Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:39

‘İndi jurnalistlər üçün ən qorxulu və ölümcül zamandır…’


Jurnalistləri Müdafiə Komitəsi (The Committee to Protect Journalists - CPJ) bildirir ki, yeni media texnologiyaları senzuranın işini son dərəcə çətinləşdirsə də, mürtəce hökumətlər bu texnologiyalardan getdikcə daha çox istifadə edir.

Bununla əlaqədar həbs edilmiş və öldürülmüş jurnalistlərin sayı sıçrayışla artıb.

CPJ-nin icraşı direktoru Joel Simon AzadlıqRadiosuna deyib ki, "indi, sənədləşdirilmiş hallara görə jurnalistlər üçün əslində ən qorxulu və ölümcül vaxtdır”.

Simon aprelin 25-də açıqlanmış “Mətbuat üzərinə hücumlar 2017” (Attacks On The Press 2017) adlı hesabatda yazır ki, hazırda sosial media saytlarının çox sayda olmasına, smartfon kameralarının mövcudluğuna baxmayaraq, qeyri-demokratik hökumətlər media qurumları və jurnalistlər üzərinə hücumlarını gücləndiriblər.

CPJ bildirir ki, 2016-cı ildə bütün dünya boyunca 259 jurnalist məhbus edilib .

Bu, Nyu Yorkda mənzillənmiş təşkilatın 1990-cı ildən apardığı statistikada ən böyük rəqəmdir.

Bu da da bildirilir ki, son beş ildə 332 jurnalist həlak olub. Son 28 ilin heç bir beşilliyində bu qədər jurnalist öldürülməyib.

Azad söz üzərinə cəbhə boyunca hücum

Simon deyib ki, indi bütün dünyada repressiv hökumətlər medianın boğulması və ram edilməsinə həmişə olduğundan daha çox vaxt və vəsait sərf edir.

Simon-un sözlərinə görə, mürtəce hökumətlər informasiyanın manipulyasiya edilməsi və azad söz üzərinə hücum üçün daha mükəmməl texniki vasitələrə əl atırlar. Bu hökumətlər mediaya qarşı mübarizə üçün ifadə azadlığının istifadə etdiyi eyni vasitələrdən faydalanırlar.

Simon hökumətlərin mediaya qarşı mübarizədə əl atdığı metodları üç kateqoriyaya bölür: Repressiya 2.0, Maskalanmış Siyasi Nəzarət və Texnoloji Qəsbkarlıq.

Birinci kateqoriya əslində ən qaba dövlət senzurasının açıq şəkildə tətbiq olunmasıdır.

Maskalanmış Siyasi Nəzarət zamanı isə hökumətlər öz repressiv siyasətlərini demokratik normalar cildinə salmağa çalışrılar.

Texnoloji qəsbkarlıq isə internetdən istifadə etməklə jurnalistlərin fəaliyyətinin pozulması və insanların azad informasiyaya çıxışının filtr və bloklarla bağlanmasını nəzərdə tutur.

Adamları çaşdırmaq siyasəti

CPJ-nin hesabatında habelə təbliğat və dövlət mediası tərəfindən həyata keçirilən saxta xəbərtexnologiyaları məsələlərinə də toxunulur.

Simon AzadlıqRadiosuna bildirib ki, informasiya həcminin artması adamları çaş-baş qoyur. Onlar hansı xəbərlərin doğru, hansıların saxta olduğunu başa düşməkdə çətinlik çəkirlər. Repressiv hökumətlər saxta xəbərlərdən məhz belə bir situasiyada fürsətlənirlər.

Simon deyib ki, təbliğat və qondarma xəbərlər bütün dünyada adamların siyasi hadisələri anlamasına mane olur və buna görə də hökumətlər bu vəziyyətdən öz mənfəətləri üçün istifadə edirlər.

Wall Street Journal qəzetinin keçmiş əməkdaşı, “İndi yoldaşlarımın kim olduğunu bilirəm” kitabının müəllifi Emily Parker CPJ-nin hesabatında yazır ki, Rusiya və Çin kimi hökumətlər əvvəl-əvvəl informasiya texnologiyalarının qüdrətini dərk etməmişdilər, lakin bunu anladıqdan sonra yeni texnologiyaların mükəmməl tətbiqi və internet vasitəsilə həm ölkə daxilində, həm də bütün dünyada ictimai şüuru çaşdırmağı öyrəniblər.

Hesabatda deyilir ki, azad medianın düşmənləri qlobal informasiya üzərinə bütün səviyyələrdə böyük həmləyə keçiblər.

XS
SM
MD
LG