Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:44

Kiyev yaxınlığında ağır döyüşlər gedir


Kiyevdə dağıdılmış yaşayış binası
Kiyevdə dağıdılmış yaşayış binası

Bayden fevralın 25-də NATO liderləri ilə görüşəcək. Ağ ev bunu Ukraynanın müzakirəsi üçün “fövqəladə virtual sammit” adlandırıb

Fevralın 25-də Ukrayna paytaxtı Kiyev yaxınlığında partlayış səsləri eşidilib, hava həyəcanı çalınıb. Bir gün öncə Rusiya qüvvələri ölkəyə qurudan, dənizdən və havadan hücuma keçiblər.

Ukrayna ordusu Kiyevdən 60 km şimal-qərbdə yerləşən İvankovda ağır döyüşlərin getdiyini bildirir.

“Ən ağırı bu gün olacaq Düşmənin planı tanklarla İvankov və Çernihov cəbhəsini yarıb Kiyevə irəliləməkdir”, – Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşçenko Telegram-da yazıb.

Ukrayna Prezidenti Volodimir Zelenski hücumun ilk günündə 137 dinc sakin və hərbçinin həlak olduğunu bildirib.

Raket zərbələri davam edir

Fevralın 25-nə keçən gecə yayılmış videomüraciətində o, ölənləri “qəhrəmanlar” adlandırıb, 24 saatdan az çəkmiş döyüşlərdə 300-dən çox yaralının olduğunu deyib.

Zelenski Rusiyanın fevralın 25-də səhər saat 4-də raket zərbələrini bərpa etdiyini, amma qoşunların bir çox istiqamətlərdə irəliləməyi dayandırdıqlarını söyləyib.

“Onlar adamları öldürür, dinc şəhərləri hərbi hədəfə çevirirlər. Bu mənfur hərəkət heç vaxt unudulmayacaq”, – Zelenski vurğulayıb.

Prezidenti Odessa regionundakı Zmeyinı adasında sərhədçilərinin hamısının öldürüldüyünü, onların hamısına ölümlərindən sonra “Milli Qəhrəman” adı veriləcəyini deyib.

“Heç kimi görmürəm”

Zelenski Ukrayna silahlı qüvvələrinin itkilərə baxmayaraq, “ölkəni dünyanın ən güclü ölkələrindən birinə qarşı cəsarətlə müdafiə etdiyini” vurğulayıb.

O, ölkəsinin Rusiyaya qarşı müharibədə “tək qaldığını” deyib: “Bizimlə birlikdə savaşmağa kim hazırdır? Heç kimi görmürəm”.

Rusiya işğala fevralın 24-də sübh çağı başlayıb, müxtəlif şəhərlərə və hərbi bazalara raket zərbələri endirib, fərqli istiqamətlərdən əsgər və tank göndərib. Müdafiə nazirinin müavini şərqi Donetsk regionunun hazırda atəş altında olduğunu deyib.

Ukrayna qüvvələri Rusiya ilə müxtəlif cəbhələrdə vuruşur və işlək vəziyyətdə olmayan Çernobıl atom enerjisi zavoduna nəzarəti itiriblər. Vaxtilə burada dünyanın ən ağır nüvə qəzası baş verib.

Sumi, Xarkov, Xerson və Odessada ağır döyüşlər getdiyi bildirilir.

BMT-də iclas xahişi

BMT Ukraynanın qurumun İnsan Haqları Şurasında təcili toplantı xahiş etdiyini bildirib.

Bu xahiş “Rusiyanın Ukrayna ərazisinə hücumu nəticəsində yaranmış çox ağır insan haqları durumuna” cavabdır, Ukraynanın BMT-dəki səfiri Yevgeniya Filipenko şuranın prezidentinə məktubunda yazır.

BMT Şura prezidentinin qurumun 47 üzvü ilə bu xahişi müzakirə edəcəyini deyib. Fevralın 28-də açılacaq əsas illik iclasda təcili debat üçün sadə çoxluğun səsi lazımdır.

Rusiya- Ukrayna müharibəsi genişlənir. İtkilər artır
Gözlə

No media source currently available

0:00 0:14:35 0:00

Sanksiyalar

ABŞ Prezidenti Co Bayden Rusiyaya yeni sanksiyalar açıqlayıb, Putinin “müharibəni seçdiyini”, ölkəsinin də bu hərəkətin fəsadlarına qatlanacağını deyib.

Bayden fevralın 25-də NATO liderləri ilə görüşəcək. Ağ ev bunu Ukraynanın müzakirəsi üçün “fövqəladə virtual sammit” adlandırıb.

Zelenski ABŞ və Qərbi daha sərt sanksiyalara, Rusiyanı SWIFT sistemindən çıxarmağa çağırır. Bu maliyyə şəbəkəsində dünyanın minlərlə bankı birləşib. Bayden isə deyib ki, ABŞ və tərəfdaşları indilik bu addımı atmır, sonradan əlavə sanksiyalar qoyula bilər.

XS
SM
MD
LG