Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:26

Azərbaycanın korrupsiya indeksində mövqeyi bir bal yüksəlib


Dünyanın korrupsiya xəritəsi
Dünyanın korrupsiya xəritəsi

“Beynəlxalq Şəffaflıq” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” 2017-ci il üçün Korrupsiya Qavrama İndeksini (2017 KQİ) təqdim edib.

Bu il Azərbaycan KQİ-də 31 balla 180 ölkə arasında 122-ci sırada yer alıb. Reytinq 0-100 ballıq qiymətləndirmə şkalası əsasında hazırlanıb, 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir.

2016-ci ildə Azərbaycan 30 balla 176 ölkə sırasında 123-ci yeri tutmuşdu. Azərbaycanın 2017 KQİ-də mövqeyi əvvəlki illə müqayisədə bir bal yüksəlib. Qurum son 5 il ərzində Azərbaycanın KQİ-də mövqeyində müsbət dinamika müşahidə olunduğunu, bir pillə irəliləyişi isə ölkədə korrupsiya ilə bağlı ümumi mənzərənin sabit qalmasıyla izah edir.

Hökumət 2017-ci ildə sahibkarlıq fəaliyyətinə əngəl törədən, o cümlədən korrupsiya halları üçün zəmin yaradan bir sıra problemlərin aradan qaldırılması üçün tədbirlər həyata keçirsə də, bu sahədə islahatların miqyasının genişləndirilməsinə ehtiyac var. İqtisadiyyat və dövlət xidmətləri sahələrində islahatlar Azərbaycanın indeksdəki yerinə müsbət təsir etsə də, ölkəmizin KQİ-də mövqeyinin daha da irəliləməsi üçün yaxşı idarəetmənin əsas meyarları – demokratikləşmə və qanunun aliliyi sahələrində islahatların genişləndirilməsi vacibdir. Dövlət vəsaitlərindən səmərəli istifadə edilməsi, şəffaf və hesabatlı fiskal siyasətin formalaşması və ictimai əhəmiyyətli qərarların verilməsi prosesində vətəndaşların iştirak imkanlarının genişləndirilməsi hökumətin korrupsiyayla mübarizə sahəsində siyasətinin səmərəliliyinin artırılmasına töhfə verə bilər”, – açıqlamada vurğulanır.

***

Transparency International təşkilatı ənənəvi illik “Korrupsiyanı Qavrama İndeksi 2017” (Corruption Perceptions Index 2017) hesabatını açıqlayıb.

Yeni hesabat dünya ölkələrinin üçdə ikisinin hələ də korrupsiyanın ağır yükü altında olduğunu göstərir.

Son illərdə açıqlanmış hesabatların təhlili göstərir ki, ayrı-ayrı ölkələrdə korrupsiyanın yüksək olması bu ölkələrdə QHT və media üzərinə hücumlarla əlaqəlidir.

Sayca 25-ci olan illik hesabatda bəzi narahatedici məlumatlar da var. Korrupsiyaya qarşı mübarizə cəhdlərinə baxmayaraq əksər ölkələrdə bu cəhdlərin sürəti az, özü isə zəifdir.

Hesabatda deyilir ki, korrupsiyaya qarşı mübarizənin vaxt tələb etdiyi başadüşülən olsa da, son 6 ildə korrupsiyalı ölkələrin əksəriyyəti bu bəlanın aradan qaldırılmasında çox ləng tərpəniblər.

Bundan da narahatedici meyl budur ki, indeksin nəticələrinə görə korrupsiyanın ən pis göstəriciləri mətbuat və qeyri-hökumət təşkilatlarının çox az müdafiəyə malik olduğu ölkələrdə qeydə alınıb.

180 ölkədə korrupsiyanın qavrama səviyyəsini göstərən indeks cədvəlində ölkələrin sıralanması ekspertlərdən və biznes adamlarından alınmış rəylər əsasında tərtib edilib.

Bu indeksdə korrupsiyanın səviyyəsi sıfırdan 100-dək bal sistemi ilə qiymətləndirilib. Sıfır son dərəcə korrupsiyalı ölkəni, 100 isə ən korrupsiyasız ölkəni göstərir.

Builki indeksə görə, dünya ölkələrinin üçdə ikisinin göstəricisi orta hesabla 43 olmaqla 50-nin altındadır.

Son 6 ildə bir neçə ölkə korrupsiyanın qavranması (CPI) indeksini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bunların sırasında Fil Sümüyü Sahili, Seneqal və Birləşmiş Krallıq da var. Suriya, Yəmən və Avstraliya da daxil bir sıra ölkələrdə isə bu göstərici əhəmiyyətli şəkildə pisləşib.

Builki hesabatda ən yüksək korrupsiyasızlıq göstəriciləri Yeni Zelandiya (89) və Danimarkaya (88) aiddir.

Əksinə ən pis göstəricilərə Suriya (14), Cənubi Sudan (12) və Somali (9) malikdirlər.

Azərbaycan Cənubi Qafqazın “çempionu” olaraq qalır

Regionlara gəldikdə isə ən yaxşı vəziyyət yenə də Qərbi Avropadadır. Burada orta indeks rəqəmi 66-dır. Ən pis korrupsiya göstəriciləri olan regionlar Subsaxara Afrikası (32) və Şərqi Avropa və Mərkəzi Asiyadır (34).

Azərbaycanın da daxil olduğu bu regionda ən yaxşı göstəriciyə ümumi korrupsiya qavraması indeksi cədvəlində 42-ci pilləni tutan Çex Respublikası malikdir. Onun ardınca 46-cı yerdə olan Gürcüstan gəlir.

Qazaxıstan və Moldova ilə birlikdə 122-ci pillədə qərarlaşan Azərbaycan ötən illərdə olduğu kimi builki hesabatda da korrupsiya üzrə Cənubi Qafqazın “çempionu” olaraq qalır. Ermənistan 107-ci yerdədir.

2016-cı ilin indeks cədvəli ilə müqayisədə Azərbaycan bir pillə, Ermənistan 6 pillə yüksələ bilib. Gürcüstan iki pillə geriləyib.

Qalan keçmiş sovet respublikalarının, Rusiyada (135) da daxil hamısı Azərbaycandan daha aşağı pillələri tutub: Ukrayna (130), Qırğızıstan (135) Rusiya (135), Özbəkistan 157, Tacikistan (161) və Türkmənistan (167).

XS
SM
MD
LG