

Sənəddə vurğulanır ki, bütün bunlar hüquqi baxımdan son dərəcə məhdudlaşdırılmış mühitlə birlikdə ölkədə fərqli düşüncənin tamamilə məhv edilməsi təhlükəsi yaradır.

Bəyanatda habelə Azərbaycanda növbədənkənar prezident və parlament seçkilərinin “demokratik standartlara” cavab verməməsi iddia olunur.

Bəyanat müəllifləri israr edirlər ki, AŞPA bütün bunları nəzərə alaraq Azərbaycandan insan hüquqlarına dair götürdüyü bütün öhdəlikləri yerinə yetirməsini tələb etməli və ölkə nümayəndə heyətinin səlahiyyətləri məhz bundan sonra ratifikasiya olunmalıdır.

Bəyanatda vurğulanır ki, Azərbaycan Avropa İnsan haqları Məhkəməsinin qərarlarını ən pis icra edən Avropa Şurası üzvlərindən biridir.

Sənəddə deyilir ki, AŞPA 2024-cü ilin prosedur debatları zamanı Azərbaycandan siyasi motivlə həbs olunanların azad olunmasını tələb etməlidir.

Bundan başqa Azərbaycana AŞPA həmməruzəçiləri və İşgəncələrə qarşı komitə ilə əməkdaşlığın bərpa edilməsi tələbinin irəli sürülməsinə çağırış edilir.

Azərbaycan hakimiyyətinin mövqeyi

Azərbaycan hökuməti hələ ki, Human Rights Watch və başqa insan haqları qruplarının bu bəyanatına münasibət bildirməyib.

Lakin rəsmi Bakı bir qayda olaraq insan haqları pozuntularına dair tənqidləri qəbul etmir. Rəsmilər fəalların və başqa fiqurların insan haqlarına görə deyil, konkret cinayət əməllərinə görə həbs olunduqlarını bildirirlər.

Bundan başqa Azərbaycan hakimiyyəti, özəlliklə də Human Rights Watch kimi təşkilatları ölkəyə qarşı qərəzli mövqedə ittiham edir.

Xatırlatma

Bu ilin əvvəlində Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) mandatı təsdiqlənməyib. Buna səbəb kimi Azərbaycanın qurum qarşısında insan hüquqları və digər bir çox məsələlərlə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi göstərilib.

Azərbaycan da iradları qəbul etməyərək buna cavab olaraq qurumda fəaliyyətini dayandırdığını açıqlayıb.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Həmin vaxt Azərbaycan insan hüquqları və bir sıra başqa məsələlərlə bağlı qurum qarşısında öhdəlik götürüb. Ölkə hələ də AŞPA-nın monitorinqi altındadır.

XS
SM
MD
LG