Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:48

Kara-Murzaya 25 il həbs cəzası kəsildi


Vladimir Kara-Murza
Vladimir Kara-Murza

Rusiyada məhkəmə jurnalist, müxalifətçi Vladimir Kara-Murzanı vətənə xəyanət və saxta informasiya yaymaqda təqsirli bilərək 25 illik həbsə məhkum edib. Özü və insan haqları qrupları isə bunu Kremlin ən parlaq tənqidçilərindən birini təqib etmək cəhdi sayır.

Reportyorlar, diplomatlar və tərəfdarlarının doldurduğu Moskva Şəhər Məhkəməsi aprelin 17-də Kara-Murzaya qarşı hökm çıxarıb. O təxminən bir il öncə Rusiya silahlı qüvvələri barədə “saxta informasiya” yaymaq ittihamıyla həbs olunub. İki dəfə isə zəhərlə hücumlardan az qala həyatını itirəcəkdi.

“Human Rights Watch” təşkilatının direktoru Hyu Uilyamson (Hugh Williamson) hökm oxunmazdan öncə hesabatında bildirib ki, Kara-Murza “Kreml, onun Ukraynada apardığı müharibə, Rusiya daxilində artan repressiya ilə bağlı özünün, digərlərinin səsini ucaltdığı üçün” saxlanıb.

“Amnesty International” Kara-Murzanı “vicdan məhbusu” elan edib. O, aprelin 10-da məhkəmədə son sözündə deyib ki, siyasi baxışlarına, “Ukraynadakı müharibəyə qarşı danışdığına, uzun illər (Rusiya Prezidenti Vladimir) Putin diktaturası ilı mübarizəsinə görə” həbs olunub.

Kara-Murza Rusiya və Britaniya vətəndaşlığı var. Britaniya hökuməti hökmü pisləyib, 41-yaşlı üç uşaq atasına açılmış cinayət işini “siyasi motivli” adlandırıb. Bu, Kremlin Ukraynaya qarşı müharibəsinə qarşı çıxmış bir rusiyalıya kəsilən ən ağır cəzalardan sayılır.

Bəyanatda deyilir ki, Rusiyanın Böyük Britaniyadakı səfirliyi çağırılıb, Britaniya rəsmiləri Kara-Murzanın məhkum edilməsinin Rusiyanın insan haqlarına dair beynəlxalq öhdəliklərinə zidd saydığını aydın şəkildə ifadə edəcəklər.

ABŞ-ın Rusiyadakı səfiri Linn Treysi (Lynne Tracy) məhkəmədən çıxarkən “Mediazona”ya deyib: “Rejimin tənqidçilərinin kriminal təqibi güc deyil, zəiflik simvoludur”.

+++

Rusiyada prokuror müxalifət siyasətçisi Vladimir Kara-Murzanın 25 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bu barədə məlumatı jurnalistlərə Moskva şəhər məhkəməsinin binası qarşısında vəkil Mariya Eysmont verib.

Vəkilin dediyinə görə onun müştərisi təcridxanada olduğu müddətdə 17 kiloqram arıqlayıb.

Martın ortalarında Kara-Murza özünü yaxşı hiss etmədiyinə görə məhkəmə iclaslarından birində iştirak edə bilməmişdi.

O bundan əvvəl bildirmişdi ki, təcridxanada səhhəti xeyli pisləşib.

Polineyropatiya

Rusiya Penitensiar xidmətinin Moskva idarəsinin baş nevroloqu müxalifətçiyə “polineyropatiya” diaqnozu qoyub. Bu diaqnoz adətən zəhərlənmələrin nəticəsində qoyulur.

Belə diaqnozu olan şəxs qaydalara görə təcridxanada saxlana bilməz. Buna baxmayaraq məhkəmə onun ev dustaqlığına keçirilməsi üçün tibb sənədlərinə baxmaqdan imtina edib.

Martın əvvəllərində məhkəmə Kara-Murzanın həbs müddətini yarım il də uzadıb.

O təcridxanada 2022-ci ilin aprelindən saxlanır.

Üç cinayət işi

Siyasətçi barəsində üç cinayət işi qaldırılıb: Rusiya ordusu barədə saxta xəbərlərin yayılması, dövlətə xəyanət və “arzuolunmaz təşkilat” - Açıq Rusiya cəmiyyətində işləməsi.

İstintaqın versiyasına görə 2022-ci il martın 15-də ABŞ-da Arizona ştatının Nümayəndələr Palatasında çıxış edən Kara-Murza “siyasi nifrət motivi ilə doğru olmayan informasiyanı bilərəkdən yayıb”.

Həmin çıxışda söhbət həm də Rusiya tərəfindən Ukraynanın yaşayış rayonlarının və mülki infrastruktur obyektlərinin bombalanmasından gedirdi.

Dövlətə xəyanət və “arzuolunmaz təşkilatla iş” ittihamları Kara-Murza artıq həbsdə olarkən irəli sürülüb.

41 yaşlı Kara-Murzanın zəhərlənmə hücumundan sonra iki dəfə ölüm ayağında olduğu bildirilirdi.

Qərblə sıx bağlar

2015-ci ildə Kremlin divarları yaxınlığında güllələnmiş Boris Nemtsovun birinci müavini işləmiş Kara-Murza Qərb, xüsusilə də ABŞ millət vəkilləri və siyasətçiləri ilə sıx münasibətlərə malikdir.

Mərhum senator Con Makkeyn (John McCain) Kara-Murzanı himayə edirdi və müxalifət siyasətçisi 2018-ci ildə senatorun dəfninə rəsmi dəvət almışdı.

Vladimir Kara-Murza senator Makkeynlə
Vladimir Kara-Murza senator Makkeynlə

Kara-Murzanın Rusiya daxilində etdiyi səfərlər zamanı iki dəfə müxtəlif şəraitlərdə zəhərləndiyi deyilir. Bu hadisələr 2015 və 2017-ci illərdə baş verib. Hər iki zəhərlənmə nəticəsində onun kritik vəziyyətə düşdüyü bildirilirdi.

Kara-Murzanın ailə üzvləri müstəqil ekspertiza rəyi çıxarılması üçün onun toxuma nümunələrini xaricə apara bilmişdilər.

ABŞ Federal Təhqiqatlar Bürosu bu işi “qəsdən zəhərləmə” ittihamı çərçivəsində aparırdı. Nümunələr Birləşmiş Ştatların laboratoriyalarında analiz olunmuşdu.

O vaxt bu məsələyə FTB-nin direktoru Kristofer Rey (Christopher Wray) və Ağ Evin Milli Təhlükəsizlik Şurası müdaxilə etmişdi.

XS
SM
MD
LG