Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:50

Məhbus anası: 'Oğlum bahalığa etiraz etdiyinə görə cəzalandırılıb'


Həbsxana
Həbsxana

13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan məhkum Bəhruz Əliyevin anası Yeganə Əliyeva deyir ki, oğlu oradakı haqsızlıqlara etiraz etdiyinə görə cəzalandırılır. Bu barədə AzadlıqRadiosuna danışan ana iddia edir ki, müəssisənin rəisi Çingiz Yunisov hər fürsətdə Bəhruzu incidir:

"Bu rəis keçən ilin mayında gəlib. Əvvəlki rəis də sərt adam idi, amma qanunpərəst idi. Bu gələndən oradakılara əziyyət verir. Oğlum zülm çəkir. Heç bir səbəb olmadan cəzalandırır. Orada nə istəyir eləyir, buna etiraz edən məhbusun başına oyun açır".

"Bu yaşımda türmənin qarşısında özümü öldürüm?"

Y.Əliyeva bildirir ki, həftədə iki dəfə məhbusların telefonla danışmaq hüququ var. Amma son vaxtlar oğlunun bu hüququ da məhdudlaşdırılıb, evlə əlaqə saxlaya bilmir. Oğlunun durumundan narahat olduğunu, onunla heç cür əlaqə saxlaya bilmədiklərini vurğulayan ananın sözlərinə görə, Bəhruzun səhhətində də ciddi problemlər var: "Astma xəstəsidir. Elə xəstəliyinə görə də ailə qurmamışdı. İynə-dərmanla yaşayan adamdır, onu da çatdıra bilmirik. Bu xəstə adamdan nə istəyirlər, bilmirəm. 61 yaşım var, bu vaxtımda gedim türmənin qarşısında özümü öldürüm?".

Anası deyir ki, 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan başqa məhbusların yaxınlarından oğlunun cəzalandırıldığını, bu üzdən ailə üzvləriylə əlaqə saxlaya bilmədiyini öyrənib. Onların iddiasına görə, cəzalanmasına müəssisə daxilindəki ticarət köşklərində bahalığa etiraz etməsi səbəb olub.

Koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində martın 6-dan Azərbaycanda həbs yerlərində saxlanılan şəxslərə sovqat çatdırılması və görüşlər qadağan olunub. Y.Əliyevanın sözlərinə görə, müəssisənin yeməkləri çox keyfiyyətsiz olduğundan məhbuslar yaxınlarının göndərdiyi vəsait hesabına oradakı ticarət köşklərindən qida məhsulları və başqa zəruri vasitələri alırlar: "Mən də pul göndərirdim. Amma pulu çatdırmaq olmur axı. Çox bahalıqdır. Dükan yumurtasının bir dənəsi 25 qəpik, bir toyuq 10 manat... Buna pul çatdırmaq olar? Bəhruz rəisə deyib ki, nə olar, bir az qiyməti aşağı salsınlar, adamlar da ala bilsin. Bir də, oğluma orada nərd düzəldiblər, onu əlindən alıblar".

"Onun heç bir problemi yoxdur"

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə AzadlıqRadiosuna açıqlamasında Y.Əliyevanın dediklərinin həqiqətəuyğun olmadığını söyləyib. Şöbə rəisinin sözlərinə görə, B.Əliyevə müəssisədə problem yaradılmır: "O məhkumun heç bir problemi yoxdur".

Qiymətlərin bahalığına gəlincə, M.Sadıqov bu iddianı da təkzib edib: "Bahalıqdan söhbət gedə bilməz. Cəzaçəkmə müəssisələrinin daxilindəki ticarət köşklərində ödəniş nağdsız həyata keçirilir. Məhkumlar hesablarındakı vəsaitlə ödəyirlər".

Y.Əliyeva oğlunun bundan öncə fevralın 9-da keçirilən parlament seçkiləri zamanı səsvermədə iştirak etmədiyinə görə də cəzalandırıldığını bildirmişdi.

Mərhum prezident Heydər Əliyevin heykəlinə şüar yazdıqdan sonra narkotik ittihamıyla həbs olunan gənc fəal Bayram Məmmədov da 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılıb. O da ötən ilin yayında mediaya açıqlamasında iddia edirdi ki, müəssisədə rəis dəyişikliyindən sonra məhbuslara qarşı işgəncə halları artıb: "Əmr edib məhbusları yerə uzadaraq dəyənəklə döydürür, bunu da telefonuna çəkir".

O zaman da Penitensiar Xidmət bu iddiaların yalan olduğunu bəyan etmişdi: "Bütün penitensiar müəssisələrdə məhbusların hüquqları təmin edilir və bu proses rəhbərliyin nəzarəti altındadır".

Xatırlatma

"Neytral" İnformasiya Agentliyinin (nia.az) təsisçisi olan Bəhruz Əliyev 2018-ci ilin mayında həbs olunub. O, CM-in 311-ci (rüşvət alma) maddəsi ilə 8 il 6 ay azadlıqdan məhrum edilib. İddia olunur ki, B.Əliyev müxtəlif adamları onları rüsvay edən məlumatlar yaymaqla hədələyib, pul alıb.

Amma anası bu ittihamı rədd edir. İddia edir ki, oğlu yüksəkvəzifəli şəxslər, o cümlədən, SOCAR prezidenti Rövnəq Abdullayev, prezidentin keçmiş köməkçisi Əli Həsənov haqqında yazılara görə cəzalandırılıb: "Hətta biz məhkəməyə Əli Həsənovun köməkçisi Cəmaləddin Quliyevin Bəhruzla danışığının səs yazısını da təqdim etmişik. Oradan hər şey aydın olur".

B.Əliyevin işi hazırda Ali Məhkəmədədir.

Azərbaycan rəsmiləri isə ölkədə tənqidlərə görə heç kimin cəzalandırılmadığını bəyan edir.

XS
SM
MD
LG