Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:37

İşdən çıxarılan müəllim məhkəməyə çəkilir


Leyla Nəcəfquliyeva
Leyla Nəcəfquliyeva

İmişli rayonunun Aranlı kəndindəki 1 saylı tam orta məktəbin sabiq müəllimi Leyla Nəcəfquliyeva işə bərpa olunmaq uğrunda mübarizə apardığı bir vaxtda onun özünə qarşı da iddialar qaldırılıb. Bu barədə AzadlıqRadiosuna onun özü məlumat verib.

L.Nəcəfquliyevanın sözlərinə görə, İmişli rayon təhsil sektorunun müdiri Kərim Kərimov onu "ağır və xüsusilə ağır cinayətlərdə ittiham etməklə böhtan atma"da təqsirləndirərək barəsində xüsusi ittiham qaydasında şikayət verib.

Dünən, oktyabrın 17-də Yasamal rayon Məhkəməsi sektor müdirinin şikayətini icraata götürməkdən imtina edib. Bu barədə vəkili Rövşanə Rəhimli açıqlama yayıb. K.Kərimovun məhkəmənin bu qərarından şikayət edib-etməyəcəyini, hələlik, dəqiqləşdirmək mümkün olmayıb.

İkinci iddia

Yasamal rayon Məhkəməsi oktyabrın 23-də L.Nəcəfquliyeva barəsində verilmiş daha bir şikayətə baxmalıdır. Bu dəfə isə Mil-Muğan regional Təhsil İdarəsinin mühasibi Rahim Hüseynov "şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi" ilə bağlı iddia qaldırıb. O, bu arada barəsində yayılmış bəzi məlumatların təkzib olunmasını və mənəvi zərərə görə 1000 manat təzminat tələb edir.

Leyla Nəcəfquliyevanın şikayəti

L.Nəcəfquliyeva isə işdən çıxarılmasını qanunsuz hesab edir. O, bununla bağlı Sabirabadda yerləşən 1 saylı mediasiya təşkilatına müraciət edib. Deməsinə görə, oktyabrın 26-da ilkin mediasiya sessiyasının təyin edilməsi barədə bildiriş alıb.

Xatırlatma

İmişli rayon Aranlı kəndindəki 1 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi işləyən L.Nəcəfquliyevanın bu il oktyabrın 16-da uşaqları yerdə xalça üstündə əyləşdirməklə dərsi açıq havada keçirməsi və bunu sosial media hesabında paylaşması onun işdən çıxarılması ilə nəticələnib. Mil-Muğan regional Təhsil İdarəsi müəllimin öz şəxsi məqsədləri üçün uşaqlardan alət kimi istifadə etdiyini, bununla da təhsilalanların sağlam və təhlükəsiz şəraitdə təhsil almaq hüquqlarını, həmçinin "Təhsilverənlərin etik davranış Qaydaları"nı kobud şəkildə pozduğunu iddia edib.

L.Nəcəfquliyeva isə bu iddiaların hazırda mübahisə predmeti olmadığını bildirir. O, Milli Məclisə keçirilmiş son seçkilərdə deputatlığa qeydə alınmış namizəd olduğunu vurğulayır: "Məktəb direktoru mənim işdən çıxarılmağım barədə əmri seçkilərin rəsmi nəticələri dərc olunmadığı bir vaxtda verib. Həmin vaxt mənim toxunulmazlıq hüququm olub".

Üstəlik, o qeyd edir ki, uşaqlara açıq havada dərs keçməsi yeni tikilmiş məktəb binasının istifadəyə verilməsinin ləngidilməsinə görə olub.

Ötən il də L.Nəcəfquliyeva çalışdığı məktəbdə ayaqyolu olmaması ilə bağlı video çəkib paylaşmaqla gündəmə gəlmişdi.

XS
SM
MD
LG