Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:36

İranla sərhəddə: 'Buradakı mağazalar bir-bir bağlanır'


Qapçıməhəllə sərhəd-keçid məntəqəsinə gedən yol
Qapçıməhəllə sərhəd-keçid məntəqəsinə gedən yol

Astara rayonunun Qapçıməhəllə sərhəd-keçid məntəqəsinə gedən yolda əvvəllər İrana keçməyi gözləyən yük maşınlarının böyük növbəsi olardı. İndi növbə yoxdur.

Bu keçiddən ən çox Rusiyaya məxsus yük maşınları istifadə edirlər. Artıq Rusiyadan gələn yük maşınların sayı azalıb.

"Maşınım xarab olub, yolda qalmışam"

Adının çəkilməsini istəməyən bir sürücü deyir ki, yüklər başqa yollarla daşınır: "Rusiyada yükdaşımalar artıb. Buraya gələn maşınlar, əsasən, sifarişə gəlirlər, şirkət maşınlarıdır. Yəqin, may ayında yük maşınlarının sayı artacaq, kənd təsərrüfatı mövsümü başlayır. İrandan gələn maşınlar o biri sərhəd-keçid məntəqəsindən keçirlər. Mənim maşınım xarab olub, yolda qalmışam. Ona görə də buradayam".

Boş yolda heç bir maşın görünmür. Nə gedən var, nə də gələn.

Qapçıməhəllə sərhəd-keçid məntəqəsindən dörd-beş kilometr uzaqda yerləşən Astara sərhəd-keçid məntəqəsinə gedən yolda isə yük maşınları hərəkət edirlər. Amma orada da yük maşınların azlığı diqqəti çəkir. Rusiyaya, İrana, Azərbaycana məxsus yük maşınlarıdır. Bu maşınlardan birinin sürücüsü də anonimlik şərti ilə deyir ki, yük az olduğu üçün maşın da azdır: "Çox vaxtı maşınlar İran ərazisinə boş gedirlər. Oradan kənd təsərrüfatı məhsulları, tikinti materialları gətirirlər. Son günlərdə İran maşınları bu tərəfə daha çox dəmir daşıyırlar. Dəmiri özləri daşıyırlar, bizə vermirlər. Yəqin ki, şirkət maşınlarıdır. Gecikmələr də olur. Bəzən maşına iki cür yük vururlar, sənəddə isə birini qeyd edirlər. Bu mallarda qiymət fərqi olur. Özlərinə problem yaradırlar. Birini tanıyıram, bir ay orada qaldı, məhkəmə etdilər, sonra buraxdılar. Qazancı batdı".

Yeni sərhəd-keçid məntəqəsinin önündə
Yeni sərhəd-keçid məntəqəsinin önündə

Başqa bir sürücü isə deyir ki, sərhəd-keçid məntəqəsinin önündə iki yük terminalı var: "İrana gedən birinci terminala, İrandan gələn yük maşınları ikinci terminala girirlər. Əvvəl bir terminal idi. İki il terminalı bağladılar, iki yerə bölüb yenidən açdılar. Terminallara girib- çıxmaq 20 manatdır. Elə maşınlar var ki, terminalın xidmətindən istifadə edir, eləsi də var ki, eləmir. Amma maşınlar bu terminalların həyətlərinə girməlidirlər".

"Qazanc indi azdır"

Sürücü maşınların ehtiyat hissələrinin baha olmasından da söz açır: "Yük maşınlarının ehtiyat hissələri bahadır. "Kamaz" markalı yük maşınlarından az istifadə olunur, əsasən Avropa maşınlarıdır. Ona görə də ehtiyat hissələri bahadır, həm də tapılmır. Qazanc indi azdır. Ayda bir-iki dəfə Bakıya yük aparsan, 300-400 manat qalsa, sevinərik".

Onun sözlərinə görə, əvvəlki illərə nisbətən sərhəd-keçid məntəqələrində iş rejimi yaxşılaşıb: "Başqalarını deyə bilmərəm. Həm Azərbaycan, həm də İran gömrüyündə münasibətlər yaxşıdır. Haradasa müharibə gedir, iranlıların bundan xəbəri yoxdur. Biz onlara nisbətən bu barədə daha çox məlumatlar alırıq. Amma gecə-gündüz Amerikanın, İsrailin ünvanına danışırlar. Yük azdır, qazanc da azdır. Mən siyasətlə maraqlanmıram, eşitdiklərimi deyirəm".

Yük terminalı
Yük terminalı

"1 ABŞ dolları 600 min rialı keçib"

Sərhədyanı ticarətlə məşğul olanlar da elə bir dəyişikliyin olmadığını deyirlər. Onu da əlavə edirlər ki, İran pulu hər dəfə düşür: "İran Astarasında 1 ABŞ dolları 600 min rialı keçib. Biz bunu o qədər də hiss etmirik, çünki İrandan malı şirkətlər vasitəsilə gətiririk. Şirkətlər malın üstünə öz qiymətlərini qoyurlar. Sərhədyanı mağazalarda malların qiyməti də ucuz deyil. Qiymət fərqi yuyucu tozlarda, konfetlərdə, soya yağlarında özünü göstərir. Son aylarda soya yağlarını da gətirmirlər. Oradan ərzaq malları, demək olar ki, gətirilmir, İran buraxmır".

Digər sahibkar isə deyir ki, sərhədyanı ticarət tədricən əhəmiyyətini itirir: "Bayram vaxtları alver qızışır. Adi günlərdə bu tərəfə gələnlər az olur. Baş verən hərbi toqquşmalar sərhədyanı ticarətə təsir edir. Bir də görürsən ki, hansısa mal azalıb. Siz neçə saatdır buradasınız, gələn olubmu?! Buradakı mağazalar bir-bir bağlanır. Azərbaycanın rayonlarından gələrdilər, indi az gəlirlər. Görürlər ki, qiymət fərqi yoxdur, çıxıb gedirlər".

2020-ci ilin əvvəlində koronovirus pandemiyası ilə bağlı Azərbaycanın qonşu ölkələrlə quru sərhədlərində gediş-gəliş məhdudlaşdırılıb. Ümumdünya Səhiyyə Təşkilatı ötən ilin mayında pandemiyanın başa çatdığını elan etsə də, Azərbaycan hökuməti məhdudiyyətləri götürməyib. Bununla bağlı hər hanası rəsmi izahat da verilmir.

XS
SM
MD
LG