Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:36

'Müstəqillik mübarizəsində nə Əliyev, nə də komandası iştirak edib'


Ə.Kərimli
Ə.Kərimli

«İlham Əliyevin bu çıxışda dedikləri bir neçə il öncə söylədiyi yalanların təkrarıdır. Görünür, İ.Əliyevə elə gəlir ki, yalanı çox təkrarlayanda və ya yayanda, onu həqiqət donuna bürümək mümkün olur».

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri, AXC hakimiyyəti vaxtı dövlət katibi işləmiş Əli Kərimli bunu keçmiş prezident Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı keçirilən tədbirdə prezident İ.Əliyevin müxalifət haqda dediklərini dəyərləndirərkən bildirib.

Ə.Kərimli deyib ki, İ.Əliyevin toxunduğu hadisələr yaxın dövrü əhatə edir. Həmin hadisələrin yüz minlərlə, milyonlarla şahidi var.

«HEYDƏR ƏLİYEVİN VAXTINDA 6 RAYON İŞĞAL OLUNDU»

Keçmiş dövlət katibi vurğulayıb ki, Şuşa və Laçının Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlməzdən əvvəl işğal edilib. O deyib ki, əksinə, AXC hakimiyyəti vaxtı Ağdərə rayonu işğaldan azad edilib:

***Buna da bax-İ.Əliyev: 'Onların mitinqlərinə öz qohumlarından başqa heç kim gəlmir'

«Bizim hakimiyyət zamanı yalnız Kəlbəcər işğal edilib və bu da Rusiyanın yardımı ilə olunub. Bunda məqsəd də Xalq Cəbhəsini hakimiyyətdən devirmək idi. Amma həmin çevriliş nəticəsində hakimiyyətə gələn Heydər Əliyevin vaxtında 6 rayon işğal olundu. Ağdərə yenidən itirildi. Odur ki, bu yaxın tarixdə baş verənləri saxtalaşdırmaq heç İ.Əliyevin gücündə olan məsələ deyil».

Ə.Kərimli hesab edir ki, İ.Əliyev bunu deməkdənsə 2016-cı ilin aprelində ordunun zəfər yürüşünü dayandırmasının izahını versin: «Özü çıxışlarının birində deyib ki, ermənilərin xahişini nəzərə alaraq bu yürüş dayandırılıb. Etməni tərəfinin xahişi nə zamandan Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanı üçün bu qədər önəmli olub?».

«İLHAM ƏLİYEV ÖZÜNƏ TƏSKİNLİK VERİR»

Ə.Kərimli İ.Əliyevin çıxışında müxalifəti «beşinci kolon», «ünsür», «antimilli qüvvə» adlandırmasını da cavablandırıb.

AXCP sədri deyib ki, İ.Əliyev bu çıxışı ilə müxalifətə radikal, hətta düşmən münasibətin haradan qaynaqlandığının üstünü açıb: «Buradan görünür ki, bu sərgilənmə hökumət mediasından, ayrı-ayrı məmurlardan, sifarişlə seçilən deputatlardan yox, birbaşa İ.Əliyevin özündən qaynaqlanır».

Ə.Kərimliyə görə, kim özündə nə yoxsa ondan danışar: «Sovet rejiminə qarşı mübarizədə, Azərbaycan dövlətçiliyinin qurulmasında, müstəqillik uğrunda mübarizədə nə İ.Əliyev, nə də komandası iştirak edib. İ.Əliyev hakimiyyətə miras olaraq yiyələnib. Odur ki, bizlərə antimilli deməklə özünə təskinlik vermək istəyir».

İ.Qəmbər
İ.Qəmbər

'Çıxaq TV-yə, bütün bu mövzuları geniş müzakirə edək'

«1992-1993-cü illər Azərbaycan xalqının tarixində ən şərəfli səhifələrdən biridir».

Bunu isə Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) rəhbəri, parlamentin keçmiş sədri İsa Qəmbər mayın 10-da keçmiş prezident Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı keçirilən tədbirdə prezident İ.Əliyevin müxalifət haqda dediklərinə münasibətdə bildirib.

İ.Qəmbər Müsavat Partiyasının və bütövlükdə müxalifətin indi kifayət qədər güclü olduğunu deyib. Onun fikrincə, bu qüvvələrin xalqla bütünləşməsi zaman məsələsidir və insanları repressiyalarla susdurmaq daimi ola bilməz.

İ.Qəmbər İ.Əliyevin AXC-nin hakimiyyət dövrünü tənqid etməsini də əsassız sayır: «İlk dəfə deyil ki, İ.Əliyev hakimiyyətdə olmuş milli-demokratik qüvvələrə qarşı yalan və böhtana əsaslanan ittihamlar deyir. Əgər o, özünü söhbətə hazır hesab edirsə, çıxaq TV-yə, bütün bu mövzuları geniş və hərtərəfli müzakirə edək. Digər tərəfdən, əgər müxalifət, milli-demokratik qüvvələr bu qədər zəif və gücsüzdürsə, əgər bizim hakimiyyət zəif, bacarıqsız olubsa, bu mövzularda 24 il danışmağa nədən bu qədər ehtiyac duyur?»,-deyə İ.Qəmbər sual edib.

XS
SM
MD
LG