Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:29

Ekspert: 'Sxem sadədir - əhali dolları satır, yığılan dollar...'


NBCbank-da valyuta kursları. 09fev2016
NBCbank-da valyuta kursları. 09fev2016

Son gönlər manatın dollara nisbətdə dəyər qazanmasını müstəqil ekspertlərin çoxu onun «üzməyə başlaması»na deyil, inzibati amilə bağlayır və prosesin uzun sürməyəcəyinə də diqqət çəkir.

İqtisadçı ekspert Qulu İbrahimli məsələyə fərqli yanaşır. O da başqaları kimi manatın güclənməsini süni sayır, amma bunun arxasında «Azərbaycan Beynəlxalq Bankı» amilinin dayandığını düşünür. Ekspert kəskin qalxma və enmə ilə müşayiət olunan məzənnəni isə «ABB sindromlu məzənnə rejimi» adlandırır.

*Youtube Kanalımıza abunə olun - hər gün yeni videolar, sorğular, reportajlar izləyin

Ekspert: «Sxem sadədir - əhali dolları satır, yığılan dollar ABB-yə verilir»

«Manatın indi bahalaşdırılması da ABB ilə bağlı siyasətdən qaynaqlanır. Məqsəd - ajiotaj yaratmaqla, vətəndaş və sahibkarları əl və hesablarındakı dollar vəsaitini kütləvi şəkildə satmağa vadar etmək və həmin valyutanı ABB-yə yönəltməkdir», iqtisadçı belə düşünür.

Buna da bax:​ 'Əhalini əlindəki dolları satmağa sövq edirlər'

Bəs dollar niyə məhz indi sürətlə dəyər itirir? Q. İbrahimlinin fikrincə, bu, Dövlət Neft Fondunun (DNF-nin) ötən il ABB-yə 1 milyard ABŞ dolları məbləğində depozitinin geri ödəmə vaxtının yaxınlaşması ilə bağlıdır. Hərəsi 500 milyon dollar olmaqla, depozit bu ilin mart, aprel və may aylarında DNF-yə geri qaytarılmalıdır.

Yeri gəlmişkən, depozit müddətinin uzadılacağı ehtimal olunsa da, DNF-nin rəhbəri Şahmar Mövsümov mediaya müsahibəsində ABB-nin belə bir müraciət etmədiyini bildirib.

Buna da bax: Banklar dolların kursunu sürətlə salır

Hökumətin «bir daşla iki quş vurmaq» siyasəti

Ekspert düşünür ki, hökumət əhalinin əlindəki valyuta hesabına ABB problemini çözmək istəyir: «İndi manatı inzibati yolla bahalaşdırmaqla süni ajiotaj yaradılır, vətəndaş və sahibkarların xarici valyuta vəsaitləri ucuz qiymətə əllərindən çıxarılır. Valyuta bazarından yığılan həmin vəsait ABB-nin DNF-yə olan 500 milyon dollar valyuta borcunun mart ayındakı qaytarılmasına yönəldilir. Bəs DNF bu pulu nə edəcək? Bu fond da dolları Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında transfert öhdəliyinə yönəldəcək. Pul AMB-də də qalmayacaq. Mərkəzi Bank onu yenidən ABB-yə verəcək».

İqtisadçı deyir ki, hökumət « bir daşla iki quş vurmaq» niyyətindədir.

Buna da bax:​ Manat kəskin bahalaşdı

Proqnoz: “Aprelədək manat baha olacaq”

AMB-nin bu ilin birinci yarısında ABB-yə xarici borcları üçün əlavə 3 milyard dollar ayırması nəzərdə tutulur. Beləcə, Beynəlxalq Bankın fəaliyyətini sağlamlaşdırmaq hədəflənir.

Qulu İbrahimlinin fikrincə, neft kəskin ucuzlaşmasa, ABB-nin DNF-yə borcunun sonuncu hissəsinin may ayında qaytarılmasını təmin etmək üçün hökumət bu ilin aprelinədək manatı baha saxlamalı olacaq. Manatın məzənnəsi ətrafında son ajiotaj nəticəsində əhalidən nə qədər dollar yığılacağı isə bir başqa sualdır.

Buna da bax: Ekspert: 'Manat tezliklə düşəcək...'

Bir çox ekspertlər düşünürlər ki, kəskin məzənnə dəyişmələrindən narahat vətəndaşlar vəsaitlərini qorumaq üçün onu xarici valyutada saxlamağa üstünlük verirlər.

XS
SM
MD
LG