Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:24

İranda ‘düşmən’ ölkələrlə əməkdaşlığa görə cəza təklifi


İsfahan Polad Şirkətində tətil
İsfahan Polad Şirkətində tətil

İranın mühafizəkar deputatları “düşmən” xarici ölkələrə əməkdaşlıq edən etirazçılar üçün daha sərt cəzalar təklif ediblər.

Təkliflərə görə, Qərb qurumları və mediası, eləcə də sosial mediası ilə istənilən təmas əməkdaşlıq sayılacaq, “yer üzündə korrupsiya” kimi krimininallaşdırılacaq. Bu ittihama görə ölüm cəzası kəsilir, çox vaxt casusluq, İran hökumətinin devrilməsi səylərinə görə irəli sürülür.

Sentyabrın 16-da 22 yaşlı Məhsa Əmini polis nəzarətində vəfat edəndən sonra İranı etirazlar bürüyüb. 22 yaşlı qadının guya hicabı düzgün bağlamadığına görə saxlandığı, bu zaman döyüldüyü deyilirdi. Minlərlə iranlı küçələrə çıxaraq daha çox azadlıq, qadın hüquqlarının təmin olunmasını tələb edirlər.

Sərt qanunlar

Son aylar, eləcə də etirazlar gedən vaxt iranlı deputatlar etirazların yatırdılmasını asanlaşdırmaq üçün daha sərt qanunlar qəbul ediblər. Onlar Qərb ölkələrini iğtişaşları qızışdırmaqda ittiham eləsələr də, buna dəlil göstərməyiblər.

Ötən ay 290 yerlik parlamentin 227 üzvü ədliyyəni bəzi etirazçılara qarşı ölüm hökmü çıxarmağa çağırıb.

Etirazlarda bir neçə min nəfər saxlanıb. Azı 445 etirazçının, o cümlədən 61 azyaşlının öldürüldüyü bildirilir.

Noyabrın 28-də İran generalı azı 300 nəfərin öldürüldüyünü bildirib. İslam İnqilab Keşikçiləri Korpusunun aerokosmik bölümünün komandiri Əmir Əli Hacızadənin sözlərinə görə, həmin 300 nəfərin içində “şəhidlər” də var. Onun təhlükəsizlik qüvvələrini nəzərdə tutduğu görünür. General deyib ki, öldürülənlər arasında etirazlara qatılmayan adi iranlılar da olub.

Tətillər

Bu arada İranda yük maşını sürücülərinin artıq üçüncü gündür tətil etdiyi bildirilir. Mərkəzi İsfahan şəhərində yük maşınları parklanmış vəziyyətdə qalıb. Sosial mediada yayılan xəbərlərə görə, Qəzvin, Kirmanşah, Mərənd, Bəndər Abbas şəhərlərində də sürücülər etirazlara qoşulub.

İqtisadiyyatın bir çox sektorunda işçilər arasında itaətsizlik iqtisadiyyata təzyiqi gücləndirir. Son günlər bir sıra şəhərlərdə işçilərin etiraz etdiyi bildirilir. Kərəcdə “Safe Khodro” avtomobil zavodunun işçiləri noyabrın 27-də tətilə başlayıblar.

Üç həmkarlar təşkilatı isə birgə bəyanat yayaraq İranın qərbindəki kürd şəhərlərində əhaliyə qanlı divan tutulmasını pisləyiblər.

XS
SM
MD
LG