Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:45

İlham Əliyev: ‘Neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq’


İlham Əliyev (Foto arxivdəndir)
İlham Əliyev (Foto arxivdəndir)

“Ölkə iqtisadiyyatı tənəzzülə uğrayıb, amma bəzi sahələrdə inkişaf da var”.

Prezident İlham Əliyev iyulun 6-da yerli telekanallara verdiyi müsahibədə belə deyib:

“Misal üçün, kənd təsərrüfatı. Biz beş ayın yekunlarına görə bu sahədə 3 faizdən çox artım gördük. Kənd təsərrüfatı sahəsində aparılan islahatlar və şəffaflıq bugün çox yaxşı nəticələrə gətirib çıxarır. Qeyri-neft sənayesi sahəsində artım beş ay ərzində 16 faiz olub. Bu da son illər ərzində sənayeləşmə prosesinin təzahürüdür. Ona görə mən hesab edirəm ki, biz bütövlükdə bu ili də lazımi səviyyədə başa vuracağıq”.

Dövlət başçısının sözlərinə görə, dünya bazarlarında neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, altı ay ərzində ölkənin valyuta ehtiyatları cəmi 98 milyon dollar azalıb:

“Əgər bizim büdcəmizdə neftin qiyməti 55 dollar hesablanıbsa, altı ay ərzində neftin orta qiyməti 38 dollar olub. Yəni, bu, bizim üçün böyük itkidir. Bəzi günlərdə daha aşağı düşürdü. Hətta bildiyiniz kimi, özünü müxalifət adlandıran bəzi nümayəndələr bir-birini təbrik edirdilər, toy-bayram edirdilər ki, neftin qiyməti 14 dollara düşüb və beləliklə, ölkə böyük problemlərlə üzləşəcək. Bilirsiniz, Azərbaycan xalqı bu iyrənc mənzərəni görərkən bir daha əmin olur ki, kim kimdir. Çünki neftin qiymətinin düşməsi, ilk növbədə, insanların sosial məsələlərinin həllində özünü göstərəcək”.

İlham Əliyev deyib ki, neftin qiyməti uzun müddət aşağı səviyyədə olarsa, investisiya xərcləri azaldılacaq, bu halda işsizlik artacaq, sosial xərclər ixtisar ediləcək və insanlar bundan əziyyət çəkəcəklər.

“Hesab edirəm ki, bugün neftin qiymətinin düşməsinə sevinən bir Ermənistandır, bir də özünü müxalifət adlandıran antimilli şura. Çünki hər ikisi Azərbaycan dövlətçiliyinə düşmənçilik hissləri ilə yaşayır. Bunu Azərbaycan xalqı bilməlidir. Amma mən demişəm, neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik”.

"Biz hələ müsbət dinamikaya çıxmamışıq..."

İlham Əliyev pandemiyadan da danışıb:

“Deyə bilərəm ki, bir müddət bundan əvvəl yoluxanların sürətlə artan sayı indi sabitləşib. Son bir neçə gün ərzində, dediyim kimi, artıq 500 ətrafında yeni yoluxan insan var. Ancaq biz hələ müsbət dinamikaya çıxmamışıq. Bu günə qədər xəstələnənlərin sayı sağalanların sayından çoxdur və bu mənfi dinamika, qeyd etdiyim kimi, bizim səhiyyə sistemimizə də əlavə yükdür”.

Dövlət başçısı karantin rejiminin nə qədər davam edəcəyi haqda sualın cavabında bildirib ki, “rejim daha da sərtləşəcək, yoxsa yumşalacaq, bunu yaxın gələcəkdə görmək mümkündür”.

O, infeksiya ilə mübarizədə dövlət tərəfindən bütün lazımi addımların atıldığını söyləyib. İlham Əliyevin qənaətincə, xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir:

“Onlar sadə qaydaları gözləmirlər, bunlara əməl etmirlər. Ona görə biz məcbur olub cərimələri artırdıq. Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmağa məcbur oluruq. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidirlər”.

Dükan şəbəkəsinin sahibi: 'Hökumətin məqsədi bizi boğmaqdır'
Gözlə

No media source currently available

0:00 0:03:49 0:00

"Məşhur bir oteldə baş verən o biabırçı hadisə..."

Prezident iyulun 5-də paytaxtda “Fairmont Baku” otelində olanlara da toxunub:

“Dünən məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir. Ona görə, əlbəttə, Azərbaycan polisi düz edərək müdaxilə edib. Polis orqanlarına mənim tərəfimdən çox ciddi göstəriş verilibdir ki, bütün pozuntulara adekvat reaksiya verilməlidir”.

Prezident COVİD-19-la mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətindən də danışıb:

“Əlbəttə, hər bir məsələ müqayisə tələb edir və deyə bilərəm ki, bizimlə əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 mindir, ölənlərin sayı 10 mindir. O ölkələrin səhiyyə sistemi bir çox hallarda nümunə kimi göstərilirdi. Bu, onu göstərir ki, heç bir ölkə tam şəkildə özünü sığortalanmış hesab edə bilməz və bu xəstəlik sərhəd tanımır. Ona görə beynəlxalq əməkdaşlığa daha böyük ehtiyac var və Azərbaycan bu istiqamətdə lazımi addımları atır”.

Azərbaycanda bir sıra müşahidəçilər, iqtisadçılar hökumətin koronavirusla mübarizəsini tənqid edirlər. Onların fikrincə, hökumət vaxtında sərhədləri bağlamadı, bundan başqa xüsusi karantin rejiminin yumşaldılmasına tələsməklə yoluxmaların sayının sürətlə artmasına imkan yaratdı. Eyni zamanda, iki həftəsonu ard-arda evdən çıxma yasağı ilk gündən etirazla qarşılandı və az sonra hökumət təmsilçiləri onun səmərəsizliyini özləri də etiraf etdilər.

Hər gün KİV-də, sosial mediada koronavirusa yoluxmuş çox sayda insan müalicə ala bilmədiyini, onlara "xəstəxanalarda yer yoxdur" cavabının verildiyini, evdə müalicə almalı olanlar dərman tapa bilmədiklərini söyləyirlər.

Q.İbrahimli
Q.İbrahimli

"Ölkə iqtisadiyyatı buna adekvatdırmı?"

O ki qaldı dövlət başçısının "neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq" fikrinə, iqtisadçı Qadir İbrahimli AzadlıqRadiosuna deyir: "Prezidentin sözlərində həqiqət payı var və Azərbaycanın maliyyə imkanları yetərincədir. Yaxın bir neçə ildə neft gəlirləri olmadan da ölkə ayaqda qala bilər".

Ancaq iqtisadçı sual edir: "Ölkə iqtisadiyyatı buna adekvatdırmı?".

Q.İbrahimli Azərbaycan iqtisadiyyatının neft və xidmət sektorundan ibarət olduğunu qeyd edir: "Neft sektoru sıradan çıxırsa, qalır xidmət sektoru, yəni, şadlıq sarayları, restoran, kafelər, avtomobil təmiri sexləri və s. Bu sektor da sıradan çıxmaqdadır. Kafelər, restoranlar işləmir, digərləri də getdikcə zəifləyir".

İqtisadçının fikrincə, bu durumda hökumət strateji qərarlar verməlidir, özəl sektora dəstəyini əsirgəməməlidir. O, bütün dünyada pandemiya dövründə iqtisadi addımlar atıldığını, ancaq Azərbaycanda süstlük, hərəkətsizlik müşahidə edildiyini, verilən qərarların isə alayarımçıq olduğunu, real duruma adekvat olmadığı qənaətindədir.

"Azərbaycanın maliyyə resursları olsa da, böhrandan çıxmaqla bağlı strategiyası, əsaslandırılmış qərarları olmalıdır. Təəssüf ki, bu yoxdur", - Q.İbrahimli deyir.

Bəzi yerli iqtisadçılar da bu fikirdədirlər ki, postpandemiya dövründə Azərbaycanı daha ağır günlər gözləyir.

XS
SM
MD
LG