Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:36

İsrail Beyrutun mərkəzinə hava zərbələri endirib


İsrailin oktyabrın 3-də Beyruta hava zərbələrindən sonra
İsrailin oktyabrın 3-də Beyruta hava zərbələrindən sonra

İsrailin Beyrutun mərkəzinə hava zərbələri endirməsi nəticəsində azı 6 nəfər həlak olub. İsrail 2006-cı ildən bu yana ilk dəfədir ki, Livan paytaxtının mərkəzi hissəsini vurur.

Bu arada İran xəbərdarlıq edib ki, İsrail onun 1 oktyabr raket hücumuna cavab versə, bu dəfə daha miqyaslı hava zərbələri endirəcək.

İsrail isə bildirir ki, onun Beyruta hava zərbəsi konkret və “dəqiq məqsədli” əməliyyatla bağlıdır və Livan paytaxtının mərkəzində, Livan parlamentinin yaxınlığındakı Baçura məhəlləsində çoxmənzilli binalardan birini hədəfləyib.

Livan Səhiyyə Nazirliyi bildirir ki, zərbə nəticəsində yaralılardan bəzilərinin ölməsi ilə bağlı ölü sayı 6 nəfərə qalxıb. Bu zərbə nəticəsində daha 7 nəfərin yaralandığı xəbər verilir.

Daha bir hava zərbəsi ötən həftə Hizbullah lideri Həsən Nəsrullahın öldürüldüyü Dahiyə rayonuna endirilib.

Nəsrullahın kürəkəninin də öldürüldüyü bildirilir

Bundan əvvəl İsrailin Suriya paytaxtı Dəməşqə hava zərbələri nəticəsində dörd nəfərin həlak olduğu bildirilirdi.

Suriya insan haqları müşahidə mərkəzinin məlumatına görə bunlardan biri də Nəsrullahın kürəkəni Cəfər əl-Qasirdir.

Hizbullah ABŞ-da terrorçu təşkilat kimi tanınır, lakin Avropa İttifaqında onun yalnız silahlı qolu terrorçu siyahısına salınıb. Hizbullahın siyasi qolu Livan parlamentində mandatlara malikdir.

Beyruta zərbələrdən bir gün əvvəl Livanın cənubuna müdaxiləyə hazırlaşan İsrail 8 əsgərinin hərbi əməliyyatlarda öldürüldüyünü xəbər vermişdi.

İran 1 oktyabr zərbələrinə haqq qazandırmaqda davam edir

Bu arada İranın hərbi komandanı general-mayor Məhəmməd Bağeri oktyabrın 2-də demişdi ki, oktyabrın 1-də Tehranın raket zərbələri yalnız hərbi obyektləri hədəfləyib, amma İsrail bu zərbələrə cavab versə, İran tərəfindən daha miqyaslı hücum olacaq:

"Əgər sionist rejim (İran rəhbərliyi İsraili belə adlandırır - red) nəzarətə alınmasa və İrana qarşı hərəkət etsə, biz onun bütün infrastrukturuna zərbələr endirəcəyik”.

İranın xarici işlər naziri Abbas Araqçi də X platformasında yazıb ki, Tehran “yalnız hərbi və təhlükəsizlik obyektlərini” hədəfləyib. Onun sözlərinə görə İsrail bu obyektlərdən “Qəzza və Livandakı soyqırım” üçün istifadə edir.

Nazir vurğulayıb ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə görə İranın zərbələri “özünümüdafiə” hesab olunur.

Bağeridən əvvəl İran prezidenti Məsud Pezeşkian da İsrailə cavab zərbələri endirməməsi üçün xəbərdarlıq etmişdi:

“Biz müharibə axtarmırıq. Bizi hərəkətə məcbur edən İsraildir”.

Pezeşkian habelə ABŞ və Avropada terrorçu təşkilat elan edilmiş HƏMAS-ın lideri İsmayıl Haniyənin ötən iyulda Tehranda qətlə yetirildiyini xatırladıb. İsrail bu qətlə görə üzərinə heç bir məsuliyyət götürmür. Pezeşkian səfərdə olduğu Qətərdə daha sonra deyib:

"Biz təhlükəsizlik və sülh istəyirik. Haniyəni Tehranda sui-qəsdlə qətlə yetirən İsrail olub”.

XS
SM
MD
LG