Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:41

Kikboksinq məşqçisini zor işlətdiyinə görə öldürdüyünü deyən xanımına rəy verildi: 'Anlaqsızdır...'


 Əfsanə Qalabəyli
Əfsanə Qalabəyli

"Sərhədçi" idman kompleksində kikboksinq məşqçisi olmuş Nurani Qalabəylinin qətlində suçlanan Əfsanə Qalabəylinin olay zamanı anlaqsız durumda olduğu açıqlanıb. Ekspertizanın rəyində belə yazılıb. Sözügedən rəy oktyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində Ə.Qalabəylinin işinə baxan məhkəmə iclasında səsləndirilib.

36 yaşlı Qalabəyli haqqında üç ay öncə ekspertiza təyin edilmiş, onun cinayət baş verəndə və indiki psixi durumuna dair rəy istənmişdi.

Məhkəməyə iki fərqli rəy təqdim edilib

Bunlardan birində göstərilib ki, olay zamanı Ə.Qalabəyli affekt vəziyyətdəymiş. İkincisi ekspertsə belə qənaətə gəlib ki, qadın hadisə vaxtı anlaqlı olub, amma olub-bitənlər üzündən sarsıntı yaşayaraq psixoloji və fizioloji affekt durumuna düşüb. O, indinin özündə də hərəkətlərini anlaya bilmir, özünü sərbəst idarə etmək gücündə deyil.

Təqsirləndirilən şəxsin indiki psixi durumuyla bağlı ekspertiza rəyini nəzərə alan hakimlər heyəti ona qanuni nümayəndə təyin etmək qərarı verib. Hakim Səyavuş Hacıyev deyir ki, bu, qanunun tələbidir. Özünü idarə etmək iqtidarında olmayan şəxsə qanuni nümayəndə təyin edilməsə, onun müdafiə hüququ pozulmuş olar.

Prokuror Cövdət Mehrəliyevsə qanuni nümayəndənin təyin olunmasına etiraz edərək deyib ki, hələ bu rəy sübut kimi qəbul edilə bilməz: "Həmin rəyin özü də araşdırılmalıdır. Əgər istintaq dövründə şəxsin bu əməli anlaqsız vəziyyətdə törətdiyi ortaya çıxsaydı, o zaman istintaq ona qanuni nümayəndə təyin edərdi. Hazırda proses yenidən başlayır. Həmin rəy də araşdırılmalıdır".

"Hərəkətlərini dərk edə bilmir"

Ə.Qalabəylinin vəkili Zibeydə Sadıqova deyir ki, bu rəyə dörd həkim imza atıb. Vəkilin sözlərinə görə, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmamasından ötrü qanuni nümayəndənin təyin olunması vacibdir: "Əfsanə Qalabəyli hərəkətlərini dərk edə bilmir. Mən məhkəmədən əvvəl onunla danışdım, gördüm ki, məni anlamır".

Qərar verilib ki, Ə.Qalabəylinin anası onun qanuni nümayəndəsi təyin edilsin və bu məhkəmə prosesinə bu statusda qatılsın.

Ə.Qalabəylinin işini araşdıran hakimlərdən biri - Rahib Salmanov təxminən ayyarım öncə intihar etdiyindən onun əvəzinə heyətə başqa hakim daxil edilib. Bu üzdən, iş üzrə məhkəmə araşdırmaları yenidən başlanıb. Prokuror ittiham aktını elan edib.

Ə.Qalabəylidən özünü təqsirli bilib-bilmədiyi soruşulsa da, o susub, heç bir cavab verməyib.

Daha öncəki ifadələrində o bildirmişdi ki, uzun illər sürən psixoloji və fiziki işgəncələrdən bezərək bu qətli törədib. Təqsirləndirilən qadının sözlərinə görə, həyat yoldaşı illərlə ona zülm edib: "Məni döyüb-söyməyi bir yana, evə pozğun qadınlar gətirirdi. Özü də uşaqlar evdə ola-ola. Bəzən evə gəlməzdən əvvəl mənə deyirdi ki, hazırlıq gör, yemək bişir, qonağım olacaq. Adam gətirib, uşaqları, məni bir otağa salıb, ağzımızı bağlayırdı. Etiraz edəndə döyür, söyürdü...".

Evə gətirilən qadınlardan biri də məhkəmədə şahid qismində dindirilib və Ə.Qalabəylinin söylədiklərini təsdiqləyib.

Qalabəylilərin birgə nikahdan dörd övladı (üç oğlu, bir qızı) var. Təqsirləndirilən şəxs deyir ki, dəfələrlə ərinə övladlarının böyüdüyünü bildirib, bu cür hərəkətlərə son qoymasını istəyib. Amma əri dediklərinə onu döyməklə cavab verib.

Zərərçəkmişin hüquqi varisinin şikayət və tələbi yoxdur

Məhkəmədə zərərçəkmişin hüquqi varisi qismində mərhum Nurani Qalabəylinin atası tanınıb. O, dəfələrlə məhkəməyə çağrılsa da, gəlməkdən boyun qaçırıb və istintaqa hər hansı şikayət, yaxud tələbinin olmadığını bildirib.

Ə.Qalabəylinin ittiham olunduğu CM-in 120.1 (qəsdən adam öldürmə) maddəsində 9 ildən 14 ilədək həbs cəzası nəzərdə tutulub.

48 yaşlı Nurani Qalabəyli "Sərhədçi" idman kompleksində məşqçi kimi fəaliyyət göstərirmiş.

XS
SM
MD
LG