Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:40

Mollakəndə yol çəkildi, amma yol dərdi bitmədi


Yol tikintisi. Foto arxiv
Yol tikintisi. Foto arxiv

«3 il əvvəl yolda əsaslı təmir işləri aparıldı. Heç bir il keçmədi, yol dağıldı. Niyə? Ona görə ki, yolun təmirinə ayrılmış vəsaitin böyük hissəsini qatlayıb ciblərinə yığdılar... İşi də keyfiyyətsiz gördülər».

Kürdəmirin Mollakənd sakinləri AzadlıqRadiosuna göndərdikləri məktubda öz suallarını özləri də cavablayıblar.

«ÜÇ İLƏ ÇƏKİLƏN YOL CADAR-CADARDIR»

Təbii sual doğur ki, mollakəndlilərin yol problemi niyə çözülmür? Kənd sakini Zaur Hacıyevin sözlərinə görə, bütövlükdə 43 kilometr olan Zərdab-Mollakənd yolunun təmiri Zərdaba düşən tərəfdəki 26 kilometrlik bölümdən başlanıb və ardından Mollakənd yolunda iş görülüb. Ümumilikdə bu yola ayrılan vəsait mənimsənildiyindən, işlər keyfiyyət tələblərinə cavab verməyib:

«Yolu «Azəravtoyol» ASC-nin 71 saylı Yol İstismar İdarəsi təmir edib. Gəlin, görün, 3 ilə çəkilən yol necə cadar-cadar olub. Çəkilən yoldan əsər-əlamət qalmayıb. Keyfiyyətsiz material, ucuz və səriştəsiz fəhlə qüvvəsinin gördüyü iş bundan artıq ola bilməzdi. Pul bizim cibimizdən büdcəyə yığılır, oradan da yol təmiri adıyla ayrı-ayrı məmurların cibinə gedir».

«YOL ÇƏKİLƏNDƏ ÇOX SEVİNDİK...»

Sakinlər bildirirlər ki, yararsız hala düşən yolda çuxurlar törəndiyindən qəzalar da qaçılmaz olur.

Kənd sakini Nadir Quliyev də qısa müddətdə yolun bərbad vəziyyətə düşməsindən təəccübünü gizlətmir:

«Zərdabdan kəndimizə yol çəkiləndə o qədər sevindik... Çox əziyyət çəkirdik. Bu kəndlə Zərdabı təsərrüfatlar da bağlayır, bir çox sosial məsələ də. Belə görünür, yenə o günlərə qayıtmaq üzrəyik».

YOL İDARƏSİ: «VƏZİYYƏT SAKİNLƏRİN DEDİYİ KİMİ KRİTİK DEYİL»

71 saylı Yol İstismar İdarəsindən «Qaynar xətt»ə bildirilib ki, yolun bərbad durumu ağırtonnajlı avtomobillərin hərəkətindən qaynaqlanıb:

«Məhsul yığımı vaxtı həmin yolda daha çox müxtəlif kənd təsərrüfatı texnikası hərəkət edir. Ağır texnikanın təsirindən yol dağılır. Ancaq o yolda vəziyyət sakinlərin dediyi kimi kritik deyil. Yoldur, istifadə olduqca dağılacaq da, düzələcək də... Hansısa hissəsində nasazlıq yarananda təmir olunur».

İdarədən bunu da bildiriblər ki, 2010-cu ildən başlanan təmir işləri yolun Zərdab hissəsində 2013-cü ildə, qalan hissəsi isə sonrakı illərdə başa çatıb. Yol 16 kəndin toplam, azı, 20 min sakininin rahatlığını təmin edir və yerli iqtisadiyyata müsbət təsir göstərir. Dövlət vəsaiti hesabına gerçəkləşdirilən işlər həm də Zərdab və Kürdəmir rayonları sakinlərinin rahat və birbaşa əlaqələrinə imkan yaradıb.

XS
SM
MD
LG