Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:42

İranda mamaça həbs olunub, abort klinikası qapadılıb


İran, arxiv fotosu
İran, arxiv fotosu

İranın mərkəzi Qum şəhərində mamaça guya qanunsuz abort həyata keçirdiyinə görə həbs olunub, klinikası isə qapadılıb. Bu arada İran hakimiyyəti qanunsuz abortlarla mübarizəni gücləndirir.

Qum Tibb Elmləri Universitetində müalicə işi üzrə təmsilçi Məcid Mohabi deyib ki, mamaçanın mülkiyyəti müsadirə olunub, gələcək fəaliyyətinə isə qadağa qoyulub.

Ədliyyənin sözçüsü Məsud Setayeşi bu yaxınlarda abortlarla bağlı “hərtərəfli plan” açıqlayıb. Planda zərərin ödənilməsi və həbsdən tutmuş, tibbi lisenziyanın ləğvinə qədər müxtəlif cəzalar nəzərdə tutulub.

1400 şikayətdən üçdə biri üzrə hökm çıxarılıb

Hüquq Tibb Təşkilatının başçısı Abbas Məscidinin bildirdiyinə görə, ötən il abortlarla əlaqədar 1437 şikayət qeydə alınıb, onlardan üçdə biri üzrə hökm çıxarılıb.

2021-ci ildə İranda qəbul olunmuş yeni qanunvericiliklə abortlara yeni məhdudiyyətlər qoyulub, dövlət səhiyyə sisteminin pulsuz kontraseptiv paylaması yasaqlanıb, çoxuşaqlı ailələrə dövlət imtiyazları artırılıb.

Yeni qanunla hakimiyyət İranda əhali artımına təkan vermək istəyir. Hazırda İranın əhalisi 84 milyona yaxındır.

Son illər İranda getdikcə daha çox qadın az uşağa üstünlük verir, yaxud heç uşaq istəmir. Bu da əsasən iqtisadi çətinliklər, gender normalarının dəyişməsi, qadın təhsilində artım, ailə planlama proqramları ilə izah olunur.

Əhali artımı azalır

Nəticədə İranda əhali artımı səviyyəsi 1980-ci illərdə 4 faizdən yuxarı idisə, 2020-ci ildə 1.29 faizə düşüb. Bunu Dünya Bankı bildirir. Bu tendensiya İranın dini isteblişmentini narahat edir.

Ancaq İranın sərt antiabort qanunlarının effektivliyi sarıdan ciddi şübhələr var. Möhsün Zakaryan hökumətin abortlarla mübarizə sxemi olan “Nəfəs” planının katibidir. O deyir ki, ölkədə hər gün minədək qanunsuz abort icra olunur, bu, ilə 300 min – 500 min abort deməkdir. “Hər gün ölkədə gerçəkləşdirilən min abortdan yalnız onu qanunidir”, – Zakaryan vurğulayıb.

İnsan haqları qrupları və səhiyyə ekspertləri xəbərdarlıq edirlər ki, yeni qanun qadınların abortlara çıxışını məhdudlaşdırır, arzolunmaz hamiləliklərə, anadangəlmə qüsurlu uşaqların doğulmasına, cinsi yolla keçən xəstəliklərin, o cümlədən AIDS-in artmasına səbəb olacaq.

Ali dini lider Əli Xameneyi isə 2020-ci ildə deyib ki, “əhalinin sayının azaldılmasına yönəlik hər hansı addım, yaxud tədbir yalnız əhali 150 milyona çatandan sonra gerçəkləşə bilər”.

XS
SM
MD
LG