Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:42

Maşını əzilib, özü xəstəxanaya düşüb, amma...


Lənkəran, Elməddin Muradov
Lənkəran, Elməddin Muradov

Lənkəran rayon sakini Elməddin Muradov bu il aprelin 30-u maşında qəzaya düşüb. Həm idarə etdiyi “Meresdes Benz-200” markalı maşını əzilib, həm də özü xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Baş istintaq və Təhqiqat İdarəsinin müstəntiqi Şahin Osmanovun tərtib etdiyi sənədin qərar hissəsində qeyd edilir ki, ”Qəza törədən Amil Yusif oğlu Yusifov İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilsin .”

Qəza ilə bağlı sənədlər toplanaraq “Azsığorta” şirkətinə təqdim olunub.

Elməddin Muradov deyir ki, sığorta təşkilatı ona 5 min manat dəyərində zərər müəyyənləşdirib:

Sığorta pulu ödənməyib

“Mən maşınımı “Azsığorta” şirkətində sığorta etmişəm. Qəza törədən şəxs də maşınını sığorta edib. İcbari sığorta haqqında qanuna görə, sənədlərin təqdim edildiyi və ya alındığı tarixdən 7 iş günündən gec olmayaraq vəsait ödənməlidir. İlk vaxtlarda pulun ödəniləcəyini deyirdilər. 1-2 ay gözlədik, gördük ki, pul ödənmir.”

Onun deməsinə görə qəzadan sonra bir müddət müalicə alıb:

“Pul vermirsinizsə maşını özünüz təmir edin”

“İndi bir qədər sağalmışam. Ancaq ümumi zəiflik hiss edirəm. Qəzaya düşmüş maşınım isə həyətdədir. Sığorta təşkilatına rəsmi qaydada bir neçə dəfə müraciət etmişəm. Demişəm ki, pul vermirsinizsə maşını özünüz təmir edin. Hər dəfə eyni cavablar verilir. Həmin cavabdan heç nə başa düşmək olmur.”

Elməddin Muradovun nümayəndəsi Nahid Məmmədov deyir ki, sığorta təşkilatının qaldırdığı məsələ inzibatı orqanların işidir:

Nihad Məmmədov
Nihad Məmmədov

”Sürücülük vəsiqəsini ortaya atırlar, guya saxtadır. Elməddin Muradov sürücülük vəsiqəsini Rusiyada alıb. ”İcbari sığortalar haqqında” qanunun 58.1 maddəsinə görə, sürücülük vəsiqəsi tələb oluna bilər. Lakin orda sürücülük vəsiqəsinə görə sığortanın ödənilməməsi barədə heç nə deyilmir. Əslində zərərçəkmiş şəxsdən sürücülük vəsiqəsi tələb olunmur. Tutaq ki, belədir, hadisə zamanı maşında xəsarət alanların nə günahı var? Zərərçəkmiş digər şəxslərə də ödəniş edilməlidir. Mən belə hesab edirəm ki, bunlar hamısı bəhanədir. Sığorta təşkilatı öhdəsinə düşən vəzifəni yerinə yetirmək istəmir.”

İş məhkəmədədir

Onun deməsinə görə, sığorta təşkilatı onları məhkəməyə də verib:

“Lənkəran Rayon Məhkəməsi onların ərizəsini rədd edib. Biz Yasamal Rayon Məhkəməsinə müraciət etmişik. Məhkəməni gözləyirik.”

Məsələ ilə bağlı “Azsığorta” ASC-yə verdiyimiz sorğuya indiyə kimi cavab almamışıq.

“Azsığorta” şirkəti nə deyir?

Foto: arxiv
Foto: arxiv

“Azsığorta” idarə heyətin sədri Anar Talıbov-un imzası ilə Elməddin Muradova ünvanlanmş məktubda hadisə ilə bağlı məlumat verilir. Məktubda qeyd edilir ki,” Azsığorta” şirkətinin Lənkəran Filialının qəza komissarı Ramil Kərimov yoxlama aparıb.

“Sürücülərin şəxsiyyət vəsiqələri, sürücülük vəsiqələri, avtomobillərin texniki pasportları, “İcbari sığortalar haqqında” Azərbaycan respublikasının qanunun 17-ci maddəsində göstərilən və sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər toplanıb”-məktubda bildirilir.

Məktubda yazılır ki, bəzi sənədlərdə saxtakarlıq müəyyən ediblər.

“Aşkar olunmuş cinayət əməlinə əsasən cinayət işinin başlanması üçün ilkin yoxlama aparılması Lənkəran Rayon Polis Şöbəsindən xahiş edilir. Odur ki, xahiş edirik nəzərə alasınız.”

Nahid Məmmədov isə deyir ki, belə bir araşdırmanın aparılması barədə onlarda məlumat yoxdur. Araşdırmanın aparılmasından asılı olmayaraq sığorta haqqı ödənməlidir. O qeyd edir ki, hadisədən 8 ay keçir. Bu vaxt ərzində yoxlama da başa çatmalı idi.

Günahkar böhrandır?

Məsələ ilə yaxından tanış olan hüquqşünas Sədrəddin Kazımov isə hesab edir ki, son sözü məhkəmə deməlidir:

“Son zamanlar belə hallara çox rast gəlinir. Sığorta təşkilatları pul ödəməkdən imtina edirlər. Qanunlarda və sənədlərdə bütün hallar nəzərə alınıb. Bəhanə gətirirlər, təki pul ödəməsinlər. Ola bilər ki, bu böhranla bağlıdır”.

XS
SM
MD
LG