Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:43

Rusiya Kursk vilayətində fövqəladə vəziyyət elan edib


Rusiya Fövqəladə Hallar Xidmətinin əməkdaşları Oryol stansiyasında Kurskdan təxliyə olunanları qəbul edirlər
Rusiya Fövqəladə Hallar Xidmətinin əməkdaşları Oryol stansiyasında Kurskdan təxliyə olunanları qəbul edirlər

Rusiya avqustun 9-da Kursk vilayətində federal səviyyədə fövqəladə vəziyyət elan edib.

Artıq 4-cü gündür ki, Ukrayna silahlı qüvvələrinin hərbçiləri vilayətə müdaxilə ediblər.

Rusiya Müdafiə Nazirliyi bu müdaxiləyə cavab olaraq regiona Qrad zenit-raket qurğuları da daxil əlavə qüvvələr göndərildiyini bildirib.

Dövlət mediasının dərc etdiyi videolarda Rusiya hərbi qüvvələrinin Kursk vilayətinə gətirildiyi görünür.

Ukrayna hərbçilərinin sərhəd üzərindən həyata keçirdikləri əməliyyat Vladimir Putin Ukraynada tammiqyaslı müharibəyə başlayandan bəri Rusiya torpağına edilmiş ən böyük hücum sayılır.

Bu da xəbər verilir ki, əməliyyatda iştirak edən Ukrayna hərbçilərinin sayı da daxil, bir çox məsələlər qaranlıq qalır. Rusiya tərəfi Kurska 1000-dək Ukrayna hərbçisinin və onlarca zirehli hərbi texnikanın daxil olduğunu iddia edir.

Lipetsk hərbi aerodromunda yanğın

Rusiya hərbi blogerlərinin yazdığına görə Ukrayna hərbçiləri avqustun 6-da müdaxilə başlanandan bəri Kursk vilayətinin 600 kvadrat kilometrlik sahəsinə və 20-dək yaşayış məntəqəsinə nəzarət edirlər.

Ukrayna rəsmiləri Kursk vilayətində keçirilən əməliyyatı şərh etmirlər. Bununla belə prezident Volodimir Zelenski avqustun 8-də, ənənəvi axşam müraciətində deyib ki, Rusiya başladığı müdaxilənin nəticələrini hiss etməlidir:

"Rusiya bizim torpağımıza müharibə gətirib və nə etdiyinin nəticələrini hiss etməlidir”.

Bu arada Ukrayna hərbçiləri bildiriblər ki, Rusiyanın cənubundakı Lipetsk vilayətində aerodroma zərbə endirilib və aviasiya mərmilərinin anbarına ziyan vurulub.

Kiyev hərbiyyəsinin teleqram kanalında bildirilir ki, aerodrom ərazisində böyük yanğın baş verib.

Məlumatda deyilir ki, zərbə vaxtı aerodromda Su-34, Su-35 və MiG-31 hərbi təyyarələri olub.

Sosial mediada dolaşan dəhşətli videolar

Bundan bir qədər əvvəl TASS xəbər agentliyi də daxil Rusiya mediası Lipetskdəki hərbi aerodromda yanğın baş verməsi barədə məlumat yaymışdılar. Lakin bu məlumatlarda yanğının səbəbləri açıqlanmırdı.

Regional qubernator İqor Artamonov sosial mediada bildirib ki, Lipetsk “kütləvi dron hücumuna məruz qalıb”.

O yerli elektrik stansiyasına ziyan dəydiyini və 6 nəfərin xəsarət aldığını bildirirdi.

Qubernator bir neçə saatdan sonra bildirib ki, Lipetskdə fövqəladə vəziyyət elan edilib və Lipetsk şəhəri ətrafındakı dörd yaşayış məntəqəsinin əhalisi evakuasiya ediləcək.

Bəzi təsdiq olunmamış məlumatlara görə Kursk regionuna gələn Rusiya hərbi maşın karvanı məhv edilib.

Sosial media şəbəkələrində yayılan videolarda Rılsk şəhəri yaxınlığındakı yol kənarında çox sayda yanmış hərbi texnika görünür. Videoda habelə maşınların yüklüyündə Rusiya əsgərlərinin üst-üstə qalaqlanmış meyitlərini görmək mümkündür.

Rusiyanın Mash teleqram kanalının yazdığına görə bu videonun müəlliflərindən biri FTX tərəfindən saxlanıb. İddia olunur ki, Oktyabrskoye kəndinin 48 yaşlı sakini dindirmə zamanı çəkdiyi videoları ukraynalılara göndərdiyini deyib.

XS
SM
MD
LG