Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:34

İsraillə HƏMAS arasında savaş Rusiyaya həm perspektiv, həm də problem yaradır


İsrail tankları İsrailin cənubunda Qəzza ilə sərhəddə
İsrail tankları İsrailin cənubunda Qəzza ilə sərhəddə

Fələstinin HƏMAS silahlı qrupunun İsrailə hücumu Yaxın Şərqdə sabitlik aldanışına son qoydu və böyük dövlətlərin istər bölgəyə, istərsə ondan kənara təsirlərini dəyişdirə biləcək müharibənin başlanmasına səbəb oldu.

Nəticələr müharibənin müddət və gedişatından, o cümlədən İranın dəstəklədiyi "Hizbullah" qrupunun İsrailə qarşı şimaldan ikinci cəbhə açıb-açmamasından asılı olacaq. "Hizbullah"ın İsrailə qarşı ikinci cəbhə açması münaqişənin Livan və, ola bilsin, Suriyayadək genişlənməsi deməkdir.

Oktyabrın 17-də Qəzzadakı xəstəxanada yüzlərlə insanın qətli ilə nəticələnən partlayış ABŞ prezidenti Co Baydenin İsrailə səfərinə bir neçə saat qalmış qarşılıqlı ittihamlara yol açdı.

AzadlıqRadiosunun müxbiri Todd Prins yazır ki, bu yeni savaş dünyanın diqqətini Kremlin Ukraynada törətdiyi vəhşiliklərdən yayındırmaqla Rusiya hökumətinin işinə yaraya bilər. Təhlilçilər deyirlər ki, bu münaqişə ABŞ-ın hərbi resurslarını da azalda və Rusiyanın antiqərb narrativini dəstəkləyə bilər. Ancaq İsrail-HƏMAS münaqişəsi eyni zamanda Moskvanın Yaxın Şərqdəki əlaqələrini gərginləşdirə, onun bölgədəki nüfuzunu təhdid edə bilər.

Rusiya prezidenti Vladimir Putin hakimiyyətdə olduğu 20 il içində SSRİ-nin dağılmasından sonra Moskvanın Yaxın Şərq ölkələri arasındakı nüfuzunu bərpa etmək istiqamətində mühüm addımlar atıb. O, eyni zamanda İsraillə dostca münasibətlər qurub.

Ancaq İsrail Suriya və İranı öz milli güvənliyinə ciddi təhdid kimi görür. Putinsə onların hər ikisi ilə Rusiyanın bağlantılarını gücləndirib.

Putin HƏMAS-ın adını çəkmədi

O, Suriyada Rusiyanın hərbi iştirakını artırıb. Burada Kreml "Hizbullah" və İranla birlikdə müxalif islamçı qruplara qarşı 12 illik müharibədə prezident Bəşər əl-Əsədi dəstəkləyib. Bu qrupların bəzisini Suriyanın ərazisində qoşunları olan ABŞ dəstəkləyir. Putin İranla müdafiə əlaqələrini də gücləndirib. İran Rusiyanı Ukraynaya qarşı müharibədə hücum dronları ilə təchiz edir.

"Rusiyanın İsraillə münasibətlərinin üzləşəcəyi gerçək sınaq "Hizbullah"ın necə davranacağıyla bağlı olacaq. Hücum edərsə, İsrail "Hizbullah"a çox ağıq zərbə endirəcək. "Hizbullah"sa Rusiya və Suriya ilə eyni komandadadır. Mənə elə gəlir ki, biz münasibətlərin pisləşməsini məhz burada görəcəyik", - Virciniyadakı Corc Meyson Universitetinin Rusiya və Yaxın Şərq üzrə ixtisaslaşan siyasi elmlər professoru Mark Kats AzadlıqRadiosuna müsahibəsində belə deyib. HƏMAS-ın İsrailə qarşı oktyabrın 7-də gerçəkləşdirdiyi və min 400 israillinin ölümü ilə nəticələnən hücumu ölkə tarixindəki ən qanlı hücumdur. Putin bu hücuma yalnız bir neçə gün sonra reaksiya verdi və reaksiya verəndə də, əsasən, HƏMAS-ı qınayan Qərbdən fərqli olaraq ABŞ-ı on illərlə davam edən bu münaqişədə iki dövlətli çıxış yolunu reallaşdıra bilməməkdə suçladı.

10 dəqiqə çəkən görüşdə Putin HƏMAS-ın adını çəkmədi, yalnız "hadisələr" və "gərginlik" kimi ifadələr işlətdi. Rusiyanın oktyabrın 16-da BMT Təhlükəsizlik Şurasında təqdim etdiyi qətnamə layihəsində də HƏMAS və hücumundan söz açılmır.

Rusiya hərbi rəsmiləri Moskvada İran hərbi heyəti ilə görüşür.
Rusiya hərbi rəsmiləri Moskvada İran hərbi heyəti ilə görüşür.

"İsraillilər İsrailin tərəfini tutmayanlara, ən azı, HƏMAS-ın etdiklərini qınamayanlara çox tənqidi yanaşırlar", - Qüdsdə (Yerusəlimdə) yerləşən İsrail Regional Xarici Siyasət İnstitutunun prezidenti, Vaşinqtondakı Yaxın Şərq İnstitutunun təqaüdçüsü Nimrod Qoran AzadlıqRadiosuna müsahibəsində dediyi sözlərdir.

Rusiya və İran həm dost, həm də düşməndir?

HƏMAS-ın hücumu və İsrailin ona cavabı fonunda Rusiya televiziyasında kremlyönlü təhlilçi və şərhçilərin İsrailə qarşı çoxsaylı tənqidi çıxışları gözə çarpır. Ancaq təhlilçilər deyirlər ki, Rusiya İsraildən uzaqlaşaraq onun düşmənlərinə, o cümlədən İrana yaxınlaşarkən bir qədər ehtiyatlı davranmış ola bilər.

Rusiya siyasəti üzrə ixtisaslaşan təhlilçi Mark Qaleotti deyir ki, "Rusiya və İran arasında sanksiyaları aşmaq istiqamətində müsbət münasibətlər mövcud olsa da, yadımızda saxlamalıyıq ki, özəlliklə söhbət Yaxın Şərq siyasətindən gedəndə [onlar] "dostmən"dirlər (həm dost, həm də düşmən). Onlar [bu regionda] üstünlük uğrunda mübarizədə rəqibdirlər. Biz bunu Suriyada da görmüşük".

Suriya Moskvanın Yaxın Şərqdəki ən böyük fiziki dayaq nöqtəsidir. Rusiyanın Aralıq dənizi hövzəsindəki hərbi iştirakı yalnız Suriyadakı dəniz və hava bazalarına əsaslanır. Bu bazaların varlığı isə Əsəd hökumətinin ayaqda qalmasından asılıdır.

Ötən il Rusiyanın Ukraynada apardığı müharibədə yararlanmaq üçün Suriyadan mindən çox əsgər və hava hücumundan müdafiə sistemləri çıxardığı bildirilir.

İsrail-HƏMAS münaqişəsi genişlənərək "Hizballah"ın öz döyüşçülərini Suriyadan Livana daşımasına səbəb olarsa, "bu, Rusiyanın Suriyada işini daha da çətinləşdirəcək", - Mark Katsın fikridir.

Rusiya İsraili qəzəbləndirmək istəmir?

ABŞ və Türkiyənin ayrı-ayrılıqda dəstəklədiyi müxalif qüvvələr Suriyanın şimalına nəzarət edir. Rusiya da İran və proksilərinin Suriyada həddindən çox güclənməsini istəmir. Bu, həm onun özünün İranla münasibətləri ilə, həm də İsraili qəzəbləndirmək istəməməsi ilə bağlıdır.

Suriya səmasının xeyli hissəsinə nəzarət edən Rusiya illər ərzində İsrail döyüş təyyarələrinin "Hizbullah"ı bombalamasına imkan verib. İsrail və Rusiya Suriya və ətraflarında hava toqquşmaları riskini azaltmaq üçün öz aralarında informasiya mübadiləsi aparırlar.

Təhlilçilərin fikrincə, iki dövlətin Suriya hava sahəsindəki belə sıx əməkdaşlığı İsrailin Ukraynaya silah satmamasının əsas səbəbidir.

"İsrail, əsasən, Suriya üzündən Rusiya ilə koordinasiyanı qoruyub saxlamağı gərəkli bilir. Hətta İsrailin Ukraynadakı müharibəyə necə cavab verəcəyi ilə bağlı qərarı da Suriyada qarşılaşacağı potensial siyasi təsirlər əsasında verilir", - Qoran deyir. Onun sözlərinə görə, bu halın dəyişmə ehtimalı azdır.

Bununla yanaşı, ötən ilin fevralında Moskvanın Ukraynaya savaş açmasından bəri Rusiyanın İsraillə münasibətləri pisləşib.

Gözlədiyinin əksinə olaraq, Ukraynada ciddi hərbi uğursuzluqla, eyni zamanda Qərbin ağır sanksiyaları ilə qarşılaşan Putin müasir silahlar, o cümlədən döyüş təyyarələri almaq üçün İrana üz tutmalı olub.

ABŞ-ın təbirincə desək, "tayı-bərabəri olmayan" bu tammiqyaslı müdafiə tərəfdaşlığı İranın qonşuları, o cümlədən İsrail üçün ciddi təhlükədir. Belə olsa da, İsrail ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına qoşulmaqdan və Ukraynaya silah göndərməkdən imtina edir, ancaq ABŞ-ın İsraildəki silah-sursat ehtiyatlarını Ukraynaya daşımasına imkan verir.

Rusiya prezidenti Vladimir Putin Moskvada İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşür. 2020
Rusiya prezidenti Vladimir Putin Moskvada İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşür. 2020

Rusiyanın "jonqlyorluğu" çətinləşir?

İsrail-HƏMAS müharibəsi Rusiyanın Yaxın Şərqdəki "jonqlyorluq" hərəkətlərini çətinə salsa da, ola bilsin, Putin burada gəlirlərinin çıxarlarını üstələyəcəyinə ümid bəsləyir.

ABŞ-ın Yaxın Şərqdəki hərbi iştirakının güclənməsi Rusiyanın bölgədəki nüfuzunu təhdid edə bilər. ABŞ artıq bölgəyə iki hərbi təyyarədaşıyan gəmi göndərib. İsrail-HƏMAS savaşı da ABŞ-ın regiondakı hərbi varlığını yenidən gücləndirə bilər. Axı ABŞ İraqdakı hərbi missiyasına 2021-ci ilin axırlarında son qoymuşdu.

Çin də Yaxın Şərqdə dividend əldə etməyə çalışır. Pekin İranla Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərpası üçün vasitəçilik edib.

Fransadakı Strateji Araşdırma Fondunun xüsusi müşaviri Fransua Eysbur deyir ki, ABŞ regionda üstünlüyünü bir daha göstərə [bununla da eyni zamanda özünün], Avropadakı nüfuzunu gücləndirə bilər.

XS
SM
MD
LG