Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:42

'İlham Əliyevin sultan elan olunacağı günü ağla gətirmək...'


İlham Əliyev
İlham Əliyev

Azərbaycanda hakimiyyət ciddi qorunan ailə biznesidir. Bunu Opendemocracy.net portalında Sergey Rumyantsev yazır və bunun səbəblərini araşdırır. Bakı Dövlət Universitetinin məzunu olan Rumyantsev-in sosiologiya üzrə doktorluq dərəcəsi var və Berlindəki Müstəqil Sosial Araşdırmalar Mərkəzinin (CISR) tədqiqatçısıdır.

Müəllif paytaxt Bakıda ucu-bucağı görünməyən fasadların həyatın daha çirkik tərəfini ört-basdır etdiyini yazır. Əcəba, bütün bu fasadlar və hasarlar sökülsəydi, qarşımızda necə bir Azərbaycan görərdik?

«GƏNC ƏLİYEV PARLAMENTDƏ OTURA BİLƏR»

Bu sualı qoyan Rumyantsev ölkə rəhbərlərinin texniki baxımdan seçildiyini, amma əslində, hakimiyyətin irsən keçdiyini qeyd edir. Sonucda Əliyevlər ailəsi 20 ildən çoxdur ölkəyə nəzarəti saxlayır, - məqalədə oxuyuruq. Üstəlik, fevralda birinci xanım Mehriban Əliyeva birinci vitse-prezident təyin olunub. Yəni, ölkə başçısının başına bir iş gəlsə, ölkəni onun ambisiyalı həyat yoldaşı idarə edəcək. Müəllif bu zaman Əliyevlər ailəsi daxilində hakimiyyətin üçüncü transferinin baş verəcəyini, daha dəqiqi, Əliyevlər-Paşayevlər ailəsinə keçəcəyini vurğulayır.

«Böyük ehtimalla, «Kral evi»nin qaydalarına uyğun olaraq, ikinci Heydər Əliyev, hazırkı prezidentin oğlu bu yüksək posta hazırlanır. İndiki məqamda durumun necə inkişaf edəcəyini söyləmək spekulyativ olardı. Amma bir şey aydındır – 2020-ci ildə növbəti parlament seçkiləri imitasiyasından sonra gənc Əliyev parlamentdə otura bilər. Bu da onun İlham Əliyevin varisi kimi rəsmi nominasiyası yönündə ilk addım olar», – məqalədə belə deyilir.

Müəllif daha sonra 1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyevin ölkənin siyasi mənzərəsini yenidən qurduğunu, avtoritar rejim yaratdığını qeyd edir. O, islahatlara, radikal siyasi ictimai dəyişikliyə vaxt sərf etmədi, öz bildiyi yolu seçdi. Sədri olduğu Yeni Azərbaycan Partiyası bütün paralellərdə keçmiş Kommunist Partiyasını yada salır. Sovet ideologiyası populist millətçilik şüarları ilə əvəzlənib. Politbüro daha yoxdur, amma ölkənin ən böyük partiyasının daimi sədrinin prezidentliyə namizədliyini vermək ənənəsi qalır…

İ.Əliyev və M.Əliyeva
İ.Əliyev və M.Əliyeva

REJİM TƏRƏFDARLARI

Yazıda ölkədə müxalifətin sıxışdırılmasından da söz açılır. Müxalifət partiyalarına resurs uğrunda mübarizə məkanı qalmadığı vurğulanır. «Heydər Əliyev rejimin imicini yaxşılaşdırmaq xatirinə bütün bu qruplara kiçik güzəştlərə gedərdi. Amma onun əksinə olaraq, İlham Əliyev dövründə hökumətə qarşı hər hansı mübarizə sona çatıb. Hətta bunun imitasiyasına da yol verilmir», – müəllif yazır.

Amma rejimin, eyni zamanda, tərəfdarlarının sayını da artırdığı vurğulanır. Parlamentə deputatlar seçilmir, təyin olunur. Parlamentdəki yer sədaqətə görə mükafat sayılır. İcra hakimiyyəti başçıları təyin olunur. Ən yüksək postları tutan rəsmilər də uzun illər Əliyevlərə sadiqlik ortaya qoymuş şəxslərdir. Müəllif hökumətdə mövqe tutmağın ailə və regional əlaqələrdən asılı olduğunu iddia edir. Ən çox arzulanan vəzifələr də «silovik»lərdir, yəni, təhlükəsizlik xidmətləri, daxili işlər nazirliyi, ordudakı postlar.

Məqalədə qeyd olunur ki, 2014-cü il böhranı hakimiyyətin artan ambisiyalarına böyük zərbə oldu. Hakim ailənin iqtisadi çətinliklərlə bacarmadığı ortaya çıxdı. Hazırda kiçik miqyasda sosial itaətsizliyi hakimiyyət dərhal yatırdır. Amma problem qalmaqdadır: daha sədaqəti satın almağa resurs da azalıb.

İsmayıllı
İsmayıllı

SİYASİ OKSÜMORON

«İndilik böhran ötüşə, Əliyevlər də hakimiyyətdə qala bilər. Amma iqtisadi çətinliklər yenə qayıdacaq, yaxud neft və qazın tükənəcəyi gün gələcək. 25 illik müstəqillik dövründə Əliyevlər sülaləsi miras aldığı ölkədə davamlı rifahı irəlilətmək gücündə olmadığını göstərib», – yazan müəllif hazırkı sistemin yalnız ölkənin resurslarını yaxşıca taladığını, əvəzində, çox az şey yaratdığını vurğulayır və çarəni yalnız radikal iqtisadi islahatlarda görür. Bu halda isə Əliyevlər bürokratlar və büdcə işçiləri ordusunun dəstəyini itirmiş olar, Əliyevlər sülaləsinin də sonu gələr: «Bu zaman onların sonunu müxalifətin etirazları deyil, sırf iqtisadi və sosial itaətsizlik gətirər».

Sergey Rumyantsev-in fikrincə, hazırkı sistemin dizaynı onun uzunmüddətli gələcəyinin olmadığını göstərir. «Əliyevlərin məqsədlərinə nə dərəcədə çatmalarından asılı olmayaraq, İlham Əliyevin ömürlük prezident, yaxud sultan elan olunacağı günü ağla gətirmək çətindir. … Bugünkü reallıqda, Azərbaycanın Avropa siyasi arenasında rol oynamalı olduğu bir dönəmdə Əliyevlər ailəsinə yalnız avtoritar qəsbkar kimi baxılacaq – prezident sülaləsinin özü belə siyasi oksümoron (siyasətə zidd) sayılacaq», – məqalə bu sözlərlə bitir.

Hakimiyyət təmsilçiləri, adətən, ölkədə demokratik prinsiplərin pozulmasıyla bağlı tənqidləri qəbul etmir, bütün təməl hüquq və azadlıqların qorunduğunu bildirir.

XS
SM
MD
LG