Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:44

Müttəhimlər Əli Həsənovun xanımının dindirilməsini tələb edirlər


Sona Vəliyeva
Sona Vəliyeva

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun xanımına məxsus “Kaspi Liseyi”ndən 565 minlik mənimsəmə iddiası üzrə məhkəmə istintaqı başa çatıb.

Prokuror bu ittihamla həbs olunan iki nəfərə - liseyin keçmiş baş mühasibi Tural Məmmədov və mühasib Fərahim Möhbalıyevə cəza istəməlidir.

Oktyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önünə çıxarılan təqsirləndirilən şəxslər mediaya müraciət ediblər.

Onlar deyiblər ki, işə düzgün baxılmamasına etiraz olaraq başladıqları aclıq aksiyasını davam etdirirlər.

"Biz bu aksiyanı bundan sonra da davam etdirməkdə israrlıyıq. O vaxta qədər ki, Sona Vəliyeva çağrılıb dindiriləcək. O adamı dindirmədən necə qərar vermək olar? Amma onu nə istintaqda dindiriblər, nə də məhkəmədə. Əgər aclıq nəticəsində bizə nəsə olsa, günahkar dörd nəfərdir: Əli Həsənov, Sona Vəliyeva, "Kaspi"nin direktoru Elnur Əliyev və bizim işimizə baxan hakim Azər Paşayev", – Tural Məmmədov belə deyib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə adları çəkilən şəxslərin aclıq aksiyası keçirməsi barədə deyilənləri təkzib edib:

"Adlarını çəkdiyiniz şəxslər nə aclıq edir, nə də onların bizə belə bir niyyətləri barədə ərizələri daxil olub. Onlar bugünlərdə təcridxanada ailə üzvlərilə də görüşüblər. Yəni heç bir problem yoxdur".

Tural Məmmədov və Fərahim Möhbalıyevin məhkəməsi oktyabrın 14-də davam edəcək. Həmin iclasda prokuror onlara cəza istəyəcək.

Xatırlatma

İttihamda yazılıb ki, 2018-ci ilin aprel-oktyabr aylarında 454 nəfər şagirdin təhsili üçün 1 milyon 366 min manat pul ödənilib.

Ancaq bu vəsaitin 565 minini baş mühasib və mühasib sistemə daxil etməyib, birlikdə mənimsəyib. Adları çəkilən şəxslərə CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi əsasında ittiham verilib.

Tural Məmmədov özünü qismən təqsirli bilərək deyir ki, pula ehtiyacı olduğundan vəsaitin bir hissəsini götürüb, amma məbləğ ittihamda yazıldığı kimi, 565 min olmayıb, rəqəm bundan iki dəfə azdır:

“Oktyabrın 16-da təsisçi Sona Vəliyeva məni xidməti otağına çağırıb, 565 mini götürüb-götürmədiyimi soruşdu. Dedim ki, təxminən 350 min götürmüşəm, liseydə araşdıranlar düz hesablamayıblar. Sona Vəliyeva dedi ki, əgər ona 565 minin hamısını özümün mənimsəməyim barədə ərizə yazıb versəm, polisə şikayət etməyəcək. Ona inanıb dediyi kimi izahat yazdım, pulu geri ödəmək üçün də 1 il möhlət verməsini xahiş etdim. Amma bu ərizəni məndən alandan yarım saat sonra polislər gəlib bizi apardı”.

Digər təqsirləndirilən Fərahim Möhbalıyevin onunla əlbir olmadığını deyən Tural Məmmədov deyir ki, pulun bir hissəsini şəxsi problemlərinin həllinə, qalanını da “Tatlı dünyası” şirniyyat evinin təmirinə xərcləyib.

Fərahim Möhbalıyev isə özünü təqsirli saymır.

Tural Məmmədov və Fərahim Möhbalıyevin təqsirləndirildiyi CM-in 179.4 maddəsində 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutulub.

Bir müddət öncə Sona Vəliyeva da təsisçisi olduğu şirkət haqqında səslənən fikirlərə münasibət bildirib.

"Həyat yoldaşım Əli Həsənovun Azərbaycan prezidentinin köməkçisi olması, olduqca həssas bir sahəyə uğurla rəhbərlik etməsi, öz vəzifəsinin öhdəsindən vicdanla gəlməsi, bu kimi ucuz şantaj cəhdlərinə qətiyyən əhəmiyyət verməməsi müxtəlif qarayaxma kampaniyalarına rəvac verib. Mənim hədəf alındığım bu kimi kampaniyaları idarə edənlərin əsas məqsədi həyat yoldaşımın nümunəvi fəaliyyətinin üzərinə kölgə salmaq, onun timsalında hakimiyyət nümayəndələri haqqında mənfi rəy yaratmaqdır", - o, "Qafqazinfo"ya belə deyib.

XS
SM
MD
LG