Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:34

İran neft bazarına qayıtdı


İran üzərindən beynəlxalq sanksiyalar qaldırılandan sonra Tehran ilk dəfə olaraq Avropaya neft ixracına başlayıb

İranın rəsmi İRNA xəbər agentliyinin məlumatına görə İran dünya gücləri ilə nüvə sazişi imzalayandan sonra ilk dəfə olaraq Avropaya neft ixracına başlayıb.

İran neft nazirinin müavini Rokneddin Javadi deyib ki, bu, son beş ildə İrandan Avropaya ilk neft nəqlidir və ölkə iqtisadiyyatının tarixində “yeni fəsil” olacaq.

Nazir müavini bildirib ki, bir neçə xarici tanker İran nefti ilə doldurularaq Avropa sahillərinə yola salınıb.

İran dünya gücləri ilə bağladığı nüvə sazişinin icrasının ardınca dünya bazarına günə 1 milyon barrel neft çıxarmağa hazırlaşır.

Qiymət düşsə də hasilatı artıracaq

İranın Qərb banklarındakı aktivləri üzərindəki həbs qaldırılıb və ekspertlərin fikrincə, bu, Tehranın neft bazarına daha rahatlıqla qayıtmasına geniş imkan açır.

Cənab Javadi deyib ki, İran neft ixracı barədə Fransa, Rusiya və İspaniya ilə müqavilələr imzalayıb.

İran 2012-ci ildək gündə 2, 3 milyon barrel neft ixrac edirdi, lakin həmin il ixrac 1 milyon barrelə düşmüşdü. İranın hazırkı hasilatı günə 3, 1 milyon barreldir.

İran ötən ay bildirib ki, bazardakı yerinin tam bərpası naminə neftin ucuzlaşmasına baxmayaraq hasilatı artıracaq.

Noyabr ayında İran neft kontraktlarının yeni modelinin tətbiqinə başlayıb. Şirnikləndirici qiymətlərə əsaslanan bu model son nəticədə Tehrana 30 milyard dollar investisiya cəlb eləməlidir.

Bundan başqa yeni kontraktlar daha uzun müddətə - 15-20 illiyinə bağlanacaq.

Bu, investorlar üçün riskin azaldılmasına imkan verir.

XS
SM
MD
LG