Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:45

İranda niyə bir xarici romanın beş müxtəlif tərcüməsi çıxır?


“The Guardian” qəzetinin əslən iranlı müxbiri Səid Kəmali Dehğan yazır ki, “əgər JD Salinger öz əsərinin farscaya tərcüməsini İranın kitab mağazalarında görsəydi, yəqin ki məzarında çevrilərdi”.

Yazıçı 1947-ci ildə yazdığı və jurnalda çap etdirdiyi “Tərsinə çevrilmiş meşə” (The Inverted Forest) povestinin ABŞ-da kitab şəklində nəşrindən imtina etmişdi, amma bu gün bu əsəri farsca İranın bir çox kitab mağazalarından 90 min riala (2.76 dollar) rahatca almaq olar. Halbuki bu povestin ingiliscə orjinalda dərc olunduğu Cosmopolitan jurnalının istifadədə olmuş nüsxəsini AbeBooks kimi saytlardan 500 dollara bəlkə də tapmaq mümkün ola bilər.

İran Berne Konvensiyasını imzalamasa da hər il Tehran Beynəlxalq Kitab Yarmarkası keçirir
İran Berne Konvensiyasını imzalamasa da hər il Tehran Beynəlxalq Kitab Yarmarkası keçirir

Dehğan yazır ki, “Tərsinə çevrilmiş meşə” İranın kitab tərcüməsi sahəsindəki hərc-mərcliyi nümayiş etdirən misallardan yalnız biridir.

İran müəlliflik hüquqlarına dair Berne Konvensiyasını imzalamayıb və buna görə də İran yazıçılarının xaricdə nəşr olunmuş kitablarının da müəlliflik haqları qorunmur.

Amma ən heyrətamizi budur ki, İranda bədii tərcümə işinə heç bir nəzarətin olmaması, bir çox hallarda ən məşhur kitabların bir neçə tərcümə variantının çıxmasına səbəb olur.

Məsələn, Paula Hawkins-in bu il çapdan çıxmış “Suya” (Into the Water) trillerinin birdən-birə beş tərcüməsi üzərində iş gedir, halbuki tərcüməçilərdən yalnız biri müəlliflik haqqını ödəyib.

Dehğan yazır ki, iranlıların ədəbiyyat sevgisinə görə kitab mağazalarında Marcel Proust-dan tutmuşHaruki Murakamiyə qədər ən müxtəlifxarici əsərlərin tərcüməsi başdan aşır. Burada hətta Londonun kitab mağazalarında az-az tapılan kitabları da görmək mümkündür.

Amma bir məqam da var ki, İranın Mədəniyyət Nazirliyi tərcümə əsərlərinin hamısını ciddi şəkildə senzura edir. Bəzi hallarda hətta klassik Qərb ədəbiyyatı nümunələrindən belə İslama uyğun gəlməyən parçalar və bəzən fəsillər çıxarılır.

Buna baxmayaraq, İranda bədii ədəbiyyat tərcüməçilərinin böyük hörməti və məşhurluğu var. Onların adları tərcümə olunmuş kitablarda bəzən az qala müəllifin adı boyda yazılır.

Digər maraqlı cəhət isə budur ki, İranda bədii ədəbiyyat tərcüməsi onunla məşğul olana demək olar qazanc gətirmir. Buna görə də bir çoxları sadəcə olaraq tərcümə ilə hobbi kimi məşğul olurlar.

İranlı rəssam Mana Neyestaninin "İranda kitab yarmarkası" adlı karikaturası
İranlı rəssam Mana Neyestaninin "İranda kitab yarmarkası" adlı karikaturası

Tərcümə sahəsində bu cür qarışıqlığa görə bəzən bir xarici romanının çox sayda tərcümələrinə rast gəlmək olur. Məsələn, Xaled Hoseyninin “Dağlar əks-səda verirdi” kitabını farscaya azı 16 müxtəlif tərcüməçi çevirib.

Bu yaxınlarda Orhan Pamukun əsərini tərcümə etmiş Arsalan Fasihi deyib ki, belə şəraitdə tərcümənin bədii keyfiyyətindən danışmaq çətindir.

Yaranmış vəziyyətlə əlaqədar 100-dək İran yazıçısı prezident Ruhaniyə müraciət edərək onu Berne Konvensiyasını imzalamağa çağırıb.

Lakin Konvensiyanın imzalanmamasına baxmayaraq bəzi tərcüməçilər hər halda ən azı etik qaydalara riayət etməyə üstünlük verirlər. Məsələn, almancadan farscaya 40-dək kitab tərcümə etmiş Məhşid Mirmoezzi bütün tərcümələrinin çapı üçün icazə alıb.

Dehğan yazır ki, kitabları farscaya tərcümə edilmiş bəzi əcnəbi yazıçıları narahat edən tərcümə və çapın icazəsizliyi yox, keyfiyyətsizliyidir.

Məsələ burasındadır ki, müəlliflik haqlarını ödəmək istəməyən naşirlərin bir çoxu peşəkarlardan daha çox həvəskar tərcüməçilərin variantını çap etməyə üstünlük verir.

XS
SM
MD
LG