Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:49

Azərbaycanın internet provayderləri niyə problemlərlə üzləşir?


Peyk interneti Azərbaycanda nə qədər əlçatandır?
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

Peyk interneti Azərbaycanda nə qədər əlçatandır?

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və "Bakı Telefon Rabitəsi" (Baktelecom) MMC-lərin antiinhisar qanunvericiliyini pozmasını müəyyənləşdirib. Dövlət Xidməti özəl internet provayderlərdən gələn müraciətlər əsasında bu iki qurum haqqında araşdırma başlatmışdı. Araşdırma çərçivəsində özəl internet provayderlərinə göstərilən xidmət tariflərində artımların tətbiq edilməsinin antiinhisar qanunvericiliyinin tələblərinə uyğunluğu öyrənilib.

Üzə çıxarılıb ki, MMC-lər dövlətin (Tarif Şurasının) tənzimlədiyi xidmətlərlə eynipredmetli xidmətlərin tariflərini müəyyənləşdirib və bununla da bir sıra qanunvericilik aktlarının tələblərini pozub. Xidmət tariflərinin hesablanmasına dair qaydaların qanunvericiliyin tələblərinə uyğun dəyişdirilməsinə və hər iki quruma pul cəriməsi tətbiq edilməsinə qərar verilib. Cərimənin məbləği 16 min 500 manatdır. "Aztelekom" açıqlama yayaraq qəbul edilən qərarla bağlı məhkəməyə üz tutacağını bildirib.

"Aztelekom" və "Baktelecom" nə iş görür?

"Aztelekom" və "Baktelecom" dövlətə məxsus internet provayderləridir. Azərbaycan dünyada azsaylı ölkələrdəndir ki, bu sahədə özəl sektorun payı aşağıdır. Əslində ölkədəki özəl internet provayderlərini internetlə təmin edən də elə "Aztelekom" və "Baktelecom"dur. Ekspertlər Azərbaycanda internetin sürəti və qiyməti ilə bağlı narazılıqların olmasını da məhz elə bu sahədə dövlətin payının yüksək olması ilə əlaqələndirirlər. Axı özəl sektorun inkişafı rəqabətin yaranması deməkdir. Rəqabətsə həm xidmət keyfiyyətinin artmasına, həm də qiymət səviyyəsinin normal həddə olmasına yol açır.

Azərbaycanın internet sektoru ilə bağlı daha bir problem bazarda müstəqil tənzimləyicinin olmamasıdır. Müstəqil ekspertlərin fikrincə, bu sektorun inkişafı baxımından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) kommersiya yetkilərinə son qoyulmalıdır, çünki eyni qurumun həm tənzimləmə, həm də satışla məşğul olması maraq toqquşması doğura bilər. Hökumətin açıqlamalarında da ölkədə müstəqil tənzimləyici yaradılmasının planlaşdırıldığı bildirilib. 2016-cı ildə təsdiqlənən telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsində qeyd edilən strateji hədəflərdən biri ölkədə müstəqil tənzimləyici qurumun yaradılması idi. Ancaq yol xəritəsinin qəbulundan 7 il ötsə də, hökumət hələ də bu vədini yerinə yetirməyib.

Özəlləşdirmə ilə bağlı tutulmayan vədlər

Hökumət müstəqil tənzimləyici qurumun yaradılması ilə yanaşı, digər bir vədini də yerinə yetirməyib. Bu vəd "Aztelekom" və "Baktelecom" şirkətlərinin özəlləşdirilməsi ilə bağlı idi. Az öncə adıçəkilən sənəddə vurğulanırdı ki, RİNN nəzdində fəaliyyət göstərən "Aztelekom" MMC, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (Baktelecom) və "AzInTelecom" MMC kimi təşkilatların özəlləşdirilməsi, eləcə də nazirliyin digər müəssisələrdəki dövlətə məxsus paylarının təqdim edilməsi nəzərdən keçirilə bilər. Bu çərçivədə müstəqil tənzimləyici qurum yaradılanadək RYTN-in daha effektiv fəaliyyət göstərməsi üçün həmin sahələrə özəl yatırım cəlb etmək imkanları dərin və dolğun şəkildə incələnəcəkdir. Bu qurumların özəlləşdirilməsinin gecikməsi həmin qurumlarla bağlı problemlərin də davam etməsinə yol açır.

Təbii inhisarlarla bağlı qanunvericilik pozulur

Nazirlər Kabinetinin 2013-cü ildə qəbul etdiyi qərara görə, "Aztelekom" MMC, "Bakı Telefon Rabitəsi" MMC kimi dövlət rabitə şirkətləri təbii inhisar subyektlərinin siyahısına daxil edilmişdi. Ancaq müstəqil ekspertlərin fikrincə, "Antiinhisar fəaliyyəti haqqında" və "Təbii inhisarlar haqqında" qanunlarda müəyyənləşdirilən "təbii inhisar" anlayışı bu qurumların fəaliyyətinin xarakterinə uyğun deyil. Axı real təcrübədə həm sabit telefon, həm də genişzolaqlı internet xidmətləri bazarında çoxsaylı bazar oyunçuları, eləcə də özəl subyektlər var və "əvəzlənməyən bazar durumu" yoxdur.

Beləcə, bəlli olur ki, əslində internet xidmətlərinin bu qurumların təbii inhisarına verilməsi bir o qədər də zəruri məsələ deyil. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin bu iki qurumu cəzalandırmasından üzə çıxır ki, onlar hətta təbii inhisara sahib olduqları halda belə, qiymətlərin müəyyənləşdirilməsində qanun pozuntusuna yol verirlər.

XS
SM
MD
LG