Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:39

İsrail niyə Livanda quru əməliyyatlarına başlayıb 


İsrail əsgərləri "Hizbullah" və İsrail arasında transsərhəd döyüşlər zamanı
İsrail əsgərləri "Hizbullah" və İsrail arasında transsərhəd döyüşlər zamanı

İsrail Livanın cənubuna girərək "Hizbullah" silahlı qruplaşmasına qarşı "məhdud, lokal və hədəfli" quru əməliyyatına başladığını elan edib.

İsrail qüvvələri 2006-cı ildə 34 günlük İsrail-"Hizbullah" müharibəsindən bəri ilk dəfə olaraq sərhədi keçib. AzadlıqRadiosunun jurnalisti Kian Şərifi bunun səbəblərindən yazır.

"Hizbullah" həm silahlı qruplaşma, həm də siyasi partiyadır, Livanın cənubunun əksər hissəsinə nəzarət edir. Birləşmiş Ştatlar onu terrorçu təşkilat hesab edir. Avropa İttifaqı isə yalnız qruplaşmanın silahlı qanadını qara siyahıya salıb.

İsrailin məqsədi nədir?

İsrail ordusu məqsədinin sərhəd boyunca "Hizbullah" hədəflərini dağıtmaq olduğunu bildirib. Adətən azı 10 min hərbçidən ibarət ordu diviziyası əməliyyata cəlb olunub.

İsrail ötən ay deyirdi ki, müharibədə əsas hədəfi "Hizbullah"ın hücumlarının İsrailin şimalından didərgin saldığı 60 minədək sakinin qayıdışıdır. İsrail 2023-cü ilin oktyabrında Qəzzada əməliyyatlara başlayandan İsrail və "Hizbullah" arasında davamlı sərhəd atışmaları gedir. Həmin əməliyyatlara ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS qruplaşmasının İsrailin cənubuna hücumu, min 200 nəfəri öldürməsi səbəb olub.

Bəhreyndə yerləşən "Le Beck International" konsultasiya şirkətinin kəşfiyyat bölməsinin rəhbəri Maykl Horovits deyir ki, İsrail sərhəd boyunca "Hizbullah"ın infrastrukturunu, o cümlədən tunelləri, müşahidə postlarını dağıtmağa çalışır.

"Bu mənada "məhdud" deyir, çünki məqsəd "Hizbullah"ı məğlub etmək deyil, bundan ötrü Livanın əksər hissəsinin daha geniş işğalı tələb olunardı", – o söyləyib.

Ancaq İsrailin əməliyyatlarının məhdud olub-olmayacağı aydın deyil.

ABŞ rəsmiləri qeyd edirlər ki, İsrail 1982-ci ildə Livanın cənubuna girəndə də "məhdud" hücumdan danışırdı, ancaq bu, 18 illik işğala çevrildi.

İsrail həmçinin Livanın cənubundakı icmalara sərhəddən 60 km məsafədə yerləşən Avali çayının şimalına evakuasiya olunmaq göstərişi verib. Bu isə daha geniş hücumla bağlı narahatlığı artırıb.

Horovits deyir ki, İsrail Livanın cənubunda bufer zona yaratmağa çalışarsa, daha da dərinə getmək riski ilə üzləşər. Ancaq onun fikrincə, İsrail liderləri, güman ki, genişləndirilmiş müharibəyə sürüklənmək istəməyəcəklər.

"Eyni zamanda, İsrail əsgərləri geri çəkilərsə, "Hizbullah" qayıdacaq və İsrailə yeni hücumlar edəcək, bu isə İsrail hökuməti üçün utancverici olar", – o deyib.

"Hizbullah" döyüşə girə bilərmi?

"Hizbullah" son aylar ciddi uğursuzluqlar görüb. İsrail qruplaşma rəhbərliyinin böyük hissəsini qətlə yetirib, hərbi arsenalının əhəmiyyətli hissəsini neytrallaşdırıb, kommunikasiyalarını sıradan çıxarıb.

"Hizbullah"ın zəiflədilməsinə baxmayaraq, ekspertlər deyirlər ki, bu qrupun üstündən xətt çəkmək olmaz, böyük canlı qüvvəsi və hərbi arsenalı var.

"İsrail düşünür ki, "Hizbullah" xaos vəziyyətindədir, komandanlıq və nəzarət sistemində boşluq var. İsrail tərəfdən ilkin irəliləmə və uğurlar gözləyə bilərik", – Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun əməkdaşı Həmidrza Əzizi deyib.

Ancaq o, "Hizbullah"ın quru döyüşlərində böyük üstünlüyə malik olduğunu söyləyir. Çünki qruplaşma partizan müharibəsində təcrübəlidir, yerli relyefi tanıyır.

1980-si illərdə qurulan "Hizbullah" Livanda dominant hərbi gücə çevrilib, ölkənin ənənəvi ordusunu kölgədə qoyub.

Əzizinin sözlərinə görə, Livan ordusu 40 min döyüşçüsü olan "Hizbullah" ilə müqayisədə "müqayisə olunacaq dərəcədə zəifdir".

Ordu Livanın cənubunda məhdud iştirak edir, bu hissəyə BMT sülhməramlı qüvvəsi yerləşdirilib. "Hizbullah" regionun böyük hissəsinə nəzarət edir deyə, İsrail qüvvələri ilə quru döyüşlərində Livan ordusunun iştirakı real görünmür.

Təhlilçilər deyirlər ki, "Hizbullah" döyüşçüləri partizan döyüşlərində təcrübəyə malikdirlər və əraziyə daha çox bələddirlər.
Təhlilçilər deyirlər ki, "Hizbullah" döyüşçüləri partizan döyüşlərində təcrübəyə malikdirlər və əraziyə daha çox bələddirlər.

İranın raket zərbəsi

İsrail "Hizbullah"ın çoxdankı lideri Həsən Nəsrullahı sentyabrın 27-də Beyruta hava zərbələrində qətlə yetirib. Bundan sonra "Hizbullah"ın əsas müttəfiqi İran bu qətlə cavab verməyi götür-qoy edirdi.

Oktyabrın 1-də İran İsrail üzərinə çox sayda raket atıb. İsrail bu hücumu "ciddi" adlandırıb və nəticələrinin olacağını bəyan edib.

İranın digər müttəfiqi, Suriya prezidenti Bəşər əl-Əsəd ölkəsində vətəndaş müharibəsi zamanı devrilmək riski ilə üzləşəndə Tehran onu hakimiyyətdə saxlamaq üçün müdaxilə edib.

Ancaq Əzizinin fikrincə, İran Suriyada etdiyi kimi, çətin ki Livana proksi qüvvələri, yaxud öz hərbi müşavirlərini göndərər.

İsrailin təhdidlərindən sonra Livan hökuməti də İran təyyarələrinin ölkəsinin hava məkanına girməsinin qarşısını alıb.

Əzizi deyir ki, İran üçün yeganə real seçim özünün müqavimət oxunun – əlaltılar və müttəfiqlər şəbəkəsinin digər üzlərinə İsrailə qarşı səfərbər olmasına və hücumları artırmasına kömək etməkdir.

XS
SM
MD
LG