Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:24

Mingəçevir adıyla çağırıb Meydan TV haqda soruşurlar


“Mingəçevir işi” ilə əlaqədar çağırıb Meydan TV haqda soruşdular
Gözlə

No media source currently available

0:00 0:02:14 0:00

“Mingəçevir işi” ilə əlaqədar çağırıb Meydan TV haqda soruşdular

-

İnternet televiziyası olan Meydan TV ilə əməkdaşlıq edən jurnalistlər artıq 3 gündür ki, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağrılırlar.

İlk çağırış jurnalist Sevinc Vaqifqızına gəlib. Bir qrup jurnalist və ictimai fəal, o cümlədən Meydan TV ilə əməkdaşlıq edənlər sentyabrın 1-də - Bakı Ağır Cinayətlər Məhkəməsinin önündə araşdırmaçı jurnalist Xədicə İsmayıla oxunan hökmün bitməsini gözlərkən, həmkarları Sevinc Vaqifqızının istintaqda dindirilməsi xəbərini eşitmişdilər.

“3 saat sürən dindirmədə müstəntiq həm Mingəçevir hadisəsi, həm də Meydan TV ilə bağlı suallar verdi. Onu əsas maraqlandıran Meydan TV-nin fəaliyyəti idi.

Soruşurdu ki, Meydan TV necə idarə olunur, rəhbəri kimdir, harada yaşayır. Yəni bir media qurumu ilə bağlı nə soruşmaq mümkündürsə, hamısını soruşdu” - Sevinc Vaqifqızı bildirir.

“SORUŞDULAR Kİ, NİYƏ PUL ALMIRSAN?”

Sevinc Vaqifqızı deyir ki, ara-sıra ona Mingəçevir hadisələri ilə bağlı da suallar verilib. Söhbət Mingəçevirdə 27 yaşlı gəncin polis bölməsində ölümündən sonra şəhərdə keçirilən etiraz nümayişindən gedir. Jurnalistin sözlərinə görə, o, Mingəçevirə bu olaylardan sonra - ara sakitləşən zaman gedib və görüb-eşitdiklərini lentə alaraq Meydan TV-də işıqlandırıb.

Sevinc Vaqifqızı Mingəçevirdə olub, oradan Meydan TV-yə məlumat ötürən yeganə jurnalist olsa da, “Mingəçevir hadisələri” adı altında istintaqa başqaları da çağrılıb. Sentyabrın 2-də daha üç jurnalist - Natiq Cavadlı, İzolda Ağayeva və Cavid Abdullayev Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində dindirilib.

Sentyabrın 3-də isə Şirin Abbasov eyni ünvana çağrılıb. Bu jurnalistlərin heç biri Mingəçevin olaylarını yaxından izləməyib və onları birləşdirən yeganə cəhət Meydan TV ilə əməkdaşlıq etmələridir. Müstəntiqin sualları da, əsasən, məhz bu televiziya ilə bağlı olub.

Natiq Cavadlı:

Natiq Cavadlı
Natiq Cavadlı

“Suallar əvvəlcə Mingəçevin hadisələri ilə bağlı oldu. Mən bildirdim ki, o zaman Azərbaycandan kənarda - Gürcüstanda olmuşam. Daha sonra söhbətin məcrasını dəyişib Meydan TV ilə bağlı suallar verməyə başladılar.

Əsasən soruşdular ki, Meydan TV-də işləyirsənmi, pul alırsanmı, maliyyə mənbələri barədə nə bilirsən və s

Əsasən soruşdular ki, Meydan TV-də işləyirsənmi, pul alırsanmı, maliyyə mənbələri barədə nə bilirsən və s. Bildirdim ki, Meydan TV-də işləmirəm, başqa mətbuat orqanları ilə olduğu kimi, ora ilə də əməkdaşlıq edirəm və heç bir qonorar almıram. Soruşdular ki, niyə almırsan, bəs nəylə dolanırsan? Dedim, o TV ilə imza, prestij naminə əməkdaşlıq edirəm”.

Natiq Cavadlının fikrincə, prokurorluq belə davranmaqla ölkədə müstəqil jurnalistləri sıradan çıxarmaq istəyir:

“Azad mətbuat boğulur, sərhədləri daraldılır. Hazırda azad mətbuatdan qalacıqlar qalıb. İndi də onlar sıradan çıxarılır. Bu ölkədə azad mətbuat yoxdur, azad jurnalistlər var. İlkin təəssüratım odur ki, indi də onlar sıradan çıxarılır”.

“MƏQSƏD AZAD SÖZÜ BOĞMAQDIR”

Meydan TV-nin hazırda Almaniyada yaşayan rəhbəri Emin Milli də öz Facebook səhifəsində jurnalistlərin dindirilməsinə münasibət bildirərək, bu addımı qınayan bəyanat verib.

O, baş verənlərdə məqsədin "azad sözü boğmaq, alternativ fikir yayan Meydan TV-ni susdurmaq" olduğunu vurğulayıb. Bəyanatda bu açıqlama da əksini tapıb:

"Meydan TV-nin direktoru olaraq bəyan edirəm ki, hələ 2014-cü ilin sonunda Meydan TV-nin Bakı ofisi bağlanıb. Onun Azərbaycanda ofisi və rəsmi əməkdaşları yoxdur. Hazırda isə jurnalist və yazarların heç biri bizimlə rəsmi əməkdaşlıq etmir”.

“İSTİNTAQ ÜÇÜN ƏSAS TƏRƏF JURNALİST OLMAMALIDIR”

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

“Jurnalistin cinayət fəaliyyəti ilə bağlı sorğuya çəkilməsi çox yanlış məsələdir” – media eksperti Ələsgər Məmmədli bu fikirdədir. Ekspert bildirir ki, istər konstitusiya, istərsə də KİV qanunvericiliyi jurnalistə istənilən hadisəni görüb-işıqlandırmaq hüququ verir.

Jurnalistin bilavasitə funksionallığı, fəaliyyəti ilə bağlı suallar verilirsə, bu onu göstərir ki, hədəf istintaqa çəkilən prosesi yox, jurnalistlərin fəaliyyətini araşdırmaqdır. Bu da KİV-ə basqı kimi qiymətləndirilə bilər.

Əgər hadisənin istintaqı aparılırsa, onda istintaqın əsas hədəfi jurnalistlər yox, hadisəyə qatılanlar və şahidlərdir. Jurnalist əldə etdiyini zatən ictimaiyyətlə paylaşır. Düzdür, istintaqın jurnalisti dindirməsi də istisna deyil:

“Amma ona “siz orda niyə iştirak etdiniz” kimi, yəni jurnalistin funksionallığına dair suallar verilməməlidir. Belə münasibət media azadlığının durumuna mənfi təsir göstərir. Jurnalistin bilavasitə funksionallığı, fəaliyyəti ilə bağlı suallar verilirsə, bu onu göstərir ki, hədəf istintaqa çəkilən prosesi yox, jurnalistlərin fəaliyyətini araşdırmaqdır. Bu da KİV-ə basqı kimi qiymətləndirilə bilər”.

Ekspert Meydan TV ilə əməkdaşlıq edən jurnalistlərin dindirilməsinə də münasibət bildirib. Onun fikrincə, məhz hakimiyyəti tənqid edən media orqanının hədəf seçilməsi istisna deyil: “Ancaq istənilən jurnalist istənilən media orqanı ilə əməkdaşlıqda sərbəstdir, istər pul qarşılığında, istərsə də könüllü. Buna görə jurnalistin sorğu-suala çəkilməsi ölkədə ifadə, media azadlığının vəziyyətini mənfi yöndən qiymətləndirməyə imkan yaradır”.

Prokurorluq orqanları, hələ ki, ictimaiyyətə jurnalistlərin istintaqa çağrılma səbəbləri və Meydan TV ilə bağlı açıqlama verməyib. Baş Prokurorluğun mətbuat xidmətindən yalnız onu bildirirlər ki, jurnalistlər avqustun 20-də Mingəçevir şəhər polis şöbəsində şəhər sakini Bəhruz Hacıyevin özünü öldürməsi və s. faktlar üzrə açılan cinayət işi üzrə şahid qismində dindiriliblər.

“Prokurorluq orqanlarında Meydan TV ilə bağlı cinayət işinin istintaqı aparılırmı” sualına isə qurumun mətbuat katibi Eldar Sultanov “yox” cavabını verib.

XS
SM
MD
LG