Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:37

ABŞ səfirinin qıcıq yaradan bircə cümləsi. 'Novorçu'lar niyə indi hədəfə alınır


Səfir Mark Libbi
Səfir Mark Libbi

Hər həftəsonu həftə boyunca ölkədə baş verənlərə nəzər salır, AzadlıqRadiosunun işıqlandırdığı mövzuların icmalını diqqətinizə çatdırırıq.

Bu həftə ABŞ-ın Bakıdakı səfirini niyə hakimiyyət mediasının hədəfinə tuş gəlməsindən, müharibə əleyhdarlarına təzyiqlərdən danışırıq.

"Demokratiya", "insan haqları" sözləri yasaqlanıb?

Həftənin əvvəlində bəzi hökumətyönlü media qurumları ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbini ötən həftə İctimai Televiziyaya müsahibəsinə görə tənqid atəşinə tutdu, səfiri qeyri-səmimilikdə, suallardan yayınmaqda ittiham etdi. İlk baxışda görünən odur ki, səfirin peşəsinə uyğun davranaraq bəzi sualları konkret cavablandırmaması hökumət mediasını qıcıqlandırıb. Məsələn, sual olunur ki, niyə səfir Vaşinqtonun Ermənistanı silahlandırmamasına dair dəlil göstərmədi, yaxud niyə Azərbaycanla sülh sazişinə əsas əngəl sayılan konstitusiya dəyişikliyindən ötrü Yerevana təzyiq göstərmir?

Hakimiyyətin başqa bir ruporu isə iddia edib ki, Qərb ölkələrinin Azərbaycandakı səfirliklərinin fəaliyyətində ölkənin daxili işlərinə müdaxilə meyli hiss olunur.

Görəsən, səfir Libbinin müsahibəsi niyə qıcıq yaradıb? 46 dəqiqəlik müsahibə boyunca aparıcı Azərbaycanla ABŞ arasında münasibətləri əhatələyən suallar verir, sonra keçid alır enerji sahəsində əlaqələrə. İlk 35 dəqiqədə aparıcı, bircə dəfə də olsun, ölkədə insan haqlarının durumuna toxunmur. Bu zaman səfir M.Libbi özü dilə gəlir. ABŞ-nin Azərbaycana yardımını qadağan edən "907-ci düzəliş"in birdəfəlik ləğvi ilə bağlı suala onun cavabı belə olur: "Mənə elə gəlir ki, ABŞ-Azərbaycan münasibətlərində əsas problem insan hüquqları, jurnalistlərin həbsi, QHT, vətəndaş cəmiyyətinə qarşı münasibətdir. Siz "907-ci düzəliş"i qeyd edə bilərsiz, mən qeyd edərdim ki, bu insan hüquqlarıdır... "907-ci düzəliş" münasibətlərin yalnız bir hissəsidir".

Beləliklə, 46 dəqiqəlik müsahibə boyunca demokratiya, insan haqları barədə heç bircə dəqiqə də müzakirə getmir. Və bundan sonra aparıcı vaxtın azlığını əsas gətirərək digər suallara keçid alır, heç səfirin qaldırdığı məsələ barədə, necə deyərlər, qonağa meydan oxumur, əks-arqument gətirmir və s.

Bəs, ictimai televiziya və radio yayımının məqsədi həm də söz və fikir azadlığını təmin etmək deyildimi?

Görünür, hakimiyyət nəinki ölkədə insan hüquq və azadlıqların durumu barədə tənqidləri rədd edir, fərqli fikirlərə yer verməli olan media orqanlarında bu ifadələrin səslənməsinə belə dözümsüz yanaşır. Tənqidçilər bu yanaşmanı hakimiyyətin, özəlliklə də Ermənistanla sülh danışıqları getdiyi bir vaxtda Qərbə maksimum təzyiq göstərmək niyyəti kimi yozurlar. Rəsmi Bakı təkcə ölkədə narazıları susdurmur, eyni zamanda, Rusiya, İran, Çin kimi avtoritar rejimlərlə əlaqələrini dərinləşdirir, BRICS təşkilatına üzvlük üçün müraciət edir və s.

ABŞ səfiri M.Libbi sonuncu dəfə mayın 3-də Mətbuat Azadlığı Günündə bir qrup müstəqil media təmsilçisi ilə görüşündə ölkədəki həbslərlə bağlı belə deyirdi: "Düşünürəm ki, bu, müstəqil medianı susdurmaq üçün edilir və düşünürəm ki, bu, səhv addımdır".

Ümumi həbs dalğasının tərkib hissəsi

Bu arada ölkədə "novorçu"lar (no war) adlanan müharibə əleyhdarlarına təzyiqlər güclənir. Avqustun 23-də dövlətə xəyanət ittihamı ilə barəsində həbs-qətimkan tədbiri seçilmiş Bəhruz Səmədova qarşı cinayət işi ilə əlaqədar dindirmələr davam edir. İctimai fəallar Səməd ŞıxıCavid Ağa başqa ölkəyə gedərkən aeroportda onlarla əlaqə kəsilib, bir neçə saatdan, bəzən bir gündən sonra dindirmədən çıxıblar. Fəallar əlavə açıqlama verməyiblər.

B.Səmədovun nənəsi deyir ki, nəvəsi ildə iki-üç dəfə ona baş çəkməyə gəlirdi. Bəs, Bakının ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələnmiş 2020-ci il Qarabağ müharibəsi, 2023-cü ildə birgünlük hərbi əməliyyatlarına qarşı fikir bildirənlərə təzyiq niyə indi güclənir?

AzadlıqRadiosuna danışan təhlilçilər bunu ölkədəki ümumi həbs dalğasının bir hissəsi kimi görürlər. Bakı Tədqiqatlar İnstitutunun rəhbəri, tarixçi Altay Göyüşov bu dəfə məhz müharibə əleyhdarlarının hədəfə alındığını vurğulayır: "Çünki faktiki ölkədə vətəndaş cəmiyyətini, aktivistləri, müstəqil media təmsilçilərini qrup şəklində tutublar, indi də bu qrupu hədəfə alıblar. Təbii ki, hökumət bu qrupdan, onun fəaliyyətindən razı deyildi. Çünki öz nəzarətindən kənarda hansısa ictimai aktivliyin olmasını istəmir".

Ötən ilin noyabrından bəri təxminən 20 jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə saxlanılıb. Onlar ittihamları siyasi motivli sayırlar. Hazırda insan haqları təşkilatları ölkədə azı 300 siyasi məhbusun olduğunu deyirlər. Elə bu həftə açıqlanmış yeni hesabatda onların sayının azı 100 nəfər artdığı bildirilir.

Hakimiyyət ölkədə siyasi həbslərin olmadığını deyir. Amma görünən odur ki, tənqidi fikirlərini çəkinmədən dilə gətirən fəallar, məmurların korrupsiyasını ifşa edən jurnalistlər hədəfə gəlir.

Almaniyalı deputat: 'Azərbaycan Avropa Şurasının üzvü olmaq istəmir'
Gözlə

No media source currently available

0:00 0:17:20 0:00

AŞPA-nın "arzuolunmaz" üzvləri

Bu həftə XİN bu ilin yanvarında AŞPA-da Azərbaycana qarşı səs vermiş deputatları persona-non-qrata elan etdi. Bu qərar AŞPA üzvü Frank Şvabenin AzadlıqRadiosuna müsahibəsindən sonra açıqlandı. F.Şvabe Azərbaycanın keçmiş SSRİ-yə oxşar diktatura olduğunu deyirdi.

AŞPA prezidenti də XİN-in qərarına münasibət bildirərək dedi ki, bu, Azərbaycanın Avropa Şurasında mövqeyini yalnız çətinləşdirir.

XİN-dən verilən açıqlamaya görə, AŞPA müşahidəçiləri parlament seçkilərini müşahidə etməyə ona görə dəvət olunmayıblar ki, Almaniya rəsmiləri daxil olmaqla Azərbaycana verilən siyasi vədlərə baxmayaraq, nümayəndə heyətinin mandatı hələ də bərpa edilməyib. Söhbət hansı vədlərdən gedir? Almaniya hökuməti, hələlik, bu məsələni şərh etməyib.

Gələn həftə

Avqustun 30-da seçki təşviqatı bitdi. Bəzi namizədlərin sosial şəbəkələrdə təbliğatı diqqətçəkən oldu. AzadlıqRadiosu gələn həftə bu barədə reportajını sizlərə təqdim edəcək.

Bu həftə bir namizədin seçki tədbirinə buraxılmayan müstəqil jurnalistlərə "AzadlıqRadiosunun Azərbaycanda fəaliyyəti qadağan edilib" deyildi. Azərbaycanda AzadlıqRadiosunun fəaliyyəti qadağan edilməyib, 2014-cü ilin dekabrında ofisi qapadılıb, barəsində cinayət işi açılıb, əməkdaşları dindirilib. 2017-ci ildə vebsaytı daha bir neçə müstəqil xəbər saytı ilə birlikdə bloklanıb. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu il iyunun 13-də açıqladığı qərarda bunu ifadə azadlığı hüququnun pozuntusu kimi tanıyıb.

AzadlıqRadiosu bazar günü - sentyabrın 1-də növbədənkənar parlament seçkilərini əlində olan bütün mümkün vasitələrlə işıqlandıracaq. Gün ərzində dörd dəfə canlı yayımla görüşünüzə gələcəyik. Bizi izləyin.

XS
SM
MD
LG