Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:47

'Homo longi' – yeni insan növü?


Müasir insanın (Homo sapiens) kəllələri ilə Neandertal insanın kəlləsi (sağda)
Müasir insanın (Homo sapiens) kəllələri ilə Neandertal insanın kəlləsi (sağda)

İnsanın təkamülü ilə bağlı elmə bəlli olmayan çox şey var. Aparılan son tədqiqatlar nəticəsində "Homo" cinsinin başqa bir üzvü sayıla biləcək yeni növ aşkarlanıb. Digər tapıntılarsa Yaxın Şərqdə üç insan növünün bir-biri ilə çarpazlaşdığını ehtimal etməyə əsas verir.

"Homo longi" — "əjdaha adam" deməkdir. Bu ad Çin dilindən latın dilinə, latın dili vasitəsilə digər dillərə tərcümə olunub. "The Economist" jurnalı yazır ki, "homo longi" yeni tapıntı deyil, mövcud tapıntının yeni təfsiridir. "Homo longi"nin kəllə sümüyü hələ 1933-cü ildə Harbində qazıntılar nəticəsində tapılıb və o zamandan bəri Hebey GEO Universitetində saxlanılıb. 146 min yaşı olan bu sümük əvvəlcə "Homo sapiens"in arxaik formalarına aid edilib.

Müasir insana bənzərliyi və fərqləri

Ancaq universitetin əməkdaşları Ni Sicun Ci Cian bu fikirlə razılaşmır. Onların "Innovation" jurnalında dərc etdirdikləri məqalədə deyilir ki, bu kəllə sümüyünün daşıdığı beynin həcmi müasir insanın beyninin həcminə oxşar olub. Ancaq bu kəllə sümüyü "Homo sapiens"inkindən çox böyükdür. Üstəlik, azı dişləri və göz yuvaları da müasir insanınkından xeyli iridir. Doktor Ni və doktor Ci, eyni zamanda, kəllə sümüyünün "Homo sapiens"inkindən daha uzun və daha yastı olduğunu da görə biliblər. Bu kəllə sümüyü müasir insanın kəlləsi kimi dəyirmi deyil.

"The Economist" yazır ki, bu, yeni Afrika mənşəyi nəzəriyyəsinin tərəfdarları üçün yaxşı xəbərdir. Bu nəzəriyyə iddia edir ki, bu gün həyatda olan qeyri-afrikalı insanların əksəriyyəti 60 min il bundan əvvəl Afrikadan Asiyaya keçmiş azsaylı qrupun nəsilləridir. Bu isə o deməkdir ki, o dövrdən daha əvvələ aid hər hansı insan qalıqları, güman ki, daha öncəki, "sapiens" olmayan insan növünə aiddir.

Nəsli kəsilmiş insan növü

Harbin insanının hansı daha öncəki növə aid olması maraqlıdır. Onu məlum olan bütün arxaik insan növləri, o cümlədən "Homo erectus", "Homo floresiensis", "Homo heidelbergensis" və "Homo neanderthalensis" ilə müqayisə edən doktor Ni və doktor Ci belə nəticəyə gəliblər ki, "Harbin adamı" bunların heç birinə aid deyil. Buna görə də onun öz adı olmalıdır.

Ancaq başqa bir ehtimal da ola bilər: nəsli kəsilmiş, kəllə sümüyü isə hələ tapılmamış daha bir arxaik insan növü ola bilər. Məsələn, "Homo denisova"nın mövcudluğu barmaq sümüyündən alınmış DNT vasitəsilə müəyyənləşdirilib. Növlərarası çarpazlaşmanın məhsulu olan həmin DNT-nin izləri müasir insanlarda, xüsusilə də Çində qalmaqdadır. "Harbin adamı"nın azı dişlərindən biri Rusiyadakı "Denisova" mağarasından tapılmış dişin ölçü və kök strukturuna tam uyğun gəlir. Bu səbəbdən doktor Ni və doktor Cinin, əslində, "Homo denisova"ya məxsus kəllə sümüyünü aşkarladıqlarını da ehtimal etmək olar.

Növlərarası çarpazlaşma

Təl-Əviv Universitetindən İsrael Herşkovitsin "Science" jurnalında dərc etdirdiyi başqa bir araşdırmada da növlərarası çarpazlaşmadan söz açılır. Hətta yeni Afrika mənşəyi nəzəriyyəsinin tərəfdarları da "Homo sapiens"in daha əvvəlki vaxtlarda da Afrikadan Yaxın Şərqə sızdığını qəbul edirlər. Doktor Herşkovits və həmkarları İsraildəki Neşer Ramla ərazisindən tapılmış, 120 min – 140 min il əvvələ aid qalıqları öyrənirlər. Tapılan qalıqların "sapiens"ə bənzər çənə sümükləri, neandertalı xatırladan azı dişləri və "homo erektus"unku kimi kəllə sümükləri var. Bu isə alimlərə onu deməyə əsas verir ki, bu üç insan növü arasında çarpazlaşma olub.

Yüz min illərlə bir-birindən ayrı təkamül etmiş insan qrupları arasında çarpazlaşmanın olması son dərəcə maraqlıdır. "Müasir asiyalılarda "Denisova" insanının, müasir avropalılarda isə "neandertal" insanının genləri tapılır. Bəzi müasir afrikalılarda isə, hələlik, heç bir qalığı aşkar edilməmiş "ruh” hominidinin izləri tapılır. Görünür, "Homo sapiens"in nəsil şəcərəsi ailə ağacından çox dünya şəbəkəsidir", – jurnal yazır.

XS
SM
MD
LG