Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:49

İran qarşı sanksiyaların qaldırılmasının Azərbaycana təsiri...


İrana qarşı beynəlxalq sanskiyalar götürüldü
İrana qarşı beynəlxalq sanskiyalar götürüldü

-

“İrana sanksiyaların qaldırılması neft hesabına yaşayan tüfeyli ölkələrə mənfi təsir göstərəcək”

İrana qarşı beynəlxalq sanksiyaların aradan qaldırılması ilk növbədə bu ölkənin hərtərəfli inkişafına yol açacaq. Politoloq Zərdüşt Əlizadə deyir ki, İran daha sərbəst ticarət etməklə xalqının rifahını yüksəldəcək:

“Bunun əsas bir əhəmiyyəti var ki, Yaxın Şərqdə İsrailin qızışdırdığı, İrana qarşı bütün dünya ölkələrini həvəsləndirdiyi müharibə olmayacaq. İrana qarşı cəza tədbirləri ləğv ediləndən sonra İran daha sərbəst ticarət edib öz iqtisadi vəziyyətini yaxşılaşdıra biləcək. İran xalqının da rifah halı yaxşılaşacaq. İran xalqının təhlükəsizliyi və rifah halının yaxşılaşması bu müqavilənin predmetidir. Bununbaşqa ölkələrə təsirinə gəldikdə, İran nefti dünya bazarında çoxaldıqca, neftin qiymətinin düşməsi daha sabit bir meyl alacaq. Bu da neft hesabına yaşayan bir çox tüfeyli ölkələrin iqtisadi vəziyyətinə mənfi təsir göstərəcək. İranınsa iqtisadi vəziyyəti yaxşılaşacaq”.

İran xalqının vəziyyəti yaxşılaşacaqsa, demək, İran azərbaycanlılarının da vəziyyəti düzələcək.

Politoloq İrana sanksiyaların götürülməsinin Azərbaycana təsiri haqqında isə belə deyir:

“Bu illər ərzində Azərbaycanın qazandığı nəhəng pulları hakimiyyət fərsiz şəkildə xərcləyib zay etdi. İndi də Azərbaycanın gəlirləri xeyli azalır. Bundan sonra da hakimiyyətin mənimsəmək, oğurlamaq, qarət etmək imkanları məhdudlaşacaq”.

Sanksiyaların İran azərbaycanlılarına göstərəcəyi təsirə gəlincə, Zərdüşt Əlizadə söyləyir ki,onlar İran xalqının tərkib hissədir və İran xalqının vəziyyəti ümumilikdə yaxşılaşacaqsa, demək, İran azərbaycanlılarının da vəziyyəti düzələcək.

ƏSAS ÇƏKİŞMƏ İRAN VƏ SƏUDİYYƏ ARASINDA GEDƏCƏK

İrana qarşı sanksiylar götürülüb
İrana qarşı sanksiylar götürülüb

Politoloq Rasim Musabəyov isə bildirir ki, İrana sanksiyaların qaldırılması gözlənilən idi və Azərbaycana təsiri mənfi olmayacaq:

“İrana sanksiyalar da elə belə götürülməyib axı. İran da qarşısında qoyulan şərtləri qəbul edib. Dünyanı narahat edən nüvə proqramıyla bağlışərtlərə əməl edib. Belə olan halda, sanksiyaların götürülməsi müsbətdir. Baxmayaraq ki, deyirlər, bu, neft bazarını daha da silkələyəcək. Ancaq mənbelə düşünmürəm. Azərbaycanın bundan zərər çəkəcəyini düşünmürəm. Azərbaycanın neft bazarında 0,5 – 0,6 faiz yeri var. Əsas çəkişmə İran və Səudiyyə Ərəbistanı arasında gedəcək. Vaxtilə İran sanksiya altına salınanda onun bazardakı payını Səudiyyə Ərəbistanı tutub. Bu ölkələrin də arasında indi geopolitik xarakterli xeyli gərginlik var. Bu da, təbii, neft bazarında gərginliyi artıracaq. Neft istehsal edən ölkələr də, təəssüf ki, bunun zərərini bölüşəcək”.

İRANDA NEFT TANKERLƏRİ AVROPAYA ÇIXMAĞI GÖZLƏYİR

İran indiki vəzyyətdə nefti baha sata bilməz. Digər dövlətlər kimi, İran da bundan o qədər də fayda görməyəcək.

Politoloq Fikrət Sadıqovun fikrincə, sanksiyalar İrana müsbət təsir göstərsə də, ölkə təbii ehtiyatlarından o qədər də fayda götrə bilməyəcək:

“İran üzərindən sanksiyaların götürülməsi gözlənilən bir hal idi. Ancaq, əlbəttə, heç kəs gözləməzdi ki, bu fonda neftin qiyməti bu qədər düşəcək. Təbii ki, neftin ucuzlaşması amili əlavə bir aspektdir. Artıq İranda neftlə dolu tankerlər hazır vəziyyətdə gözləmə vəziyyətindədir. Sanksiyalar qaldırılandan bu tankerlər Avropaya üz tutacaq. Bu da neftin bahalşmasına gətirib çıxarmayacaq. Ancaq digər bir reallıq da ondan ibarətdir ki, İran özü də təbii sərvətləri ucuz satacaq. Çünki indiki vəzyyətdə baha qiymətə sata da bilməz. Digər dövlətlər kimi, İran da bundan o qədər də fayda görməyəcək. Dünya bazarı da neftlə doludur. Ancaq sanksiyaların götürülməsi müsbət amildir”.

İRAN ƏLAVƏ STİMUL QAZANIR...

İlham Şaban, neft məsələri üzrə ekspert
İlham Şaban, neft məsələri üzrə ekspert

Neft- qaz məsələləri üzrə ekspert İlham Şaban sanksiyaların ləğvinin İranın qarışısında yeni imkanlar açacağını düşünür:

“İran təkcə yenidən qlobal neft bazarına qayıtmır, həm də 2012-ci ildən xarici maliyyə bazarlarında dondurulmuş hesablarından 100 milyarddan artıq vəsaiti əldə etmək imkanı qazanır. Nəzərə alsaq ki, 2016-cı ildə dünya üzrə çox gərgin bir iqtisadi vəziyyət proqnozlaşdırılır, bu dövrdə İran, sanki, bir əlavə stimul qazanır. Uzun illər beynəlxalq sanksiyalar nəticəsində təcrid olumuş, qənaət rejimində yaşamış ölkə üçün tamamilə yeni bir imkanlar açılır. Neft ucuzlaşır, İran bazara əlavə həcmlər çıxaracaq, əlavə maliyyə vəsaitləri cəlb edəcək, Qərb və Şərq ölkələri ilə ticarət və tərəfdaşlıq əlaqələrinə başlayacaq və daha çox uğur qazanacaq. Digər Körfəz ölkələrində bir ruh düşkünlüyü varsa, İranda bunun əksini görəcəyik. Ona görə burda neftin qiyməti elə bir önəm daşımayacaq.

Ekspert onu da vurğulayır ki, bu ölkəyə gündəlik tələbat malları almağa gedən sərhədyanı yaşayış məntəqələrinin əhalisi ziyan görəcək:

“İrana vəsaitlərin gəlməsi ilə bağlı bu ölkədə inflyasiya artacaq. İnflyasiyanın artması qonşu ölkələr, sərhədyanı bölgələrdə yaşayıb İranla gündəlik ticari əlaqə edənlərə ağır zərbə olacaq. Azərbaycan, Ermənistan və Türkmənistan və Tacikistanın sərhədyanı yaşayış məntəqələrində əhali ucuz İran bazarına üz tutmaqla öz problemlərini həll edirdilər. Azərbaycan və Türkmənistan kimi ölkələrdə devalvasiya ilə bağlı valyuta qıtlığı da var. İnsanlar daha əvvəlki ticari əlaqələri həyata keçirə bilməcəklər. İranda həyat səviyyəsi və qiymətlər yüksələcək. Sərhədyanı bölgələrin əhalisi də bundan əvvəlki kimi yaralana bilməyəcəklər”.

XS
SM
MD
LG