Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:44

Krıma dronlarla hücum olub (Video)


SEvastopol dəniz limanı (Arxiv fotosu)
SEvastopol dəniz limanı (Arxiv fotosu)

Rusiya tərəfindən ilhaq olunmuş Krımda Sevastopolun başçısı Mixail Razvojayev ötən gecə şəhərə dron hücumu barədə məlumat verib:

"Bugün səhər saat 3:30-dan başlayaraq Sevastopola yeni hücum cəhdi edilib. İndiyə olan vəziyyət: bir suüstü dronu dəniz hücumundan müdafiə qüvvələri məhv edib, ikinci dron özü partlayıb. Bütün hadisə xarici dəniz reydində olub, heç bir obyektə ziyan dəyməyib”.

Onun sözlərinə görə hazırda şəhərdə sakitlikdir, lakin “bütün qüvvələr döyüş hazırlığı vəziyyətindədir”.

Krım teleqram kanalları da iddia olunan dron zərbələrinin nəticəsini əks etdirən fotoları dərc edib.

Bir sıra sahil binalarında pəncərə şüşələrinin sındığı xəbər verilir.

Partlayışların Naximov məktəbi və Streletsk buxtası yaxınlığında yerləşən hərbi hissələr tərəfdən eşidildiyi bildirilir. Həmçinin bu ərazidə zenit toplarının və atıcı silahların səsləri eşidilib.

AzadlıqRadiosunun verdiyi xəbərə görə Sevastopolun mərkəzi hissəsində partlayışa bənzər səslər qeydə alınıb. Səslər zəif və qarışıq olub. Raketlər üçün xarakterik səslər qeydə alınmayıb.

Interfax agentliyi yol-nəqliyyat infrastrukturu müdirliyinə istinadla dəniz nəqliyyatının hərəkətinin dayandığını bildirirdi. Dayanmanın səbəbləri barədə məlumat verilmir. Daha sonra hərəkət bərpa olunub.

AzadlıqRadiosu yazır ki, ilhaq edilmiş Krımda demək olar, hər gün partlayış səsləri eşidilir.

Rusiya hakimiyyət orqanları bunu “Ukrayna dronlarının” vurulması və hava hücumundan müdafiə sistemlərinin işi ilə izah edir.

Moskva yaxınlığında dron tapılıb

Aprelin 24-də habelə Moskva vilayətində, Noginsk şəhəri yaxınlığında partlayıcılarla dolu dron aşkar edilib.

Bu barədə məlumatı TASS dövlət xəbər agentliyi güc strukturlarına istinadla yayıb.

Baza və Shot teleqram kanallarının məlumatına görə dronu meşədə evinin 300 metrliyində Zarya bağçılıq təsərrüfatının bir sakini aşkar edib.

Qadın bunun nəsə bir oyuncaq olduğunu düşünüb və fotolarını bağçılıq təsərrüfatının internet çatında dərc edib. Yalnız bu zaman çat istifadəçilərindən biri polisə zəng edib.

Teleqram kanallarında iddia edilir ki, söhbət Ukrayna istehsalı UJ-22 hava dronundan gedir. Dronun içərisində hər birində 570 qram C4 partlayıcı maddəsi olan 30 briket var. Partlayıcı maddənin ümumi çəkisi 17 kiloqramdır. Belə dronlar 800 kilometrədək məsafəni qət edə bilir.

Media xəbərlərində dronun meşəyə düşməsinin səbəbi kimi yanacağının qurtarması göstərilir.

Dronun haradan buraxılması məlum deyil.

Buna bənzər dron fevralın 28-də Moskva yaxınlığında “Gazprom”un Kolomensk rayonundakı kompressor stansiyasının yanında aşkar olunmuşdu.

Ukrayna tərəfi Rusiyanın hərbi obyektlərini legitim hədəf hesab etdiyini bildirsə də, dronlarla bağlı insidentləri şərh etmir. Kiyev dəniz dronlarının hücumu barədə xəbəri də hələ ki, şərh etməyib.

XS
SM
MD
LG