Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:03

İki gündür azərbaycanlılar İranda etirazlar keçirir


Zəncan - 28 iyul 2016 (Amerikanın səsi)
Zəncan - 28 iyul 2016 (Amerikanın səsi)

►“Hakimiyyət bütün hərbi qüvvələri aksiyaçılara qarşı yeridir, həbslər keçirir, yaralananlar var”

İranda “Tarhe no” (“Yeni Layihə”) adlı qəzetdə azərbaycanlılar təhqir olunandan sonra Təbriz, Urmiyə, Tehran şəhərlərində etiraz aksiyaları başlayıb, yerli fəallar həbs olunub. Qəzet “Şahnamə” əsərini uşaqlara izah edərkən türk döyüşçünü təhqiramiz ifadələrlə təsvir edib.

Bu haqda AzadlıqRadiosuna iranlı fəallardan Babək Muğanlı məlumat verib. O deyir ki, həbs olunanların hara aparıldığı da bilinmir:

Babək Muğanlı: Həbs olunanların hara aparıldığı da bilinmir
Gözlə

No media source currently available

0:00 0:00:33 0:00
Direct-ə keçid

Buna da bax: Hadi Qaraçay: İran mediasında türklərə qarşı təhqirlər təsadüfi deyil

“Həmin qəzetdə “Şahnamə” əsərindən bir parça qoyulub, türklər təhqir edilib. İran mediasında türklərin təhqirə məruz qalması ilk hadisə deyil. Urmiyədə, Təbrizdə, hətta Tehranda etirazlar davam edir. Tehranın Topxana meydanında türklər etirazlar keçirib. “Türk dilində mədrəsə, olmalıdır hər kəsə”, Azərbaycan milləti, çəkəmməz bu zilləti” şüarları səsləndiriblər. Etirazlar hər yerdə başlayıb, bundan sonra çox sayda fəallar həbs olunub”.

Babək Muğanlı
Babək Muğanlı

İran mediasında bundan əvvəl də bir neçə dəfə azərbaycanlılar təhqir edilib.

2006-cı ildə Təbriz, Ərdəbil, Xoy, Sulduz və başqa şəhərlərdə nümayişə çıxanlar “İran” qəzetində azərbaycanlıların tarakanlara bənzədilməsinə etiraz etmişdilər. Həmin vaxt yarımrəsmi “İran” qəzetinin “Kudək” (Bəbə) adlı buraxılışında karikatura çap edilmişdi. Həmin karikatirada uşaq tarakanla fars dilində danışmağa çalışır, tarakansa ona azərbaycanca cavab verərək “nəmənə?” (Təbriz ləhcəsində “nə”) deyirdi. Buna etiraz aksiyalarında, İranın rəsmi məlumatına görə, 4 etirazçı ölmüş, 300-dən çox adam həbs olunmuşdu.

Sistem dəyişməsə, bu hadisələr davam edəcək

Hüquqşünas Saleh Kamrani də 2006-cı il aksiyalarında həbs olunanlardan idi. O deyir ki, sistem dəyişmədikcə azərbaycanlılara bu münasibət qalacaq:

Saleh Kamrani: Hakimiyyət bütün nizami qüvvələri oraya töküb etirazı önləməyə çalışır
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00
Direct-ə keçid

“İranda dəfələrlə türklərə qarşı belə hadisələr olub. Ən pik həddinə çatan hadisə 2006-cı ildə türklərin “İran” qəzetində hamam böcəyinə bənzədilməsi idi. Həmin vaxt aksiyalarda nə qədər ölənlər, yaralananlar vardı. Kütləvi həbslər keçirildi. Mən də o vaxt həbs olunmuşdum. Bundan sonra da neçə dəfə yenə bu cür hadisələr təkrarlanıb. Bu, sistemdən qaynaqlanır. İndi də iki gündür aksiyalar davam edir. Hakimiyyət bütün hərbi qüvvələri aksiyaçılara qarşı yeridir, həbslər keçirir. Yaralananlar var. Yayılan videolarda aksiyaçıların necə döyülməsi aydın görünür. Bu sistem türklərlə bağlı dəyişiklik etməsə, belə hadisələr bundan sonra da davam edəcək”.

Buna das bax: Azərbaycanlıların qəzəbinə səbəb olmuş karikatura müəllifi mühacirətdə kitab yazıb

“Türkləri mövcud hakimiyyətə qarşı qaldırmaq istəyirlər”

Sədrəddin Soltan
Sədrəddin Soltan

İran üzrə azərbaycanlı ekspert Sədrəddin Soltan deyir ki, bu cür hadisələr 2006-cı ilin mayından intensivləşib və bu, azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinin nəticəsidir. Ekspertin sözlərinə görə, hazırda İranda islahatçılarla mühafizəkarlar arasında mübarizə gedir. İslahatçılar bu cür hadisələrlə azərbaycanlıları mühafizəkarlara qarşı qaldırmaq istəyirlər:

Sədrəddin Soltan: Türkləri mövcud hakimiyyətə qarşı qaldırmaq istəyirlər
Gözlə

No media source currently available

0:00 0:00:31 0:00
Direct-ə keçid

“İslahatçıların ölkə daxilində dayaqları zəifdir. Buna görə də islahatyönlü mətbuatda türklərə qarşı bu sayaq davranmaqla türkləri mövcud hakimiyyətə qarşı qaldırmaq istəyirlər. Onlar türklərdən mühafizəkarlara qarşı istifadə etmək istəyirlər. Bütün bunların da başında ölkənin ali dini rəhbəri Ayətullah Khamenei durur. Həm də bu, birinci təxribat deyil. Bununla həm də Azərbaycan türklərinə münasibət ortaya qoyulur”.

Bundan əvvəl 2015-ci ilin noyabrında İranın İRİB TV-2 telekanalında yayılan “Fitilieh” verilişində azərbaycanlı uşağın tualet fırçası ilə diş fırçasını səhv salması, dişlərini tualet fırçası ilə təmizləməsindən söz açan veriliş göstərilmişdi. Həmin verilişdən sonra Təbriz, Tehran, Urmiyə, Ərdəbil şəhərlərində etirazlarda aksiyaçılar kütləvi həbs edilmişdi.

XS
SM
MD
LG