Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:39

Azərbaycanda yağın aybaay bahalaşmasının səbəbləri


Ekspertin sözlərinə görə, Rusiyada kərə yağının qiymətində 24 faizlik artım Azərbaycan inhisarçıları üçün ciddi siqnal oldu.
Ekspertin sözlərinə görə, Rusiyada kərə yağının qiymətində 24 faizlik artım Azərbaycan inhisarçıları üçün ciddi siqnal oldu.

Son aylarda Azərbaycanda kərə yağının qiymətində artım müşahidə edilir. Məsələnin diqqətçəkən məqamı ondan ibarətdir ki, ölkədə yağın qiymətində artım artıq il ərzində üçüncü dəfədir ki, baş verir. Alıcıların sözlərinə görə, elə marka kərə yağı var ki, ötən ilin sonunda kiloqramı 19 manat idisə, hazırda 24 manata satılır. Bu, artıq 30 faizə yaxın artım deməkdir.

"22-24 manatlıq yağ ala bilmirəm"

Bakıda yaşayan Məsimə Mehdiyeva da deyir ki, artıq kərə yağını almağa gücü çatmır: "Kərə yağını 14-15 manat olanda birtəhər alıb yeyirdik. Amma indi bu qiymətə ancaq marqarin var. Elə məcbur olub onu yeyəcəyik, çünki 22-24 manatlıq yağ ala bilmirəm".

Azərbaycan kərə yağında idxaldan asılıdır. Ölkəyə kərə yağının gətirilməsi güzəştli gömrük rüsumları ilə həyata keçirilir. Nazirlər Kabinetinin qərarına görə, kərə yağının idxalında gömrük rüsumunun 15 faizdən 5 faizə endirilmə müddəti 2025-ci ilin sonuna qədər uzadılıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana 123 milyon 972 min dollar dəyərində 22 min 204 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə miqdarda 84.2, dəyərdə isə 84.5 faiz çoxdur.

Kərə yağını marqarinə dəyişməyə məcbur camaat...
Gözlə

No media source currently available

0:00 0:05:07 0:00

Qazanan kimlərdir?

Amma maraqlıdır ki, bu ilin ilk doqquz ayında Azərbaycana idxal olunan kərə yağının kiloqramının orta gömrük dəyəri 5.6 dollar (9.5 manat) olub.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, hesabat dövründə gətirilən kərə yağlarının kiloqramının orta qiyməti ölkənin pərakəndə ticarət şəbəkələrində 20.9 manat olub.

Beləliklə, bəlli olur ki, ölkəyə idxal edilən yağ piştaxtaya çıxana qədər azı iki dəfə artır. Buna ölkənin iri ticarət şəbəkələrindən ayrılıqda münasibət almaq mümkün olmayıb.

Digər maraqlı məqam odur ki, rəsmi məlumatlara görə, ölkədə kərə yağının istehsalı idxal həcmini, az da olsa, üstələyir. DSK-nın məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında ölkədə 22 min 345 ton kərə yağı istehsal edilib. Bu da o deməkdir ki, göstərilən dövrdə Azərbaycanda kərə yağı istehsalı idxaldan 141 ton çox olub.

Azərbaycandan Rusiyaya kərə yağı ixracı artıb

İdxalla yanaşı, Azərbaycan kərə yağını ixrac da edir. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan xarici ölkələrə 7 min 392 ton kərə yağı ixrac olunub. Onun böyük hissəsi hazırda kərə yağı böhranı yaşadığı bildirilən Rusiyaya ixrac olunub - 7 min 386 ton. Ötən ilin eyni dövründə ixrac cəmi 800 ton təşkil etmişdi. İxrac olunan kərə yağının kiloqramının orta gömrük qiyməti 6.19 ABŞ dolları və ya 10.5 manat olub.

Tahir Rzayev
Tahir Rzayev

Deputat: "İşbazlar bundan istifadə edir"

Milli Məclisin Aqrar komitəsinin sədri Tahir Rzayev "Turan"a bildirib ki, ölkədə heyvandarlıq məhsullarının istehsalı artıb, amma onunla yanaşı, insanların tələbatı da artır: "Bahalaşmada müəyyən səbəblər var. İlk səbəb kərə yağının idxalı ilə bağlı məsələlərdir ki, müəyyən işbazlar bundan istifadə edir. Cüzi bir artım olan kimi onlar digər məhsullarda da artıma imkan yaradırlar. Özü də az yox, xeyli dərəcədə belə artımlar olur".

Komitə sədrinin vurğuladığına görə, digər tərəfdən, bir çox fermerlər hələ də müasir tələblərə qarşı lazımi münasibətdə deyillər: "Müasir texnologiyalar var, amma hələ də heyvanların kökəldilməsində, südün, yağın istehsalında müəyyən problemlər var. Bu, həm istehsalın səviyyəsinə, həm də qiymət artımına təsir göstərir".

T.Rzayevin sözlərinə görə, əgər məhsulun keyfiyyəti yuxarı deyilsə, sözsüz ki, idxal olunan məhsulların alınmasına daha çox üstünlük veriləcək: "Digər tərəfdən, bütün dünyada da heyvandarlıq məhsullarının, demək olar, hamısında qiymət artımı müşahidə olunur. Əgər bir məhsulu idxal ediriksə, onun gətirilməsi, istehlakçıya çatdırılması xərcləri də nəzərə alınır. Ona görə də qiymət artımı olur".

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

"Azərbaycanda idxal monopoliyada olduğu üçün..."

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov isə yağın bahalaşmasını başqa səbəblərlə də izah edir. O, AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda idxal monopoliyada olduğu üçün idxalçılar dünyada baş verən qiymət dəyişikliklərini izləyirlər: "Dünya bazarında qiymət düşürsə, onlar qiyməti aşağı salmırlar, çünki gətirilməsi və malın saxlanma xərclərini hesablayırlar. Amma qiymətlər artan kimi həmin inhisarçılar dərhal ölkədə yağın qiymətini qaldırırlar".

Ekspert hesab edir ki, Rusiyada kərə yağının qiymətində 24 faizlik artım və istehsalın azalması Azərbaycan inhisarçıları üçün ciddi siqnal oldu: "Rusiya artıq başqa ölkələrdən kərə yağını idxal etməyə başlayıb. Bu o deməkdir ki, tələbat artdı. Bu da o deməkdir ki, bölgədə kərə yağının çatışmazlığı var. Bundan da bizim monopolistlər sui-istifadə edir".

V.Məhərrəmovun sözlərinə görə, 1 kiloqram kərə yağı əldə etmək üçün 3.6 faiz yağlığında 23 litr süd tələb olunur: "Azərbaycanda fermerlərin istehsal etdiyi südün litrinin qiyməti 1.5 manatdan yüksəkdir və son bir həftədə südün qiymətində də artım var. Bu da kərə yağının qiymətinə təsir edir".

İqtisadçı vurğulayır ki, Azərbaycanda adambaşı kərə yağına illik tələbat 7 kiloqramdır: "Bu rəqəmi Nazirlər Kabineti minimum istehlak səbətində qeyd edib. Yəni, illik istehsalımız 70 min ton olmalıdır. Amma ölkədə adambaşı 3.5-4 kilo yağ istehlak olunur. Azərbaycanda kərə yağını daxili istehsal kimi göstərirlər, amma o, daxili istehsal deyil. Həmin yağı böyük həcmdə xaricdən gətirir və burada qablaşdırırlar".

XS
SM
MD
LG