Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:38

İran pensiyaları ödəmək üçün adalarını sata bilər?


İranın Kiş adası
İranın Kiş adası

İranda Əmək Nazirliyinin rəsmi nümayəndəsinin Tehranın pensiya pullarının ödənməsi üçün İranın Fars Körfəzindəki bir neçə strateji adalarını sata biləcəyinə dair bəyanatı ölkə ictimaiyyətində narazılıq və şübhə dalğası yaradıb.

Nazirliyin Sosial Təminat departamentinin baş direktoru Səccad Padam mayın 1-də 90Eghtesadi saytına müsahibəsində deyib ki, İran dərin iqtisadi böhran şəraitində yaranmış maliyyə çətinlikləri ilə bağlı pensiya pullarının ödənməsi üçün Kiş və Qəşm adaları da daxil, Fars körfəzindəki bir neçə adalarını satmağa məcbur ola bilər.

Padam qeyd edib ki, büdcə çətinlikləri hökuməti bir sıra infrastruktur layihələri üçün nəzərdə tutulmuş vəsaitləri artıq pensiya ödənişlərinə yönəltməyə məcbur edib.

Onun sözlərinə görə bu səbəbdən tikinti işləri üçün nəzərdə tutulmuş 850 trilyon rialın (1.6 milyard dollar) yalnız 20 faizi bu məqsədə xərclənib.

Neft pulları da kömək etmir

Padam qeyd edib ki, İran hətta sanksiyasız şəraitdə günə 3 milyon barrel neft satsa da, pensiya fondu ilə bağlı problem həllini tapmayacaq.

Sanksiyalardan əvvəl İran günə 2.5 milyon barrel neft satırdısa, hazırda bu rəqəm 1 milyon barreldir.

Bu azalma nəticəsində İran büdcəsi ildə təxminən 45 milyard dollardan məhrum olur.

İranda ötən yaydan bəri həyat səviyyəsinin enməsinə, maaşların vaxtında verilməməsinə və lazımi sosial təminatın olmamasına görə kütləvi antihökumət aksiyaları baş verir.

İran qanunları işçilərin müstəqil həmkarlar təşkilatları yaratmasını qadağan edir.

İranlılar Türkiyə və Kiprə getməkdənsə...

Padamın bəyanatları sosial media şəbəkələrində geniş müzakirələrə səbəb olub.

İranın siyasi şərhçilərindən Əhməd Zeydabadi Telegram kanalında yazıb ki, Padamın faktiki olaraq pensiya fondunun müflisliyinə dair verdiyi bəyanat ölkədəki iqtisadi vəziyyətin son dərəcə kövrək olduğunu göstərir.

Keçmiş siyasi məhbus Həngamə Şahidi Twitter-də Kiş və Qəşm adalarının potensialı barədə yazıb.

Şahidi qeyd edir ki, bu adalardakı azad iqtisadi zonaların düzgün idarə olunması və onlara daha çox sərbəstlik verilməsi ölkəyə böyük turizm gəlirləri gətirə bilərdi:

"Bu gəlir iranlıların istirahət və əyləncə üçün Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Kipr və Malayziya kimi ölkələrdə xərclədikləri pulları əvəz edər və nəticədə İran iqtisadiyyatını mənfəətləndirə bilərdi”.

XS
SM
MD
LG