Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:51

Kəlbəcər köçkünü: 'Elə ev yoxdur ki, ailədə kimisə ilan sancmasın'


İmişlidə köçkünlərin düşərgəsi
İmişlidə köçkünlərin düşərgəsi

"Çox acınacaqlı durumda yaşayırıq. İşsizlik, şəraitsizlik, sosial çətinliklər bizi burdan da qaçqın salıb".

Bunu AzadlıqRadiosu-na Kəlbəcərin Narınclar kəndindən məcburi köçkün düşüb İmişlidəki qış otlaq sahələrini yaşayış yerinə çevirənlərdən biri Şəfiqə Aslanova deyir.

Buna da bax:​ İnəklər, ev quşları kütləvi qırılır, səbəbi aydın deyil...

“BİR TİKƏ ÇÖRƏK ÜÇÜN YAŞAMAĞA MƏCBURDURLAR”

77 yaşlı Şəfiqə xanımın üç oğlu, iki qızı var. Ancaq övladlarının heç biri yanında deyil. Səbəbindən danışır:

"Səbəbi odur ki, övladlarım ailələrini dolandıra bilmir, əvvəl Bakıya getdilər, orda da gün görmədilər, məcbur qalıb Rusiyaya köçdülər. Rusiyanın elə bir yerində yaşayırlar ki, hər gün həyatları təhlükədədir. O ərazidə azərbaycanlılara xüsusi nifrət var. Ancaq bir tikə çörək üçün orda yaşamağa məcburdular. O vaxtdan mağazalara yığılıb qalan borclarımızı verdik. Mənim müalicəmə görə İmişlinin özündə apteklərdən nisyə dərmanlar almışdı, pul göndərdi, o borcları da qaytardıq".

Ərazidəki əksər ailələrdə bu durum hökm sürür – ya ailənin başçısı, ya da övladları çörəkpulu qazanmaq üçün kənarlara üz tutub.

Buna da bax: İçməli su kanalizasiya sularına qarışıb

“BİR GÖZÜMÜZ AÇIQ YATIRIQ”

Köçkünlərin çoxu vaxtilə bura köç edərkən özlərinin palçıqdan düzəltdikləri daldalanacaqlarda yaşamağa davam edir. Şəfiqə xanım deyir, elə ev yoxdur ki, ailədə kimisə ilan sancmasın:

"Biz 25 ilə yaxındır ki, gecələri bir gözümüz açıq yatırıq. Əsasən də yay aylarında gecənin bir vaxtı fışıltıya ayılırıq. Bir də baxırsan ki, evin tavanından iki, üç ilan bir-birinə qıvrılıb sallanıb. Çox acınacaqlı vəziyyətdə yaşayırıq. Hökumətdən istədiyimiz odur ki, bizim halımıza tezliklə bir çarə etsinlər. Biz deyəndə ki, köhnə nəsil elə bu şəraitsizlikdə qırıldı getdi, heç olmasa, təzə nəslə qıymasınlar. Yazıqdılar, onlar da bir gün görsünlər".

Susuzluq, işıqların tez-tez sönməsi, odun çatışmazlığı, bərbad yol köçkünlərin başlıca problemlərindəndir. İçməli su isə həftədə bir dəfə əraziyə gələn su maşınından alınır. Əsasən yay aylarında susuzluq insanların axırına çıxır.

Buna da bax:​ Köçkün: 'Hökumət papağını göyə atsın ki...'

Köçkünlərin deməsinə görə, ərazidə həkim, tibb bacısı yoxdur, ağır xəstəni rayon mərkəzinə aparmaqsa o xəstənin dözümlülüyünə bağlıdır. Yaşı çox olanlar ağır xəstələnəndə xəstəxanaya yetişdirincə gözlərini həmişəlik yumurlar.

“PROBLEMLƏR MÜVƏQQƏTİDİR”

Köçkünlər ciddi məktəb problemi də yaşayırlar. Onlar yeni məktəb tikilməsi üçün aidiyyəti qurumlara müraciət ediblər. Ancaq azyaşlılara hələ də darısqal və şəraitsiz otaqlarda dərs keçilir.

Buna da bax:​ Milabad sakinləri: '10 ildir kanal suyunun içində yaşayırıq'

İmişli rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, rayon ərazisində məskunlaşan köçkünlərin problemləri ilə Kəlbəcər rayon İcra Hakimiyyəti məşğul olur:

"Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün dövlətin bir sıra layihələri var. Bunlardan biri də onların mənzillə təmin olunmasıdır. Bu da mərhələ-mərhələ gerçəkləşdirilir. İmişlidə köçkünlərə qəsəbələr salınır, işğal altında olan müxtəlif rayonlardan gəlib burda məskunlaşmış ailələrə evlər verilir. Dövlətin köçkünlərə böyük qayğısı danılmazdır. Qeyd olunan ərazidəki problemlər də müvəqqətidir".

XS
SM
MD
LG