Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:02

'Bizdə əhali pensiya alanda İran Astarasının tacirləri sevinərdilər'


Astara sakini: 'İran yüz il də bizə lazım deyil'
Gözlə

No media source currently available

0:00 0:07:12 0:00

Astara sakini: 'İran yüz il də bizə lazım deyil' (Arxiv. 2021)

"Əhalinin İrana münasibəti dəyişib"

Artıq bir neçə aydır İranda kütləvi etirazlar davam edir. İranla sərhəddə yerləşən Azərbaycanın Astara rayonunun sakini, ictimai fəal Asən Həşimli deyir ki, artıq yerli sakinlərin bu ölkəyə münasibəti dəyişib: "İstər Rusiya-Ukrayna müharibəsi, istərsə də İranda başa verən kütləvi etirazlar həyatımıza təsir edir. Eşidirik ki, İran Rusiyaya dronlar verir, Ermənistana hərbi cəhətdən kömək edir. Buna görə sərhəddə yaşayan yerli əhalinin İrana münasibəti birmənalı olaraq dəyişib".

A.Həşimli
A.Həşimli

"Çoxu da Rusiya maşınlarıdır"

Onun sözlərinə görə, 2020-ci ilə- koronavirus pandemiyasına qədər bölgədə İrana münasibət pis olmayıb: "Pandemiya ilə bağlı İrana gediş məhdudlaşdırıldı. Buna baxmayaraq, İrana məhdud sayda adamlar gedirdi. Ziyarətə, müalicəyə gedənlər olurdu. İndi o da yoxdur. Amma İrana gedən nəqliyyat yolunda sıxlıqdır, çoxu da Rusiya maşınlarıdır. İrana işləyən bir yük maşının sahibi ilə söhbət etdik. O bildirdi ki, elə bil, Azərbaycan vətəndaşlarının gəlməsini istəmirlər. İğtişaşlara görə bizi də təqsirli bilirlər".

İctimai fəal sərhəd qapılarının yaxın vaxtlarda açılacağına inanmır: "İranla həm ticarət, həm də yerli səviyyədə münasibətlər çox aşağıdır. Astara şəhərinin qərb tərəfi dağlardır, şərq tərəfi İrandır, dənizlə əhatə olunub. Bizim çıxışımız yalnız Bakı tərəfədir. Ona görə də yerli əhali İranla isti münasibətlərdə maraqlı idi. Sadə vətəndaşlar əziyyət çəkir. Çox güman ki, sərhəd yaxın vaxtlarda açılmayacaq".

Əslində koronavirusla bağlı yoluxma azalsa da, Azərbaycan rəsmiləri də xarici ölkələrlə sərhəddə tətbiq edilən məhdudiyyətlərin yaxın vaxtlarda götürüləcəyinə hər hansı eyham vurmurlar. Bunun səbəbi isə, bir qayda olaraq, izah edilmir.

V.Əhmədoğlu
V.Əhmədoğlu

"Stalin dövründə tikanlı məftildən sərhəd çəkdilər"

Ərçivan qəsəbə sakini, müəllim Vaqif Əhmədoğlu isə Astara şəhərinin tarixindən danışır: "Astara Türkmənçay müqaviləsindən (1828-ci il fevralın 10-da Qacar hakimiyyəti ilə Rusiya imperiyası arasında imzalanıb) sonra ikiyə bölünmüş Azərbaycan şəhərlərindən biridir. Ötən əsrin 30-cu illərinə qədər yerli əhalinin İranla əlaqəsi sıx olub. Stalin dövründə tikanlı məftildən sərhəd çəkdilər. Sərhəd indiyə kimi qalıb. Müstəqilliyimizdən sonra əlaqələr yarandı".

"Bizdə işsizlik yüksəkdir"

Onun deməsinə görə, İranla alış-verişin olması bölgədə işsizliyin aradan qaldırmasına kömək göstərirdi: "Bizdə işsizlik yüksəkdir. Buna görə əhali İranla alış-verişə üstünlük verirdi. Gedib İrandan ucuz mal gətirib burda satırdılar, ailələrini dolandırırdılar. İran Astarasının tacirləri da bu alış-verişdən az qazanmadılar. İran Astarasının sakinləri deyirdilər ki, onların şəhəri qısa müddətdə inkişaf edib. Bizdə əhali pensiya alanda İran Astarasının tacirləri sevinərdilər".

'14 il İranın çörəyini yemişəm' - Biləsuvardan reportaj
Gözlə

No media source currently available

0:00 0:07:19 0:00

"İrandan malları TIR-larla gətirirlər"

V.Əhmədoğlunun sözlərin görə, pandemiya, müharibələr və İranda baş verən olaylar bu münasibətləri pozub: "Gediş-gəliş yoxdur. Amma müəyyən adamlar yenə İranla dolanırlar. İrandan malları TIR-lar vasitəsi ilə gətirirlər, burada maneə yoxdur. İran Astarasında olan tacirlər də bunda maraqlıdırlar. Qiymət fərqi var - Eyni malı qapılar açıq olanda 1 manata verirdilərsə, indi 3 manata verirlər. Astara şəhərində, iri kəndlərdə İran malları satan mağazalar fəaliyyət göstərir. Sifariş də qəbul olunur. Cüzi də olsa, qiymət fərqi var. Ona görə əhali daha çox bu mağazalara üz tutur".

Xatırlatma

Son aylar İranın müxtəlif bölgələrində, o cümlədən azərbaycanlıların sıx yaşadığı Təbrizdə etirazlar baş verir. İranda insan haqlarını monitorinq edən qurumların məlumatına görə, etirazçılara divan tutulması nəticəsində 350 civarında şəxs öldürülüb. Etirazlara səbəb kimi sentyabrın 13-də hicab qaydasını pozduğu iddiası ilə Tehranda əxlaq polisinin saxladığı Məhsa Əmininin ölümü göstərilir. O, təcridxanaya aparılandan bir müddət keçmiş komaya düşüb və üç gün sonra xəstəxanada ölüb.

İranda hicab islam inqilabından (1979) sonra qadınlar üçün məcburi geyim kodeksi elan edilib. Avropa İttifaqı bundan sonra İranda bəzi rəsmi şəxslərə sanksiyalar açıqlayıb.

Üstəlik, son aylar Azərbaycan və İran arasında da müəyyən gərginliklər yaşanıb.

Oktyabrın 17-də İran Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddə, Araz çayı boyunca təlim keçirməsi Azərbaycan Milli Məclisinin bəzi deputatlarının etirazı ilə qarşılanmışdı. Onlar bunu Azərbaycana təhdid sayırdılar. Amma İranın Azərbaycandakı səfirliyi bəyan etdi ki, bu təlimlə bağlı rəsmi Bakı əvvəlcədən məlumatlandırılıb. Daha sonra isə Azərbaycan xüsusi təyinatlıları ölkənin cənubunda təlim keçdilər. Amma təlimin plan əsasında keçirildiyi bildirilirdi.

XS
SM
MD
LG