Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:51

'Onlar İran cəmiyyətinin böyük hissəsini əsir götürüblər'


İran
İran

Vahid Zarəzadə Gelarə Kakavənd İranda həbsxanaların vəziyyətini gündəmə gətirdikləri üçün sorğu-sual edilib və döyülüb. Onlar ölkədən çıxmağa məcbur qalıblar.

2022-ci il aprelin 16-da təhlükəsizlik polisi Kakavəndin eyni zamanda film studiyası kimi işlətdiyi evində qanunsuz axtarış apararaq onun kamerasını, kamkorderini və mobil telefonunu müsadirə edib.

Kakavəndin həmkarı, rejissor Vahid Zarəzadə də təqribən eyni vaxtlarda evinə dönərkən evinin qapısının sındırıldığını görüb. Təhlükəsizlik zabitləri evin sahibinə Zarəzadənin guya fırıldaq və mənimsəmədə günahlandırıldığını deyiblər. Hər iki rejissor İran kəşfiyyatının binalarından birinə aparılaraq sorğu-sual edilib, hədə, söyüş və təhqirə məruz qalıb.

İki il icbari iş və cərimə

Bu iki rejissorun çəkdiyi sənədli filmlər həmişə hökumətin arzuolunmaz diqqətini cəlb edib. Onlar öz sənədli filmlərində siyasi məhbusların həyatını, İranda yaşayan bəhai icmasının acınacaqlı durumunu və ölkədə cinsi qısnamalara qarşı #metoo hərəkatının baş qaldırmasını işıqlandırıblar.

"Nəticədə biz təhlükəsizlik, peşə, hətta maliyyə və dolanışıq problemləri ilə qarşılaşdıq. İran Müasir İncəsənət Muzeyindən bir rəsmin yığışdırılması haqda çəkdiyimiz filmə görə bizə iki il icbari iş və cərimə kəsildi. …Bundan başqa, məni üzərində işlədiyim sənədli filmlərdən birinə görə həbsxanaya salmışdılar", – Zarəzadə deyir.

Kakavənd və Zarəzadə sorğu-sualdan buraxıldıqdan sonra həyatlarının hələ də təhlükədə olduğunu anladıqları üçün ölkəni tərk etmək qərarına gəliblər.

Küçədə hicabsız gəzmək

Vahid Zarəzadə uşaqlıqdan kino dünyasının heyranı olub. Ailəsi narazı olsa da, ali təhsilini kino sahəsində almaq istəyib. Get-gedə daha çox sənədli filmlərlə maraqlanmağa başlayıb. "Sənədli filmlərlə konkret reallığı kino dünyası ilə birləşdirə bilərdim", – o deyir.

Tezliklə Zarəzadə Gelarə Kakavəndlə birlikdə sənədli filmlər çəkməyə başlayır.

"Gelarə bərabərlik tərəfdarı olan tələbkar bir sənət adamıdır. O, rejissorluqdan çox daxili düşüncə və eksperimentlər yaratmağa çalışır. Məsələn, illər əvvəl məcburi hicab haqda filmdə o ilk dəfə küçədə hicabsız gəzənlərdən biri idi. Bir çoxları üçün bu, çox ilhamverici idi", – Zarəzadə deyir.

O hesab edir ki, İranda film çəkmək çətin deyil, lakin problemlər sonradan başlayır. "Çətinlik yaradan … təkcə filmlərə deyil, hər bir mədəniyyət məhsuluna tətbiq edilən senzuradır. Bu, sənət adamlarını əldən salır", – rejissor deyir.

"Bəyaz işgəncə"

Rejissorların "White Torture" (Bəyaz işgəncə) filmində bu ilin iyulunda altı illik həbs cəzasına məhkum edilmiş iranlı rejissor Cəfər Pənahinin müsahibəsi də var. Filmdə Pənahi və vəkili onun təkadamlıq kamerada saxlanmasından məhkəməyə şikayət edirlər.

2022-ci ilin yazında ekrana çıxan "Bəyaz işgəncə" Cenevrə İnsan Haqları Kinofestivalında mükafata layiq görülüb. Zarəzadə düşünür ki, bu film İranda baş verənlərin üzərinə güclü işıq sala bilib.

"İran rejimi illərlə ölkədə siyasi məhbusların olmadığını, ədliyyə sisteminin qanun və ədalətə uyğun fəaliyyət göstərdiyini iddia edib. Totalitar rejimlər daim dünyaya cəmiyyəti necə idarə etmələri haqda ideal görüntü təqdim etməyə çalışırlar. Həbsxanalara və məhbusların, vətəndaş hüquqları fəallarının gündəliklərinə nəzər salmaq reallığı aydın göstərəcək", – o deyir.

Ərzaq alanda da farsca danışmırlar

"Vətəndaş cəmiyyəti qurmağın cinayət olduğu, qadın hüquqları fəalının feminist olmaqda günahlandırılıb haqqında cinayət işinin açıldığı ölkədə vətəndaş tələbləri və ədalət axtarışına yer olmaz. Onlar İran cəmiyyətinin böyük hissəsini əsir götürüblər. Onların təbliğat maşını gecə-gündüz yalan yaymaqla məşğuldur", – Zarəzadə söyləyir.

Zarəzadə ilə Kakavəndin təhlükəsizliyi və gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır.

"Mənə elə gəlir ki, biz daim zorla İrana aparılacağımızdan narahat olacağıq. Biz evdən az-az çıxırıq. Küçədə və sıxlıq yerlərdə, hətta ərzaq alanda belə bir-birimizlə farsca danışmırıq. Ona görə ki, İslam Respublikasının təhlükəsizlik agentləri ölkə xaricində çox fəaldır və hətta qətllər törədirlər", – Zarəzadə deyir.

XS
SM
MD
LG