Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:48

Kino biznesi doğrudan da ölübmü?


Kaliforniyadakı "Şöhrət səkisi"
Kaliforniyadakı "Şöhrət səkisi"

2 Hollivud studiyasına rəhbərlik etmiş Barri Diller kino sənayesinin çökdüyünü deyir

Barri Diller illər öncə kino sənayesində 2 Hollivud studiyasına rəhbərlik etmiş şəxs kimi tanınır. Onlardan biri “Paramount Pictures”, digəri “20th Century Fox”dur (indiki adı “20th Century Studios, Inc.”). Bax bu şəxs indi kino sənayesinin çökdüyünü deyir.

"Kino biznesi bitib... və biz bir daha geri dönməyəcəyik”, - NPR-a müsahibəsində Diller belə söyləyib. O bunun koronavirus pandemiyası dövründə bilet satışlarının kəskin azalması və kinoteatrların bağlanması ilə birbaşa əlaqəli olduğunu düşünür.

Dillerin fikrincə, striminq kino sənayesini ciddi mənada dəyişib və çəkilən filmlərin keyfiyyəti də buna daxildir.

“Maraqlı olduğu üçün iş görürdün”

Diller şirkətlərin öz uğurunu ölçmə tərzinin də dəyişdiyini deyir: “Mənim çalışdığım kino biznesində sən, həqiqətən, sənə maraqlı olduğu üçün iş görürdün”. O, həmin zamanlar auditoriyanın reaksiyasının hər şeydən vacib sayıldığını da sözlərinə artırıb.

Dillerin “Paramount” studiyasında çalışdığı 1970 -80-ci illərdə həmin studiya “Saturday Night Fever” (“Şənbə gecəsinin istisi”) kimi filmlər çəkirdi. Digəl, ovaxtdan sonra Diller televiziyadakı işi ilə tanınmağa başlayıb. O həm də Fox TV şəbəkəsinin yaradılmasına kömək edib.

Diller hazırda IAC media holdinqinin baş icraçı direktorudur. IAC dünyanın 100-dək ölkəsində fəaliyyət göstərən media və internet brendlərinə nəzarət edir.

Bu gün çoxmilyardlı industriyaya çevrilmiş striminq sahəsində müştərilərin diqqəti uğrunda amansız rəqabət var.

Diller “Amazon Prime”ın MGM şəbəkəsini satın almaq cəhdini misal çəkib və burada əsas məqsədin “Amazon”a daha çox abunəçi cəlb etmək olduğunu deyib:

“Sistemin məqsədi kiminsə xoşuna gəlmək deyil. Məqsəd Amazona aid daha çox [şirkət] almaqdır. Bu, pis şey deyil, ancaq məni maraqlandırmır”.

“Bunlar film deyil… əcaib alqoritmik proseslərdir”

“Pandemiya dövründə on-demand video xidmətləri sıçrayışa keçdi. Ötən ilin ilk rübündə “Netflix” abunəçi siyahısına daha 15,8 milyon nəfər əlavə olundu. Ovaxtdan sonra bu artımın sürəti azalsa da, şirkət ili 200 milyondan çox müştəri ilə başa vurdu”, - NPR yazır.

Göründüyünə görə, Diller striminq şirkətlərinin özlərinə məxsus orjinal məzmun yaratmaq istiqamətindəki bahalı səylərini bəyənmir:

"Bu striminq xidmətləri “film” adlandırdıqları şeylər hazırlayırlar. Bunlar film deyil. Bunlar 100 dəqiqəlik şeylər yaradan əcayib alqoritmik proseslərdir”.

Diller “Walt Disney Studios”un keçmiş direktoru Ceffri Katsenberqin yaratdığı, indi fəaliyyəti dayanmış “Quibi” striminq platformasını “pis ideya” adlandırıb.

O, iri həcmli investisiyası olsa da, şirkətin xidməti öncədən sınaqdan keçirmədiyini vurğulayıb. Son nəticədə “Quibi” ötən ilin dekabrında fəaliyyətini dayandırmalı olub.

Bu ilin yanvar ayında “Quibi” öz aktivlərini - 75 şou və sənədli filmi “Roku”ya satıb. Toplam satış qiymətinin 100 milyon dollardan da az olduğu deyilir.

“Brodvey tamaşalarının prodüserliyi mənə qat-qat yaradıcı görünür”

Diller artıq kino biznesinə heç bir marağı olmadığını, son aylarda diqqətini, əsasən, Brodvey tamaşalarının prodüserliyinə yönəltdiyini deyib: “Bu mənə qat-qat daha yaradıcı görünür”.

1974-1984-cü illərdə “Paramount”, 1984-1992-ci illərdə “20th Century Fox”un rəhəri olmuş Diller 1992-ci ildə QVC telesatış şəbəkəsini 25 milyon dollara satın alıb. 2000-ci illərdə o “Expedia” səyahət xidmətinin, daha sonra interaktiv kommersiya konqlomeratı olan IAC-nin rəhbəri olub. “Tinder”, “UranSpoon” və “The Daily Beast” kimi xidmətlər IAC-yə aiddir.

Diller həm də tanınmış belçikalı geyim dizayneri Dayan fon Fürstenberqin həyat yoldaşıdır.

XS
SM
MD
LG