Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:30

'Göndəriş vərəqəsini aldılar, özümü yola saldılar'


Hökümət işsizlik problemini necə həll edir?
Gözlə

No media source currently available

0:00 0:03:07 0:00

Hökümət işsizlik problemini necə həll edir?

«Neftçalanın Məşğulluq Mərkəzi mənə rayondakı Əməliyyat Şirkətinə (keçmiş NQDU - Qazçıxarma idarəsi) işlə bağlı göndəriş verdi. Dedilər ki, «iş istəyirdin, bu da sənə iş, get, Allah xeyirli eləsin». Göndərişi götürüb getdim, idarənin qapısında göndəriş vərəqəsini məndən aldılar, dedilər, «get, iş olanda özümüz çağırarıq»».

Bunu AzadlıqRadiosuna Neftçalanın Söyüdlü kəndinin işsiz sakini Vüsal Tağıyev deyir. Onun sözlərinə görə, rayonun Məşğulluq Mərkəzinə uzun-uzadı müraciətlərindən sonra nəhayət, bu ilin fevralında ona işə götürülməsi üçün bir idarəyə göndəriş vərəqəsi veriblər. Ancaq fevraldan həmin idarənin qapısına gedib gəlsə də, işə götürülüb-götürülməməsi ilə bağlı konkret «hə», «yox» cavabı ala bilmir:

«DEYİRLƏR, DAHA BİZLİK DEYİL»

«Mən özüm əvvəllər elə həmin idarədə fəhlə işləmişəm. Mədə ağrılarına görə işdən ayrıldım, müalicə olundum, sonra da geri götürmədilər. Bu ilin əvvəli məni təzədən ora işə düzəlməyə göndəriblər, gedirəm, polislər qapıdan qaytarır, içəri daxil olmağıma imkan vermirlər ki, görüm məni işə götürmələri niyə bu qədər ləngiyir».

V.Tağıyevin üç azyaşlı övladı var. Atanın işsiz qalması uşaqların təhsildən uzaqlaşmasına və günlərlə ac qalmasına səbəb olub. V.Tağıyev əvvəllər də çalışdığı həmin idarə ilə bağlı yaranmış narazılıqlara görə AzadlıqRadiosuna müraciət edib:

«Özləri də məni tanıyır. Bilirlər ki, uzun illər həmin idarədə işləmişəm, yaxşı fəhlə olmuşam. Ancaq bu, nə oyundur işsizin üstündə qururlar? Gedirəm Məşğulluq Mərkəzinə, deyirəm, «ay qardaş, o kağızı verdiz əlimə, qapısında tutdular əlimdən aldılar, özümü də qovdular. İşə götürmədilər. İndi necə olacaq?». Deyirlər, «daha bizlik deyil, bizim işimiz səni işsiz kimi ora göndərmək idi».

«HAMINI BİRDƏN İŞƏ GÖTÜRMƏK OLMUR»

Neftçala Məşğulluq Mərkəzindən «Qaynar xətt»ə bildirilib ki, bu ilin əvvəlində V.Tağıyev işsiz kimi qeydiyyata düşüb. Ona bir neçə yerdə fəhlə işi təklif olunub. Hətta müəssisələrdən birinə göndəriş də verilib. Ancaq nəticəsi barədə məlumatları yoxdur.

Əməliyyat Şirkətindən isə «Qaynar xətt»ə bildirilib ki, Məşğulluq İdarəsi V.Tağıyevlə bərabər doqquz nəfərin işlə təmin olunması üçün müraciət edib. Gələnlər fəhlə işinə götürülüb, V.Tağıyevə isə bir müddət gözləmək təklif olunub:

«Hamını birdən işə götürmək də olmur. Vüsal Tağıyevin əlaqə nömrəsi və ona verilən göndəriş vərəqəsi kadrlar şöbəsindədir. İşçiyə ehtiyac olanda işə qəbul zamanı mütləq dəvət olunacaq».

XS
SM
MD
LG