Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:47

İ.Qəmbər: 'Rus dilinin təbliği Azərbaycanın müstəqilliyini məhdudlaşdırır'


İ.Qəmbər
İ.Qəmbər

«Azərbaycanda rus dilinə də xarici dillərdən biri kimi baxılmalıdır. Amma təəssüf ki, Azərbaycanda rus dili, az qala, ikinci rəsmi dil səviyyəsinə qaldırılıb», – sovetlər əleyhinə milli hərəkatın liderlərindən biri, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Milli Məclisin keçmiş sədri İsa Qəmbər prezident İlham Əliyevin ölkədə rus dili haqda fikirlərinə münasibət bildirərkən söyləyib.

O, fikrinin davamı olaraq əlavə edir: «Biz müstəqil dövlətik və müstəqillik əldə edənə qədər Rusiyanın müstəmləkəsi olmuşuq. Rus dilinin Azərbaycanda təbliği ilə Azərbaycanın müstəqilliyi məhdudlaşdırılır, Rusiyanın nəzarətinə keçməsi asanlaşır».

İ.Qəmbərin sözlərinə görə, Rusiyanın ekspansionist siyasətdə dil məsələsinə xüsusi önəm verməsi heç kimə sirr deyil və bu məqsədlə də rus dilinin xüsusi təbliğinə, rusdilli məktəblərin, universitetlərin açılmasına xüsusi diqqət yetirirlər.

«Azərbaycan müstəqil dövlət olaraq seçimini edib. Biz dünyanın bir hissəsi olmaq istəyirik, Rusiyanın yox. Ona görə də rus dilinə digər xarici dillərdən fərqli olaraq üstünlük verilməsi Azərbaycanın köklü maraqlarına uyğun deyil», – İ.Qəmbər deyir.

İ.Əliyev
İ.Əliyev

Prezident isə başqa fikridədir

İlham Əliyev dekabrın 24-də «Rossiya-24» telekanalına müsahibəsində «Rus dilini dəstəkləyən, onun inkişafına daha yaxşı şərait yaratmağı hədəfləyən siyasətimiz tamamilə düzgündür. Bunun müsbət nəticələrini görürük», – deyə söyləyib.

Onun sözlərinə görə, ölkədə rus dilinə böyük tələbat var və rusca danışmaq bir ehtiyacdır. «Digər tərəfdən, bu, tarixi əlaqələrin haqqını verməkdir», – prezident vurğulayıb.

Milli hərəkatçılardan biri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı prezidentin dediklərində yeni məna axtarmağa ehtiyac görmür. «Bu, Azərbaycan dilinin dövlət dili olması, onun inkişafı üçün görülən işlərin inkarı deyil», – söyləyən partiya sədrinin fikrincə, rus dilinə dəstək elə rusdilli orta və ali məktəblərin qalması deməkdir.

E.Qədirli
E.Qədirli

«Bunun xüsusi izahı olmalıdır»

İ.Əliyev Azərbaycanda rus dilində təhsil verən 340-dan çox məktəbin olduğunu, 3 mindən çox məktəbdə rus dilinin tədris edildiyini bildirib. «Müqayisə üçün deyə bilərəm ki, ölkədə cəmi 4.5 minə yaxın məktəb var. Yəni, bizim məktəblərimizin mütləq əksəriyyətində rus dili tədris olunur», - prezident söyləyib.

REAL Partiyasının xarici əlaqələr katibi Erkin Qədirlinin narazı qaldığı məqam da budur. O, dövlət büdcəsindən rus dilində təhsilə vəsait ayrılmasını, ona dəstək verilməsini yanlış sayır və bunun «xüsusi izahı olmalıdır» deyə əlavə edir: «Bu, hökumətin Rusiya ilə bağlı yürütdüyü siyasətin nəticəsidir, tam izahını da vermir. Konstitusiyada Azərbaycanın dövlət dili Azərbaycan dilidir və bu, sözgəlişi yazılmayıb. Bu həm də öhdəlikdir. Bu o deməkdir ki, dövlət büdcəsindən maliyyələşən təhsil də ancaq dövlət dilində olmalıdır. Bu başqa dillərdə təhsili qadağan etmir. Amma başqa dillərdə özəl məktəblər açıla bilər, ingilislər, məsələn, «British Council» etdiyi kimi və ya Yaponiya səfirliyinin 225 saylı məktəbi maliyyələşdirdiyi kimi. Rus dili də bu cür öyrədilməlidir».

O hesab edir ki, Azərbaycan dövləti burda yaşayan etnik azlıqların dilində məktəblər açsaydı, bu, daha başadüşülən olardı.

R.Musabəyov
R.Musabəyov

«Rusiya ilə bağlılıq rus dilinin burda qol-qanad açmasına imkan yaradır»

Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Rasim Musabəyov statistikanın dili ilə danışmağın tərəfdarıdır. O, 1990-cı illərdə təhsil alanların 20-25 faizinin rus bölməsində oxuduğu halda, bu gün təhsil nazirinə istinadla həmin rəqəmin 7-10 faiz olduğunu bildirir. R.Musabəyov bir məqamı da vurğulayır: Bu gün rusca təhsil alanlar ali məktəbə qəbul olunanda dövlət – Azərbaycan dilindən imtahan verirlər.

«Heç kəs deyə bilməz ki, bu gün Azərbaycan dili dövlət dili kimi rus dilinə uduzur, təzyiq altındadır. Bu, yoxdur. O, Azərbaycan dilinə rəqib deyil. Amma bunu da yaddan çıxarmaq lazım deyil ki, bu gün Rusiyada 1 milyondan çox azərbaycanlı yaşayır. Bizim Rusiya ilə sıx əlaqələrimiz var. Bu baxımdan Azərbaycan təhsilində rus dilindən istifadə etmək zərurəti var, buna praqmatik yanaşmaq lazımdır», – deputat qeyd edir.

S.Rüstəmxanlı
S.Rüstəmxanlı

Yeri gəlmişkən, S.Rüstəmxanlı da Rusiyada yaşayan azərbaycanlılar amilinə toxunur.

«Onların Bakıya gəlməsi yeni bir ab-hava yaradır, rusca danışanların sayı artır» söyləyən partiya sədri buna normal baxmadığını da vurğulayır: «Təəssüf ki, Rusiya ilə bu bağlılıq, iqtisadi bağlılıq rus dilinin burda qol-qanad açmasına, yaşamasına imkan yaradır».

Hərçənd, AzadlıqRadiosunun müsahibləri rus dilinin dövlət yox, başqa mənbələr hesabına öyrənilməsinə qarşı çıxmırlar. Onlar hesab edir ki, vətəndaşların, xüsusən də təhsil alanların, alimlərin mümkün qədər çox dil bilməsi məqsədəuyğundur. Amma onlar bu məsələdə üstünlüyü ingilis dilinə verirlər.

«Gənclərimizi ingilis dilini öyrənməyə təşviq etməliyik ki, dünyada öz yerlərini rahat tapa, Azərbaycanla başqa ölkələr, xalqlar arasında daha rahat münasibət qura bilsinlər», – İ.Qəmbər söyləyir.

R.Musabəyovun sözlərinə görə isə, bu gün ingilis dili geniş yayılsa da, o demək deyil ki, rus dilini süni şəkildə sıxışdırıb küncə salmaq lazımdır.

Orta mətkəblərdə rus bölmələrinin ödənişli olması təklifinə münasibətiniz necədir?
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

XS
SM
MD
LG