Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:54

İntiqam Əliyevin şikayəti təmin olunmadı


İntiqam Əliyev
İntiqam Əliyev

-

«Ötən məhkəmə iclasından sonra İntiqam Əliyev Avropa Vəkillər Assosiasiyasının mötəbər mükafatına layiq görüldü. Bu, İntiqam Əliyev həbsdə olduğu müddətdə ona təqdim olunan dördüncü mükafatdır. Bir Nobel Mükafatı qalıb, yəqin onu da verərlər...».

Bunu fevralın 24-də Ali Məhkəmədə hüquq müdafiəçisi İntiqam Əliyevin kassasiya şikayətinə baxılarkən vəkili Cavad Cavadov deyib.

Prosesə hakim Gülzar Rzayeva sədrlik edib. Ötən məhkəmə iclasında vəkil Cavad Cavadov kassasiya şikayətinin dəlilləri ilə bağlı çıxış etmişdi. Lakin sonradan məhkəmə tərkibində dəyişiklik olub və hakim Fərhad Kərimovu Əhməd Əhmədov əvəzləyib.

«XƏTŞÜNASLIQ EKSPERTİZASI KEÇİRİLMƏDİ»

Bu səbəbdən vəkil dəlilləri təkrar səsləndirməli olub. Cavad Cavadov bildirib ki, İntiqam Əliyevin Bakı Ağır Cinayətlər Məhkəməsində işinə baxılarkən Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin tələbləri pozulub:

«Təqdim etdiyimiz sübutlara əhəmiyyət verilməyib. Qrant müqavilələrinin qeydiyyatdan keçdiyini təsdiqləyən sübutumuz qəbul olunmayıb, məhkəmə xətşünaslıq ekspertizası keçirilməsinə dair vəsatətimiz təmin edilməyib. İntiqam Əliyevin ofisindən sənədlər topa şəklində, qeydiyyatı aparılmadan götürülüb və geri qaytarılmayıb. Buna görə də müdafiəni səmərəli şəkildə qurmaq mümkün olmayıb. Avropa Konvensiyasının 6-cı maddəsinin prinsipləri pozulub. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunmalı, bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməlidir».

Prokuror kassasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirib və Bakı Apellyasiya Məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını istəyib.

Təxminən yarım saatlıq müşavirədən sonra məhkəmə kassasiya şikayətinin təmin olunmadığını elan edib.

AVROPA MƏHKƏMƏSİNDƏ ARTIQ İKİ İŞ VAR

Cavad Cavadov AzadlıqRadiosuna bildirib ki, Ali Məhkəmənin qərarını alandan sonra Avropa Məhkəməsinə müraciət olunacaq:

«Hazırda Avropa Məhkəməsində İntiqam Əliyevlə bağlı iki iş var. Hər ikisi üzrə kommunikasiya başa çatıb və qərar mərhələsindədir. Bu şikayətlərin biri İntiqam Əliyevin məhkəməyə qədər həbsindən, digəri isə saxlanma şəraiti ilə bağlıdır».

İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. 2015-ci il aprelin 22-də vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə 7 il 6 ay azadlıqdan məhrum edilib.

«Amnesty International» təşkilatı İntiqam Əliyevi vicdan məhbusu elan edib.

XS
SM
MD
LG